Nikol Paşinyan müharibə zamanı xalqa həqiqətlərin deyildiyini iddia edir
Siyasət
02.12.2020 10:01
178

Nikol Paşinyan müharibə zamanı xalqa həqiqətlərin deyildiyini iddia edir

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda gedən müharibə zamanı xalqa həqiqətlərin söylənildiyini deyib. O, “məgər, rəsmi qurumlar Hadrut, Martuni (Xocavənd), Şuşa və Karıntak  (Daşaltı) yaxınlığında döyüşlərin getdiyini, Laçın-Stepanakert (Xankəndi) yolunun bağlandığını demədilər?” suallarını  irəli sürüb. Paşinyan həmçinin cəbhə xəbərlərinin müharibə dövrünün qaydalarına uyğun açıqlandığını iddia edib. 

Saxta.info  Ermənistanın baş naziri Nikol  Paşinyanın bu iddialarının doğruluğunu yoxlayıb.

2-ci Qarabağ müharibəsində Ermənistan tərəfdən cəbhə xəbərlərini əsasən Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bir müddət öncə Ermənistanın sabiq baş hərbi müfəttişi və bu ölkənin silahlı qüvvələrinin keçmiş baş qəraragah rəisi Movses Akopyan cəbhə ilə bağlı xəbərlərin əksəriyyətinin yalan olduğunu bildirib. Akopyan deyib ki, yalan məlumat yayaraq qarşı tərəfi çaşdırmaq müharibə vaxtı keçərli üsuldur, amma belə məlumatların həddi 30 faizi ötməməlidir. Ermənistanda isə müharibə vaxtı cəbhədən verilən  xəbərlərin 100 faizi yalan olub.

Məsələn, 2-ci Qarabağ  müharibəsinin ilk günlərində, daha dəqiq desək  sentyabrın 28-də  Azərbaycan tərəfi  Talış kəndi ətrafındakı əlverişli yüksəkliklərin erməni silahlılarından təmziləndiyini açıqlayıb. Daha sonra  Azərbaycan Müdafiə Nazirliyi 5 və  oktyabr tarixlərində  Talış  kəndindən videolar yayıb. Hətta 11 oktyabrda  Euronews  telekanalı kənddən hazırladığı videoreportajı təqdim  edib. Ardınca Müdafiə Nazirliyi 11 oktyabrda bir qrup Kütləvi İnformasiya Vasitəsi  nümayəndəsinin Talış kəndinə səfəri ilə bağlı video  paylaşıb. Maraqlıdır ki, oktybarın 12-də Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsurun Ovannesyan brifinqdə Talış kəndinin Azərbaycan ordusunun nəzarətində olmadığını, Azərbaycan  hərbçilərinin kəndin kənarında mövqe tutduğunu açıqlayıb.

Bundan başqa oktyabrın 3-də və 4-də Azərbaycan tərəfi Madagizin və Cəbrayıl  şəhərinin azad edilməsi haqda məlumat  verib.  Ermənistan Müdafiə Nazirliyi isə  Azərbaycan Silahlı Qüvvələrinin taktiki cəhətdən əhəmiyyətli irəliləyiş əldə etmədiyini açıqlayıb, üstəlik Madagiz və Cəbrayıl şəhərinin azad edilməsi ilə bağlı xəbəri  təkzib edib.   

Oxşar durum Hadrut qəsəbəsi ətrafında da baş verib. Belə ki,  oktyabrın 9-da Azərbaycan prezidenti Hadrut qəsəbəsinin azad edildiyini   açıqlayıb.  Elə həmin gün Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan məlumatı təkzib edib. Hətta feysbuk səhifəsində “mən hazırda Hadrutdaym, amma burda yalnız erməniləri görürəm” sözlərini yazıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan da Hadrutdan  video yayıb və Azərbaycanın ordusunun Hadruta nəzarət etmədiyini  bildirib. Nə qədər qəribə olsa da Ermənistan Müdafiə Nazirliyi Hadrutla bağlı Azərbaycan tərəfinin xəbərini oktyabrın 12-də və 13-də də təkzib edib.  Halbuki Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 13-də Hadrut qəsəbəsinə bayraq sancılması ilə bağlı  video yayıb.

Şuşa ətrafında gedən döyüşlər zamanı da Ermənistan tərəfi bir-birinə zidd olan xəbərlər yayıb. Düzdür, Paşinyanın dediyi kimi Ermənistan Müdafiə Nazirliyi  Daşaltı kəndi və Şuşa yaxınlığında döyüşlər getdiyinə dair açıqlamalar yayıb. Amma adı çəkilən yaşayış məntqələrinin Azərbaycan ordusunün nəzarətinə keçdiyini  etiraf etməyiblər. Əksinə zidd xəbərlər yayıblar. Məsələn,  noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin azad olunduğunu bəyan edib.  Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan isə  döyüşlərin davam etdiyini, “gözləyək və əsgərlərimizə iananaq” açıqlaması ilə çıxış edib.

Hətta o Ermənistan İctimai Televiziyanın efirində Şuşa şəhəri ilə bağlı vəziyyətin noyabrın 9-da aydın olacağını bəyan edib. Noyabrın 9-da yenidən Şuşada  döyüşlərin getdiyini deyib.  Hətta Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan noyabrın 9-da Şuşa yaxınlığında döyüşlərin davam etdiyinə dair açıqlama verib.

Nə qədər qəribə olsa da noyabrın 9-da Şuşada döyüşlərin davam etdiyini  Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.  O, özünün feysbuk səhifəsində “Şuşa uğrunda döyüşlər davam edir” paylaşımı da edib.   

Yalnız noyabrın 10-da isə qondarma “Dağlıq  Qarabağ Respublikası prezidenti”  Araik Arutyunyan Şuşa şəhərinə nəzarətin hələ noyabrın 5-də qismən, noyabrın 7-də isə tam itirildiyini  etiraf edib.

Saxta.info bu qənaətə  gəlib ki, Nikol Paşinyanın Qarabağda gedən müharibə zamanı xalqa həqiqətlərin söylənildiyinə dair fikirləri həqiqəti əks etdirmir.

Loading...
Loading...