Nurlanə Əliyeva: Azərbaycan kinosunun nağılçısı  - Həsən Seyidbəyli
Mədəniyyət
23.12.2020 01:07
189

Nurlanə Əliyeva: Azərbaycan kinosunun nağılçısı - Həsən Seyidbəyli

Görkəmli kinorejissor, ssenarist, kinodramaturq, nasir, Azərbaycanın Xalq artisti Həsən Seyidbəylinin doğum günüdür.


Hörmətlə xatırlayaq. 


Ruhu şad olsun.


Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan bu böyük kino xadiminin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub.


Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir. Həsən Mehdi oğlu Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. 


Həsən Seyidbəyli yaradıcılığa ədəbiyyatla başlamışdı. Onun ədəbi yaradıcılığında “Kür sahillərində” , “Telefonçu qız” povestləri, “Uzaq sahillərdə” romanı ( İ.Qasımovla birgə), “Cəbhədən cəbhəyə”, “İllər keçir” ( İ.Qasımovla birgə), “Çiçək” romanları, “Dəniz cəsurları sevir” (İ.Qasımovla birgə), “Sən nə üçün yaşayırsan” (İ.Qasımovla birgə) pyesləri mühüm yer tutur. H.Seyidbəyli kinoya kiçik oçerklər müəllifi kimi gəlmişdi. “Böyük yol” , “Bakıdan – Göygölədək” film-oçerkləri milli kinematoqrafiya sənətinə istedadlı bir gəncin gəlişindən xəbər verirdi. 


"İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.


Böyük sənət yolunun qayəsini təşkil edən bu əsərlərdə vətənə ülvi məhəbbət duyğuları, təbiətə vurğunluq hissləri çox böyük məharətlə tərənnüm olunmuşdu.


Və nəhayət "Nəsimi" filmi. 


“Nəsimi” filmini çəkmək Həsən Seyidbəyli üçün böyük bir imtahan idi. Ziddiyyətli tarixi dövrün materiallarını ilk dəfə bədii kinoya gətirmək doğrudan da, riskli bir iş idi, ancaq H.Seyidbəyli bu riskə getdi. Filmin bədii keyfiyyətləri yüksək idi və Nəsiminin dövrü, onun həm şair, həm də yüksək duyğulara malik insan kimi kinoportreti tamaşaçıları valeh etmişdi. H.Seyidbəyli baş rola gənc aktyor Rasim Balayevi çəkmişdi. O, həm də Rasim Balayevi kino sənətinə gətirməklə kino tariximizi zənginləşdirdi. Ömrünün son  vaxtlarında H.Seyidbəyli “Xoşbəxtlik qayğıları” filmini çəkdi. Filmin ssenarisini də rejissor özü yazmışdı.


Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.


Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...