Nurlanə Əliyeva :
Mədəniyyət
27.12.2020 11:08
465

Nurlanə Əliyeva : "Azərbaycan rəqs sənətinin şahzadəsi - Əminə Dilbazi" - FOTOLAR

Azərbaycanın görkəmli rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Moskva Beynəlxalq Tələbə Gənclər Festivalının laureatı, Azərbaycan SSR Xalq artisti Əminə Dilbazinin doğum günüdür.


Məhəbbətlə xatırlayaq.


Ulu Öndər Heydər Əliyev: 
“Sənin, Əminə, təkrarolunmaz əllərin var, onlar sanki oxuyurlar. Belə əlləri mən heç bir, hətta ən görkəmli rəqqasədə də görməmişəm”.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: 
 “....Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir”


Əminə Dilbazi. Onu “əfsanəvi rəqqas”, “Azərbaycan rəqs sənətinin şahzadəsi”, "Əsrin qadını"... da adlandırmışlar. Qədim tarixə malik olan Azərbaycan milli rəqslərinin ifasında, təbliğində və gənc nəslə ötürülməsində misilsiz xidmətləri olan Əminə Dilbazinin adı Azərbaycan mədəniyyətinə qızıl hərflərlə həkk olunmuşdur. O, Azərbaycan professional milli rəqs mədəniyyətinin inkişafında böyük rol oynamış və ənənəvi rəqslərimizin əbədiləşməsi üçün böyük əmək sərf etmişdir. 

Qısa arayış:

Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. İlk təhsilini Bakı şəhərindəki 132 nömrəli məktəbin rus bölməsində almışdır. O, məşhur bəstəkar, Azərbaycan SSR Xalq artisti Cövdət Hacıyevin həyat yoldaşı, şairə Mirvarid Dilbazinin bacısı, bəstəkar-dirijor İsmayıl Hacıyevin anasıdır. Səhnə fəaliyyətinə 1935-ci ildə başlayan Əminə Dilbazi ilk əvvəl estradada milli rəqslərin ifaçısı kimi çıxış edib. İlk dəfə 1935-ci ildə səhnəyə çıxaraq, dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi və həmin illərdə dillər əzbəri olan “Kolxoz çölləri” mahnısına xoreoqrafik quruluş vermiş, ifaçısı olmuşdur. Onun bu təşəbbüsü Üzeyir Hacıbəyli tərəfindən rəğbətlə qarşılanmış və gənc qızın səhnədə solo fəaliyyətinə geniş imkan açılmışdır. Bunun ardınca o, Qılman Salahovun musiqisinə “Ay gözəl”, Niyazinin musiqisinə “Dağlar gözəli” rəqslərinin quruluş müəllifi olmuş və özü də solo ifa etmişdir. O, 1936-1969-cu illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olaraq çalışmış və burada müxtəlif illərdə rəqs qrupuna rəhbərlik etmişdir. 1939-cu ildən baletmeyster assistenti olmuşdur. Bu dövr ərzində o, Azərbaycan xalq rəqslərinin əvəzsiz ifaçısı kimi neçə-neçə rəqsə nəfəs vermiş və bu rəqslər onun təfsirində yeni həyat qazanmışdır.


Oynadığı “İnnabi”, “Tərəkəmə”, “Vağzalı-Mirzeyi”, “Naz eləmə”, “Turacı”, “Ceyran bala”, “Uzundərə” kimi xalq rəqslərinin hər biri Əminə Dilbazinin ifasında xüsusi təravət və zövqlə təqdim olunmuşdur. O, ifa etdiyi bu rəqslərə yeni çalarlar qataraq, onları yeni üslub tərzi ilə zənginləşdirmişdir. Əminə Dilbazinin “Vağzalı” rəqsinin ifası zamanı hər iki əlində, ovcunun içində cüt stəkan tutaraq zərif hərəkətlərlə süzməsi çox orijinal təsir bağışlamışdır. Yaxud, Qılman Salahovun lirik melodiyası üzərində ifa etdiyi “Qavalla rəqs” də onun yaradıcılıq fantaziyasının məhsulu olmuşdur. Əminə Dilbazi musiqi folklorumuzda geniş yayılan solo qadın rəqslərinin zəngin obrazlar aləmini xoreoqrafiya elementləri vasitəsilə çox incəliklə, zərif duyumu ilə çatdıra bilmişdir. 


Əminə Dilbazi öz ifasında Azərbaycan xalq qadın rəqsləri üçün xarakterik olan “çiləmə” və “süzmə” kimi əl hərəkətlərindən xüsusi məharətlə istifadə edərək, rəqsə özünəməxsus bir ovqat bəxş etmişdir. Əminə Dilbazinin repertuarından “Tərəkəmə”, “Turacı”, “Uzundərə”  kimi xalq rəqslərinin ifası xüsusilə böyük rəğbətlə qarşılanmışdır. Lirik xarakterli bu rəqslərdə azərbaycanlı gənc qadın obrazları dolğunluğu ilə canlandırılmışdır. Digər lirik rəqslərdən olan “Turacı”nı da rəqqasə xüsusi həvəslə ifa etmiş, onun repertuarında ən sevimli rəqs nömrəsi olmuşdur. Etirafına görə, “Turacı”nı ifa edərkən o özünü başqa aləmdə hiss etmişdir. Rəqsdə Əminə Dilbazi turac quşunun uçuşunu, ovçu tərəfindən vurulmasını, yerə düşməsini və yenidən uçub getməsini əllərinin və bədəninin plastik hərəkətləri ilə zərif şəkildə canlandırmışdır. Gözəl rəqqasə olmaqla bərabər, Əminə Dilbazi xoreoqraf kimi də bir çox musiqili komediyalarda, opera əsərlərində, müxtəlif teatr tamaşalarında və filmlərdə, xüsusilə, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyalarında milli rəqslərimizə uğurlu quruluş vermişdir. O, həmin rəqslərdən bir çoxunun parlaq ifaçısı kimi rəqs sənətimizdə yeni dəst-xəttin formalaşdırılmasına nail olmuşdur. 


"Arşın mal alan", "Ulduz", "Yallı", "Sevinc" film-konsertində lentə çəkilmişdir. Rəqqasə, həmçinin Azərbaycan Dövlət Filarmoniyasında oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olmuşdur. Repertuarına rus rəqsləri, ukrayna rəqsləri, özbək rəqsləri, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi Azərbaycan musiqili komediya teatrında, habelə osetin, özbək ansambllarında rəqsləri tamaşaya qoyub. Əminə Dilbazi 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə, 1962-1965-ci illərdə Azərbaycan mahnı və rəqs ansamblına, 1967-68-ci illərdə "Sevinc" rəqs ansamblına, daha sonralar “Yallı”, “Şərur” və digər rəqs ansambllarına rəhbərlik etmişdir. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində (1949-cu ildən) və Azərbaycan Milli Konservatoriyası nəzdindəki İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərən Əminə Dilbazi özünün zəngin sənət təcrübəsini, xalq rəqslərinin incəliklərini gənc nəslə öyrətmək sahəsində qüvvə və bacarığını əsirgəməmişdir. Bütün bunlarla yanaşı, Əminə Dilbazi həm də sədaqətli ömür yoldaşı, qayğıkeş və fədakar ana olmuşdur. Onun görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevlə birgə uzun və mehriban ailə səadəti gənclərimiz üçün örnək ola bilər.


Əminə Dilbazi Cövdət Hacıyev ilə hələ musiqi məktəbində birgə oxuduğu zaman tanış olmuş, sonralar isə Azərbaycan Dövlət Filarmoniyasında birlikdə çalışdıqları dövrdə də rastlaşmışdır. Müharibə illərində Cövdət Hacıyev filarmoniyada bədii rəhbər, Əminə Dilbazi isə rəqs ansamblında solist kimi fəaliyyət göstərmişdir. Taleyin qisməti ilə ailə həyatı qurmuşlar. Təbiətcə fərqli olsalar da, bir-birinə həyatda dəstək və arxa olmaları onların hər ikisinə sənətdə də böyük nailiyyətlər qazanmalarına kömək etmişdir. Əminə Dilbazi 2010-cu il apreli ayının 30-da Bakı şəhərində vəfat etmişdir. Əminə Dilbazinin Azərbaycan incəsənətinin və mədəniyyətinin inkişafında  uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1954-cü ildə Axərbaycsn Respublikasının Əməkdar artisti, 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Sənətkar bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir. Rəqs ölkəsi olan Hindistanda Əminə xanım “Şivanın rəqqasəsi” kimi yüksək titula layiq görülmüşdür. 2001-ci ildə Əminə Dilbaziyə Amerika Bioqrafik İnstitutu tərəfindən “Əsrin qadını” adı verilmişdir. O, həmçinin, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. Azərbaycanın görkəmli rəqqasəsi, Xalq artisti Əminə Dilbazi bənzərsiz ifaçılıq qabiliyyəti ilə Azərbaycan xalqının, işlədiyi kollektivin, rəqs sənətinin incəliklərini öyrətdiyi bu sənətə böyük həsəd və sevgi ilə gələn yüzlərlə, minlərlə  tələbələrinin, eləcə də onu sevənlərin qəlbində həmişə  yaşayacaqdır.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...