Nəzrin Eyvazova :
Müharibə
14.01.2021 09:37
738

Nəzrin Eyvazova : "Unutmayaq: Xanlıqların igid oğlu - Qismət Həməşəyev" - FOTO

Sən də mi, Qismət ? Daha iki ay öncə toyunu təbrik edərkən ağlıma gəlməzdi ki, nə vaxtsa şəhid xəbərini eşidəcəm.


Səni ən son gördüyümdə: "Məni aparacaqlar, sən qorxma, biz sizi qoruyarıq" demişdin. Sən bizi qorudun, həm də canını fəda edərək qorudun, Qismət! Kəlimələrim yetərsiz qalır, nitqim söz tutmur daha! Sizə qıyan əllər qırılsın! Siz bizim uşaqlıq xatirələrimizlə dolu anları idiniz. Hələ də dünən kimi yadımdadır, kəndimizin Böyük Vətən müharibəsində həlak olan ömrü yarımçıq qırılmış bir övladının adını daşıyan o bulağa - Firudin bulağına bərabər gedib su gətirməyimiz, o səfalı yerlərimiz... İndi o bulaq da, o səfalı yerlər də səni soraqlayır, Qismət! Bu qədər çoxmu sevdin o yerləri, bu torpağı? Qaça-qaça gəlib onu "qucaqladın", o məkanda özünə yeni "ev tikdin".


Axı, yenicə ailə qurduğun o isti yuvanın - bəzəkli mənzilinin heç qırmızı lenti açılmamışdı, solmamışdı... Gözü yollara dikilən istəklini, ömrünü səni böyütməyə, ev-eşik etməyə həsr etmiş cəfakeş ananı kimin ümidinə qoyub getdin, ay Qismət!... Xoş günün üçün qırmızılara bəzənmiş evin indi qaralar bağlayıb... Qazax rayonunun Xanlıqlar kəndinin -doğma ata-baba yurdumun dövlət, Vətən və xalq qarşısında öz borcunu layaqətlə yerinə yetirən, İkinci Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda canını fəda edərək qəhrəmanlıq nümunəsi göstərən, Şəhidlik zirvəsinə yüksələn daha bir igidindən - Qismət Oruc oğlu Həməşəyevdən söhbət açmaq istəyirəm. Vətən sevgisi, vətənin azadlığı, bötüvlüyü onu bu yolda ön sırada addımlamağa apardı. Kim idi Qismət Həməşəyev? 44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızdan biri də şəhid leytenant Həməşəyev Qismət Oruc oğludur.


Hay ver mənə, cənab leytenant! Qismət qardaşım! Döyüşə gedəndə "hər şey yaxşı olacaq, sağ-salamat gələcəm" demişdin.  Vətənimizin keşiyində durub "İnşallah, torpaqlarımızı alacağıq" deyərək vidalaşıb getmişdin bu savaşa. Gəldin də. Bir təsəllimiz var. Qəhrəmanlıq dastanı yazıb, qalib xalqın şəhadətə yüksələn şəhid balası kimi gəldin doğma el-obaya. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu özünə nümunə, ideal seçmişdin. Həmişə ona bənzəmək, onun kimi savaşıb şəhid olmağı arzu edərdin... 


Hələ kursant olanda Mübariz İbrahimovun şəkil çəkdirdiyi silahlarla onun kimi şəkil də çəkdirmişdi. Qismət Həməşəyev də onun kimi şəhid olmağı gözə alaraq düşmən üzərinə qorxusuz yeridi, arzusu, fikri-zikri ancaq o fitnəkar, təcavüzkar erməni tör-töküntülərini məhv etmək, doğma Vətənimizdən təmizləmək idi. Ordu sıralarından ehtiyata buraxılan leytenant Qismət Həməşəyev, nəhayət illər sonra arzusuna çatdı. O yenidən sevimli uniformasını geyinib vətənin harayına yetişdi. Senytabrın 21-i sonuncu dəfə ailəsini, doğulub boya-başa çatdığı yeri, Qazağın Xanlıqlar kəndini tərk etdi... 


Qısa arayış:

Şəhid Qismət Həməşəyev 3 noyabr 1988-ci ildə Rusiya Federasiyasının Rostov vilayətində anadan olmuşdur. 1995-ci ildə Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Universitetinə daxil olmuş, 2011-ci ildə həmin Universiteti bitirmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, leytenant rütbəsində həqiqi hərbi xidmət keçmiş, 2013-cü ildə isə tərxis olunmuşdur. 2019-cu ildən "AccessBank”ın Qazax filialında əməliyyatçı kassir vəzifəsində işləmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Hərbi təlimlərə ehtiyatda olan zabit kimi cəlb edilmiş Qismət Həməşəyev Vətən torpaqlarının müdafiəsi uğrunda igidcəsinə döyüşmüşdür. Motoatıcı taborun tağım komandiri kimi döyüşlərə qatılan şəhid zabitmiz, həm də sərrast atəşi ilə seçilən snayperçi olub. Onun zərbələri düşmənin onlarla canlı qüvvəsini məhv edib. Amma yanına düşən artilleriya mərmisi onun cavan ömrünə son qoyub. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin 1-ci motoatıcı taborunun, motoatıcı tağımının komandiri olan Qismət Həməşəyev 26 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq şəhadətə ucaldı... Şəhid leytenantımız 27 oktyabr 2020-ci il tarixdə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Bütün şəhidlərimiz kimi leytenant Qismət Həməşəyevin də xatirəsi hər zaman əziz tutulur. Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına bir daha başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.


... Adını Qismət qoydular. Qismətli, ruzulu olsun dedilər. Anası, Tamara xanım həyat yoldaşını itirməyin ağırlığını çiyinlərinə aldı. Hardan biləydi ki, həyat gözünün ilki Qismətini də vaxtsız qoparacaq ondan. İndi isə bir ömür oğul dərdini daşıyacaq çiyinlərində dağlar qədər yük qalan ana.. Hansı daha çətindir? Can yoldaşınımı itirməkmi, yoxsa övlad ağrısımı?! İndi Tamara xanım neyləsin, necə yaşasın?! Bəli, atasız böyümüşdü Qismət. Kiçik yaşdan həyatın çətinliyi ilə savaşa-savaşa yetişdi, mübarizə apardı, böyüdü və özü öz gücünə durdu ayaqları üstə.  "Accsses bank"ın Qazax filialında 2 il idi ki, işləyirdi. Yaxşı hörmət də qazanmışdı... Qismətin qisməti Rufanə xanım indi onu yuxularında görür. Qismətin yoxluğu ilə barışa bilmir. Bircə dəfə evimizə dön, - deyir.


Cəmi ikicə ay idi ki, ailə səadətinə qədəm qoymuşdu. Qismətinə çatıb yarına qovuşdu deyərkən əbədi ayrıldı ondan. Geridə qalan isə puç olmuş xəyallar, həyatı alt-üst olmüş iki ayın gəlini..  Təsəvvür etməsi belə necə acıdır insanın canını.


Həyat yoldaşı Rüfanə Həməşəyeva:

"Yeni addım atdığımız bu yolda onun da çoxlu arzuları, xəyalları vardı. Yaxşı ailə başçısı, igid oğul atası olmaq istəyirdi. Biz bu eşqi yana-yana yaşadıq. Amma, amma, amma... Vətənə olan sevgisi və bağlılığı bizim bu arzularımızı gözümüzdə qoydu..." Arzuna çatdın. İndi sən də həsəd apardığın Mübariz İbrahimov kimi bütün Azərbaycanın qəhramanı, fəxrisən! 32 illik ömür yaşamış, özündən bir nişanə qoymamış, amma vətən sevgisini hər şeydən öndə tutan qardaşım! Mənim üçün çox çətindir şəhidliyindən danışmaq, sadəcə bilirəm ki , qəlbimdə bu ağrının yükü uzun müddət qalacaq. Şəhidliyinlə sanki uşaqlığımızı, o şirin anları da qoparıb aldın bizdən... Amma ən uca məqamda dayandın şəhidliyinlə. Ən uca zirvələrdə öz yerini tapdın. Şəhid leytenantımız Qismət Həməşəyevin  göstərdiyi igidlik Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Kaş ki, ölümdən sonra deyil də birbaşa sənin özünə təqdim edilsəydi bu medallar. Sən ən yüksək zirvələrə, ən uca adlara layiq bir oğul idin. Bugün Füzuli gülür, Qarabağ gülür! AZƏRBAYCAN gülür. Xalqım gülür! Rahat yat, əziz qardaşımız - Qismət Həməşəyev!! 


Səndən təsəlli bir zabit mundiri

Bir cüt ulduzlu, aylı paqonlar...

Hay ver mənə cənab leytenant

Hay ver mənə leytenant.

Xoş müjdəli bir savaşdan

Pay ver mənə leytenant.


Ruhun şad, məkanın cənnət olsun, cənab leytenant!


Nəzrin Eyvazova,

Bakı Dövlət Universitetinin tələbəsi

Loading...