Nurlanə Əliyeva:
Mədəniyyət
14.01.2021 10:00
339

Nurlanə Əliyeva: "Azərbaycan, mənm taxtım, tacım, oy - Almas İldırım"

Azərbaycanın mühacir şairi, Azərbaycan sevdalısı  Almas İldırımın xatirə günüdür.


Ehtiramla xatırlayaq.


Vətəni Almas İldırım kimi incə, zərif, eyni zamanda qüdrətli, mübariz ruhlu misralarla vəsf etmiş ikinci bir şair xatırlamaq mümkün deyil. 
Almas İldırım poeziyasında incəliklə əyilməz vüqar, sınmaz qürur, əzəmət vəhdət təşkil edir. Hansı bir şeir parçası, hansı bir misra indiyədək onun "Azərbaycan" şeirini əvəz edə bilib?!.


Nərdə məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə, lay-lay balam, çağıran,

Azərbaycan, mənim bəxtsiz anam, oy!

Neçə ildir həsrətinlə yanam, oy!..


Xəbər alsam, Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adın dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum oy,

Ölməz eşqim, içimdəki dərdim, oy!..


Salam versəm, rüzgar alıb götürsə,

Ağrı dağdan göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy,

Hökm etsə, bu sərsəm gediş dursa, oy.


Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən?

Sənsiz neylim Allahı mən, dini mən,

Azərbaycan, mənm taxtım, tacım, oy.

Oyanmazmı kor olası baxtım oy!


Bu misralar hər bir Azərbaycan türkünün qanını coşdurmağa, qəlbini riqqətə gətirməyə qadirdir. Damarında türk qanı axan hər bir insan üçün bu misralar bir Vətən himnidir, Vətən sevgisinin, həqiqətən də eşsiz tərənnümüdür. Azərbaycan sevdalısı olan bir insanın öz hisslərini ifadə etməsi üçün bundan gözəl nümunə ola bilməz. Almas İldırım qəlbindən süzülür bu sevgi. Vətənə sonsuz məhəbbət, onu necə varsa, eləcə sevməz, sözün bütün mənalarında Vətən aşiqi olmaq. Bunu anlamaq üçün Almas İldırım şeirlərini oxumaq yetərlidir. Almas İldırım əsl vətənpərvər idi. Almaz İldırım Vətən yolunda bir cəfakeş idi...

                    

YARADICILIĞI:


Vətən həsrəti, qəribliyin hüznü Almas İldırımın, demək olar ki, bütün əsərlərinin aparıcı mövzusunu təşkil edir. Almas İldırım Türkiyədəki on yeddi illik həyatında jurnal və məcmuələrdə, qəzetlərdə milli şeirlərini nəşr etdirmiş, milliyətçi və istiqlalçı şair kimi tanınmışdır.  İlk şeirləri 1923-cü ildə “Qızıl qələmlər”, “Şərq qadını” jurnallarında və qəzetlərdə çıxıb. 1926-cı ildə şairin Süleyman Rüstəmlə birlikdə qələmə aldığı “Dün – bu gün” kitabı çapdan çıxıb. Sonralar şeirlərindəki millətçilik fikirlərinə görə Almas Yıldırım Dağıstana sürgün edilib. Burada da yaradıcılığını davam etdirən şair 2 il sonra Bakıya qayıdıb.  “Dağlar səslənirkən” kitabını çap etdirsə də, onun yayılması qadağan olunub, şairi Yazıçılar Birliyi üzvlüyündən xaric ediblər. Yazdığı şeirlər "Boğulmayan səs" adı altında çap olunmuşdur. Şeirləri Türkiyə və Almaniya qəzet və jurnallarında dərc olunan Almas Yıldırım “Azərbaycan mahnıları” və “Azərbaycan bayatıları” kitablarını çap etdirə bilib. Azərbaycan Kültür Dərnəyinə üzv olan Almas İldırımın yazıları "Çinaraltı", "Orxun", "Gökbörü", "Boz qurd", "Kommunizmlə mücadilə" və digər qəzet və dərgilərdə dərc olunub.


QISA ARAYIŞ:

Azərbaycan ədəbiyyatı tarixinə Almas İldırım (1907-1952)  kimi daxil olmuş şairin əsl adı Əbdülhəsəndir. Lakin uşaqlıqdan onu babasının adı ilə - Almas çağırırdılar. Şeirlərini Almas İldırım imzasıyla dərc etdirdiyindən bu adla da tanınmış və məşhurlaşmışdır.

Almas İldırım 1907-ci il mart ayının 25-də Bakının Qala kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəsli sovet totalitar rejimi tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevrilir. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilir.


1928-ci ildə şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunur. Sürgündə "Dağlardan xatirələr", "Ləzgi elləri", "Krımda axşamlar", "Səlimxan" və "Günah kimdədir?" adlı şeirlərini yazır. 1930-cu ildə Bakıya qayıdıb "Dağlar səslənərkən" şeirlər məcmuəsini nəşr etdirir. Lakin kitab senzuradan keçməyib şairin Azərbaycan Yazıçılar Birliyindən qovulmasına səbəb olur. 


Bu dəfə o Türkmənistana sürgün edilir. Orada bir müddət məktəb direktoru vəzifəsində çalışır. Azərbaycandan Aşqabada göndərilən bir QPU agenti (Əkbər Ruhi) öz müşahidələri əsasında belə nəticəyə gəlmişdi ki, "A.İldırım ideolojimiz üçün zərərli bir insandır...". Bundan sonra Türkmənistanda qalmaq Almas İldırım üçün təhlükəli idi və 1933-cü ilin iyun ayında o, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayalar ötüb, uca dağlar aşdıqdan sonra böyük məşəqqətlə İrana çatırlar. Almas İldırım dərhal həbs olunur. 25 gün həbsxanada qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verirlər, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir. Burada ürəyincə iş tapa bilməyən Almas İldırım çox yoxsul, acınacaqlı həyat sürür. Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. 1934-cü ildə Almas İldırım Türkiyə vətəndaşlığına qəbul edilir. Almas İldırım Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı müxtəlif bölgələrdə bucaq müdirliyində (qəsəbə bələdiyyəsində) çalışır. 


1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edən Almas İldırımın Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğlu olmuşdur. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə vardır. 1991-ci ildə şairin oğlu Azərbaycana baş çəkərkən qəflətən vəfat edir və Abşeronun Şüvəlan kəndində dəfn olunur. 


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...