Nişanlısına qovuşmayan şəhid gizirin qardaşlarına vəsiyyəti:  “Mən ölsəm…” - FOTO
Cəmiyyət
16.12.2020 23:04
172

Nişanlısına qovuşmayan şəhid gizirin qardaşlarına vəsiyyəti: “Mən ölsəm…” - FOTO

Bu Vətən.
Ardına baxmadan yollara düşən
şimşək kimi çaxan, sel kimi coşan.
Hüdutdan hüduta yol bulub qoşan,
cəbhədən cəbhəni soruşanlarındır.

Elvin Abdurahmanov ailədə vətən sevgisi ilə böyüdü. Əmirvan kənd orta məktəbində oxudu. Məktəbdə oxuduğu dövrdə Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş həmkədliləri ilə maraqlandı, kəndin ilk şəhidi olmuş Asif Seyidov barədə onunla birlikdə vuruşmuş Kazım Bayramovun xatirələrini dinlədi. Müəllimlər ona Asif barədə məlumat verdilər və onun Ağdam, Laçın, Kəlbəcər uğrunda döyüşənlərdə iştirak etməyindən, qərəmanlıqlarından, şəhidlik zirvəsinə yüksəlməsindən danışdılar. Asif Seyidova 1994-ci il oktyabr ayında Azərbaycan respublikasının prezidentnin fərmanı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunması barədə məlumat verdilər.

Elvin Qarabağ döyüşlərində iştirak edərək şəhid olmuş həmkəndliləri Ata Zəkəriyəyev və Muxdar Muradov barədə də xoş sözlər eşitdi.

Elvin məktəbdə öyrəndiklərini heç vaxt unutmadı, hər zaman yaddaşında saxladı. O, bu torpaqlar uğrunda şəhid düşən bütün qəhrəmanların qisasını alacağına söz verdi. Sinif yoldaşları ilə söhbətləri zamanı düşmən tapdığı altında qalan, təhqir olunan torpaqlarımızın qisasını alacağını bildirdi.

– Mən mütləq hərbçi olacağam, işğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm, - o deyirdi.



Xüsusi Təyinatli Qüvvələr

Günlər, aylar, fəsillər, illər keçdi. Elvin də böyüdü, boylu-buxunlu, yaraşıqlı gənc oldu. Vətən, müharibə, məktəb haqqında xatirələri onu Xüsusi Təyinatlı Qüvvələrə gətirdi, sınaqlardan şərəflə çıxdı, bu dəstənin sıralarında xidmətə başladı, özünü bacarıqlı hərbiçi kimi göstərdi.

Bu barədə qardaşı Elçin Abdurahmanov danışır:

"Elvin 1996-cı ilin 1 oktyabrında anadan olub. Əmirvan orta məktəbini bitirdikdən sonra ali təhsil almaq istəmədi, məqsədi hərbiçi olmaq, torpaqlarımızı işğaldan azad edilməsində iştirak etmək idi.

2014-cü ildə hərbi xidmətə çağırıldı və Xaçmazda qulluq etdi. Xidmətdə olduğu dövrdə bir neçə dəfə atamla danışdı, hərbi hissədəki xüsusi təyinatlı dəstədə xidmət etmək istədiyini və bu məqsədlə təşkil olunmuş kurslarda iştirak edəcəyini bildirdi.

İlk baxışdan adama elə gələ bilər ki, boy-buxunun varsa, qarşında heç bir problem yoxdur, amma Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq elə də asan deyildi. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək öyrədilirdi. Yəni bu qurumda xidmət etmək üçün çox ağır sınaqlardan keçmək lazım idi. Dözümlü və cəsarətli olanlar kurslardan uğurla çıxır, kursun sonuna çox az adam qalırdı. Atam bunlardan məlumatlı idi, əvvəlcə razılığını vermədi, lakin Elvinin israrlı olması atamın sonda razılıq verməsinə səbəb oldu.

Söhbətə Elvinin atası Əbülfəz kişi qoşulur:

- Elvin 2016-cı ilin aprelində hərbi xidməti başa vurdu. Mənə bir neçə dəfə hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmət etmək istədiyini bildirmişdi, əvvəl razılıq verməmişdim. Sonunda onun arzusunu nəzərə alıb xeyir - duamı verdim, çox sevindi. Mənə dediyi sözləri bu gün də xatırlayıram.

– Vətənin xidmətində olmaq hər birimizin borcudur. Mən vətənimi sevirəm, Sizi də sevirəm, məndən yalnız xoş xəbərlər eşidəcəksiniz, buna əmin olun - dedi.

Mənim buna heç bir şübhəm yox idi, oğluma inanırdım. Çünki Elvin cəsarətli, dözümlü idi, idmanla məşğul olurdu, fiziki cəhətdən də güclü idi. Gülə - gülə könüllü şəkildə xidmətə getdi.

Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma!

Elvin gizir və müddətdən artıq həqiqi hərbi xidmət hazırlığı kursuna daxil olmaq üçün hərbi xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına müraciət etdi və ilkin yoxlanışdan uğurla keçdi. 2017-ci ilin iyul ayında gizir rütbəsi almaq üçün kursa başladı, onu da uğurla bitirdi. Sonra 6 aylıq kursu da bitirdi. Bu müddət ərzində məqsədinə çatmaq üçün böyük əzmlə çalışdı, olduqca nizam-intizamlı, ən gərgin vəziyyətlərə hazır hərbçi kimi yetişdi və kursu uğurla bitirib N saylı hərbi hissələrdə xidmət etdi. 2018-ci ilin aprelində isə ən ciddi sınaqlardan birindən keçdi. Elvin qatıldığı kursda 500 nəfər olub.

Qardaşı Elçin deyir:

"Kursda 500 nəfər olub. Onların yalnız 42 nəfəri kursu bitirməyə müvəffəq oldu. Elvin həmin kursda 3-cü yerə layiq görüldü. Bundan sonra qardaşım Xüsusi Təyinatlı Qüvvələrin ən elitar hərbi hissəsində xidmət etməyə başladı.

Bu hərbi hissədə qulluqçuları əsasən zabit və gizirlərdən ibarət idi. Bütün əməliyyat və tədbirləri gizli olaraq saxlanılırdı. Aydındır ki, bizim onun hansı əməliyyatlarda iştirak etdiyindən xəbərimiz olmazdı. Elvini çox nadir hallarda görərdim. Bir dəfə zarafatla soruşdum:

– Çətin şəraitə düşəndə sən də ilan-qurbağa yeyibsən?

Gülümsündü.

– Hərbçi ekstremal şəraitdə hər şeyə hazır olmalıdır - dedi.

Atası Əbülfəz kişi deyir:

"Hərbi xidmətdə olduğu dövrdə nə mən, nə də anası onun arxasınca bir dəfə də olsa, hərbi hissəyə getmədik, bu məqsədlə evdən çölə çıxmadıq. Elvin və dostları üçün hər şeydən öndə Vətən gəlirdi! Türklərin bir sözü var: Uğrunda ölməyəcəyin bayrağın kölgəsinə sığınma!

Oğlum da bayrağına, Vətəninə sadiq idi. Torpağımızın işğaldan azad edilməsində iştirak etməyi çox arzulayırdı. Onun belə bir şansı oldu. Özü də iki dəfə. Birinci dəfə Tovuz döyüşlərində iştirak etdi. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Düşmən Tovuz və Qazax rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək və bununla da Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri, Bakı – Tbilisi – Ərzurum qaz boru kəməri, Böyük ipək yolu, Bakı – Tbilisi – Kars dəmiryolu xətlərini nəzarətə götürməklə öz şərtlərini Azərbaycan tərəfinə diktə etmək istəyirdi. Azərbaycan ordusu Ermənistanın bu istəyini də ürəyində qoydu. Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası, canlı qüvvəsi məhv edildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı. Döyüşlərdə qəhrəmanlıqla iştirak edən və şəhidlərimizin intiqamını alanlardan biri də Elvin idi. Tovuz döyüşündən sonra Elvin anasına zəng edib hal-əhval tutub.

Anası Elmira xanım:

"Mənə gec-gec zəng edərdi. Deyərdi:

– Ana, ona görə gec-gec zəng edirəm ki, yoxluğuma vərdiş edəsən, zəngimə alışmayasan. Ola bilər ki, nə vaxtsa həyatda olmayacağam, indidən buna hazır olman lazımdır.

Bu sözləri eşidəndən sonra özümü nə qədər toparlamağa çalışsam da alınmadı - ağladım.

– Elə demə, sən mənim balamsan, can-ciyərimsən, gözümün işığısan!

Cavabında:

– Yox ana! Sənin iki oğlun var - Məcnun və Elçin. Mən Vətən oğluyam, Vətən üçün yaranmışam. Bir gün şəhid olsam ağlama, əksinə başını dik tut. Heç narahat olma, biz yaxşı hazırlaşmışıq, döyüşlərdə də düşmənə Azərbaycan ordusunun gücünü göstərdik. Dağlıq Qarabağın da qisasını bir gün alacağıq.

Oğlum əminliklə danışırdı və bu, məndə bir rahatlıq, qələbəyə inam yaratdı.



"Ata! Mənə xeyir-dua ver”

Tovuz döyüşlərindən bir neçə ay sonra isə İkinci Qarabağ müharibəsi başladı.

Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutuldu. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Həmin gün Azərbaycan Silahlı Qüvvələrinə aid şəxsi heyət və tank bölmələrinin raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə əks-hücum əməliyyatı həyata keçirildi. Dağlıq Qarabağ ətrafı təmas xəttinin əsasən, şimal şimal-şərq və cənub-şərq istiqamətində Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edildi. Torpaqlarımızın azad olunması uğrunda döyüşlərə ilk atılan hərbiçilərdən biri də Elvin oldu.

Müharibədən əvvəl Elvin valideynləri ilə görüşmək məqsədilə kəndə gəlib. Əvvəlcə yaxınları Elvinin atasının ad gününü qeyd etmək üçün icazə alıb gəldiyini düşünüblər. Özü də əvvəlcə bu məqsəd üçün gəldiyini söyləyib, amma...

Anası Elmira xanım deyir: "Əvvəl dedi ki, atamın ad gününə gəlmişəm, sonra isə bizimlə vidalaşmaq üçün gəldiyini bildirdi.

– Özünüzə yaxşı baxın, hər şeyə hazır olun! Mənə bir şey olsa, ağlamayın,- dedi.

Biz Elvini həmişə yola salanda küçəyə çıxıb arxasınca su atardıq. Amma bu dəfə nənəsinə arxasınca su atmasına razı olmadı. "Allaha əmanət!” deyib bizdən ayrıldı. O gedəndən sonra içimdə nəsə qırıldı, nəsə hiss etdim- soyuq bir şey. Bu onun son gedişi oldu, çox narahat oldum”.

Söhbətə qoşulan şəhid atası Əbülfəz kişi deyir:

- Sentyabrın 27-si idi. Elvin səhər tezdən zəng etdi, saat 8-in yarısı olardı. Dedi:

– Papa, Bismillah etmişik, mənə xeyir-dua ver.

Mən də açığı elə bildim ki, kreditlə ev alıb, yəqin evi deyir.

– A bala, səhər tezdən xeyir ola zəng edibsən, evin təmirinəmi başlamısan?

– Yox e, müharibə başlayıb.

– Müharibədə xeyir-dua edirlər ki?

– Sən xeyir-duanı ver, hücuma keçdik.

Xeyir-dua verdim.

– Yaxşı, xeyirli olsun, qələbə ilə qayıt, özünü qoru.

Mənim narahatlığımı hiss edib dedi:

– Papa! Allah qoysa yaxşı olacaq, qələbə bizimdir. Ola bilər yanlış xəbər eşidə bilərsiniz, amma inanmayın. Yalnız rəsmi, xüsusən də Cənab Ali Baş Komandanın dilindən səslənən xəbərlərə inanın. Özünə yaxşı bax, papa!

Əsgərin vəzifəsi vuruşmaqdı

Düşmən Füzuli istiqamətində bir neçə müdafiə xətti qurmuşdu və bu istiqamətdə Azərbaycan ordusunun ciddi uğur qazanacağını gözləmirdi. Lakin onlar Azərbaycan ordusunun əzmkarlığını, yüksək döyüş ruhunu nəzərə almamışdılar. Döyüşlərdə öndə gedənlər isə xüsusi təyinatlılar, Elvin və onun döyüş yoldaşları, ölümün gözünə dik baxan Azərbaycan oğulları idi. Onlar kiçik mobil dəstələrlə düşmən mövqelərinə zərbələr endirir, dayaq məntəqələrini darmadağın edirdilər.

Qardaşı Elçin Abdurahmanov deyir ki, Elvin qələbəyə inanırdı, buna əmin idi.

- Mənimlə söhbət zamanı deyirdi: "Siz bu yaxınlarda Qələbə xəbərini eşidəcəksiniz. Buna əmin olun, ordumuzda böyük ruh yüksəkliyi var, döyüşə cəsarətlə giririk, artıq bir neçə kəndi azad etmişik, düşmən mövqeyini qoyub qaçır. Bu gün isə Füzuli istiqamətində bir yüksəkliyi azad etdik. Ağır döyüşlər gedir, güllə seli altında kiçik mobil dəstələrlə vuruşduq.

Aşağıdan yuxarıya, açıqlıqdan təpəliyə doğru hücum etməyin çətin olmasına baxmayaraq qruplardan biri düşmən mövqeyinə aldadıcı hücum təşkil etdi, bizim qrup isə düşmən arxasına keçib gözlənilmədən onların səngərinə çıxdı. Bunu ermənilər heç gözləmirdi, səngərdə əsgərlərimizi görən düşmən hərbiçiləri bir an şoka düşdülər, hara gəldi atəş açmağa başladılar. Bizə də bu lazım idi və onlara cəhənnəm yaşatdıq, səngərdə onlarla düşmən cəsədi qaldı.

Qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdik. Daha bir yüksəkliyi tutduq ki, bu da düşmən işğalında qalan ətrafdakı kəndlərə nəzarət etməyə imkan verir. Tezliklə o kəndləri də azad edəcəyik, az qalıb. Əsas odur ki, düşmənin canına vəlvələ salmışıq”.

Elvinin iştirak etdiyi döyüşlərdə Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdurrəhmanlı kəndiləri azad edildi. Sonrakı günlərdə də Elvingil irəliləməyə nail oldular, əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altında idi. Yüksəkliklər, kəndlər bir-birinin ardınca düşmən işğalından azad edilirdi.

Əbülfəz kişi: "Elvin döyüşlərdə həmişə öndə olub, elə olub ki, düşmənlə üz-üzə döyüşüb, mühasirəyə düşmək təhlükəsi ilə qarşılaşıb. Yanında dostları yaralanıb, həlak olub, onların intiqamını alıb.

Nə qədər texnika, aparatura, raket qurğuları, toplar olsa da, əsgərə böyük ehtiyac var. O vuruşmalıdır, mütləq canlı qüvvə lazımdır, əsgər ayağı dəyməyən yerlərdə qələbə olmaz. Elvingil Azərbaycana qələbə gətirən əsgərlərdi.

Oktyabr ayının 1-də Elvinin ad günü idi. Zəng edib təbrik etmək istədim. Tərəddüd etdim, mane ola bilərəm deyə, fikrimdən daşındım. Dözə bilmədim, zəng vurdum, telefonu bağlı idi. Ad gününü təbrik etmək də qismət olmadı mənə. Sonra bildim ki, həmin gün çox yorğun olub. Neçə gün ağır döyüşlərdə iştirak edib, rahat yata, dincələ bilməyib, yorğun olub. Bununla bağlı videosu da yayılmışdı".

"... mənsə Vətənin oğluyam”

Elvin dəfələrlə döyüş meydanında çətin vəziyyətə düşdü. Ölümün bir addımlığında oldu, ən çətin anda belə özünü itirmədi, sonadək vuruşdu, əsgər yoldaşlarını döyüşə ruhlandırdı. Onlarla birlikdə ən ağır əməliyyatlarda iştirak etdi. Sanki şəhid olacağını hiss edirdi və bu barədə bir neçə dəfə yaxınları ilə telefonla danışarkən söyləmişdi.

Qardaşı Elçin Abdurahmanov:

- Şəhid olmazdan əvvəl Elvinlə danışdım. Müharibədən əvvəl də, sonra da - hər şeyə hazır olun deyirdi. Sonuncu dəfə mənimlə danışanda dedi ki, "möhkəm olun! Mən şəhid olsam, atama-anama de ki, ağlamasınlar!”.
Anamla sonucu dəfə sentyabrın 30-da danışmışdı. Gülə-gülə dedi ki, "axı sənə demişdim, o biri iki qardaşım sənin, mənsə Vətənin oğluyam. Məndən nigaran qalma, ana!”.

Elvin üçün "Sədaqətim Vətənimdir” şüarı canından da, bütün arzularından da öndə idi.
 
Elçin qardaşı ilə bağlı sosial şəbəkələrdə yayılmış videoya da münasibət bildirib:

"O video qardaşımın şəhid olduğu gündən bir gün qabaq çəkilib. Həmin gün Elvin Füzuli-Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib.
Sonra onun da olduğu qrup yüksəkliklərdən birinin düşməndən azad edilməsi ilə bağlı tapşırıq alıb. Əvvəlcə əməliyyat çox uğurlu alınıb, lakin sonradan ermənilərə dəstək gəlib və ağır döyüş gedib, hətta çox yaxın məsafədə atışma olub. Video çəkilən vaxt qardaşım çox yorğun olub.

Həmin yüksəklik isə qardaşım şəhid olan gün alınıb. Düşmən bizim əsgərlər olan ərazini top və minaatanlarla atəş altında saxlayıb, hücumun qarşısını almağa çalışıb. Çünki yüksəklik strateji cəhətdən çox əlverişli yerdə yerləşirdı və onun ordumuz tərəfindən ələ keçirilməsi geniş ərazini nəzarət altında saxlamağa imkan verirdi. Qardaşım yaralı halda olub və ağır artilleriya atəşi altında onu döyüş meydanından çıxarmaq mümkün olmayıb. Saatlar sonra yüksəklik götürülüb və arxadan kömək qüvvə gəlib. O zaman qardaşım aldığı güllə yarasından hospitala çatmamış şəhid olub. Həqiqətən də, aldığı güllə yarasından atəş xətti altında qalıb. Amma onu oradan çıxarmaq çətin olub. Təsəvvür edin, düşmən bütün artilleriya silahlarını işə salıbmış.

Video ilə bağlı qohumu Ələsgər Mikayılov da münasibət bildirdi:

"O videoda yaralı deyildi. Video oktyabrın 1-də çəkilib, Elvin isə oktyabrın 2-də şəhid olub. Ad günündən bir gün sonra.

Doğurdan da 4 saat yaralı qalıb, yanında da yaralı əsgərlər olub. Həkimlərə deyib ki, yarası ağır deyil, əvvəlcə ona deyil, digər yaralı əsgərlərə köməklik göstərsinlər. Hətta öz-özünə sistem də qoşub. Təəssüf ki, həkimlər Elvinə yardım göstərmək istəyəndə şəhid olduğunu görüblər. Mənim üçün çox ağırdı, bunları xatırlatmaq. Necə unudaq bu qeyrətli baxışları?!”.



"Adına layiq qarşıladıq”

Biz doğuştan aşığız şanlı bayrağa
Vurgunuz biz ayla ulduza.

Oktyabrın 2-də vətən, bayraq sevdalı igidim şəhadətinə qovuşdu. Vətəni üçün, milləti üçün şərəfli ad qoyub getdi. Dəfni böyük izdihamla keçdi, adına layiq qarşılandı və son mənzilinə yola salındı.

Anası Elmira xanım deyir: "Şəhid oğlumu adına layiq qarşıladım. Tabutunu sakitliklə , qışqırmadan, ağlamadan qarşıladım - Evinə, eşiyinə xoş gəldin,- dedim. Son mənzilə, əbədi cənnət məkanına da sakitliklə yola saldım.

Arzuları vardı balamın, ürək parçamın, göz işığımın! İki ildir orta məktəbdə birlikdə oxuduğu qızla nişanlı idi, toyuna hazırlaşırdıq, qismət olmadı. Oğlumun bəylik paltarı büründüyü üçrəngli, ay ulduzlu bayrağımız oldu, canından çox sevdiyi torpağına qovuşdu.

Qələbə bayrağını Şuşada yüksəkliklərə qaldırmaq istəyirdi. Bunu oğlumla çiyin-çiyinə vuruşan dostları etdi. Ruhun şad, məkanın cənnət olsun aslanım!

***

Bu arada şəhidin vəsiyyəti tapılıb. Elçin deyir ki, qardaşı şəhid olandan sonra telefonuna yazdığı vəsiyyətini tapıblar. Vəsiyyətdə yazılıb:
 
"Əgər mənə nəsə olsa, qırmızı flaşkartımda şəkillər var. Onlar silinib. Elçin, Məcnun, onları geri qaytarın, xatirə olaraq qalsın! Atama, anama yaxşı baxın! Vətənimizə, bayrağımıza, millətimizə bağlı namuslu oğullardan olun inşallah! Hər kəsin həyatda bir arzusu var. Mənim də qəlbimdə ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Allaha əmanət olun, canım qardaşlarım!".

Elvin qardaşlarına onu da vəsiyyət edib ki, nişanlı olduğu qızı öz bacınız kimi qəbul edin, onu da unutmayın.

Pünhan Əfəndiyev
Modern.az

P.S. XTQ-nin giziri Elvin Abdurahmanovun ürəyində olan ən böyük arzusu Şəhidlik zirvəsinə ucalmaq idi. Bir neçə gün əvvəl döyüş yoldaşları Şəhidimizin şəxsi əşyalarını gətiriblər. Şəxsi əşyalarının icindən Milli Qəhrəman Mübariz İbrahimovun şəkili çıxıb.

Sentyabrın 23-də bir kafedə yoldaşları ilə birlikdə nahar edərkən hər kəs ürəyindəki arzusunu deyib. Elvinin yoldaşlarına "mən Şəhid olsam, yerimə Bayrağımızı goyarsınız”,-deyibmiş.
Loading...