Nurlanə Əliyeva:
Mədəniyyət
05.01.2021 16:42
360

Nurlanə Əliyeva: "Daşlaşan sirlərin sirdaşı" - Məşədixanım Nemətova

Azərbaycanın tanınmış alimi, tarixçi-epiqrafist və şərqşünası, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın doğum günüdür.


Hörmətlə xatırlayaq.


Bütün ömrünü elmə həsr edən və bunu həyatının mənası sayan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Məşədixanım Nemətova Azərbaycan elminin görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, sözün əsl mənasında, böyük vətəndaş, işıqlı ziyalı idi. Alimin insanlara bəxş etdiyi işıq onun mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin ucalığından qidalanırdı. Məşədixanım Nemətə xalq arasında böyük hörmət və ehtiram var idi. O, bunu çoxillik gərgin və halal zəhməti, istedadı və yüksək insani keyfiyyətləri ilə qazanmışdır. 
Məşədixanım Nemətdoğma Vətənini, onun gülünü-çidəyini, suyunu-çörəyini, hətta daşını-kəsəyini çox sevirdi. O "mən Vətənin güllü-çiçəkli, tər meyvəli ağaclardan yaşıl don geymiş sıldırımlı, uçurumlu dağ yollarından çox keçmişəm. Şahdağın ətəyində bəslənmiş qız bənövşədən, mahnılarda səslənən İsa bulağından, Laçının narzanlarından yanan ürəyə şəfa gətirən buz kimi bulaqlardan çoxlu su içmişəm. Kürün gurultulu səsini çox dinləmişəm. Öz keçmiş möhtəşəmliyini itirmiş əzəmətli Şəmkirin incimiş ruhunu narahat etməsin deyə, onun xarabaları yaxınlığından lal-dinməz ötən Şəmkirçaya baxmış, Tərnəyüt, Şahbulaq qalaları yanından sakit axan Tərtərin Kəlbəcər dağlarına saldığı gurultuya çox qulaq asmışam. Kəpəzin qoynunda lətafətli Göygölün gözəlliyinə, nəcibliyinə heyran-heyran çox tamaşa etmişəm..." - deyirdi. Məşədixanım Nemətova 1924-cü il yanvarın 5-də Bakının II Zabrat kəndində anadan olub. Maral Poladovanın "Şərəfli ömür sahibi" məqaləsindən: "1924-cü ildə Bakının Zabrat kəndində Sədulla kişinin ailəsində dünyaya göz açmış bu qıza nənəsi Məşədi Səadətin adı verilsə də, elə sadəcə olaraq Məşədixanım çağrıldığına görə, 11 yaşı olanda doğum şəhadətnaməsinə adını Məşədixanım yazıblar. Doğum gününü isə pasport alanda məcburiyyət qarşısında qalaraq özü yazdırıb: 5 yanvar. lmi fəaliyyətinə 1953-cü ildən EA Tarix İnstitutunda başlayıb. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. 60 illik elmi fəaliyyəti dövründə Azərbaycanın bütün tarixi ərazisini gəzərək ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb, fars, türk dillərində daşlara həkk olunmuş daş salnamələrin səhifələrini vərəqləyib, ölkənin iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi - sufizm, toponimika, etnogenez və s. problemlərə dair külli miqdarda yeni və ən dəqiq sənədlərlə Azərbaycanın tarixşünaslıq bazasını zənginləşdirib. 2500-dən çox epiqrafik abidəni toplayıb, oxuyub onların tarixi əhəmiyyətini müəyyənləşdirib. Bu elmi fəaliyyətin nəticəsi kimi 12-dən çox monoqrafiyanın, 200 elmi məqalənin, o cümlədən 6 cildlik "Azərbaycanın epiqrafik abidələrinin toplusu"nun müəllifidir. Məşədixanım Nemətova Azərbaycan Respublikası Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamı ilə “Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə” “Şöhrət” ordeninə layiq görülmüşdür. Görkəmli alim Məşədixanım Nemətova 26 dekabr 2016-cı ildə 92 yaşında Bakı şəhərində vəfat etmişdir. Sağlığında şan-şöhrəti, süni münasibətləri xoşlamayan, bütün mənalı ömrünü yalnız elmi araşdırmalara və ailəsinə həsr edən Məşədixanım son mənzilə ailəsinin arzusu ilə elə doğulduğu Zabrat kəndində - sevgili Vətəninin ən kiçik bir guşəsində torpağa tapşırıldı. 


Ruhu şad, məkanı cənnət olsun!


Şair təbiətli Məşədixanım "Hicran" təxəllüsü ilə şeirlər də yazardı. Məşədixanım öz kitablarını hər kəsə uyğun avtoqraflarla bağışlayardı. 
Əməkdar incəsənət xadimi Ə.Əfqanın "Qeyrət abidəsi" məqaləsindən: "Məşədixanım Nemətə Allah-Təala qadını əzizləyən, sevdirən, müqəddəsləşdirən hər cür gözəllik versə də, zamanın sərt üzü onu hazırın naziri yox, daşdan çörək çıxaran edib. Məşədixanım Nemət sanki evə, rahat şəhər həyatına etiraz edərək, hətta hər kişinin girişmədiyi bir işə can atmışdır. Bütövlükdə, Məşədixanım Nemət əvəzsiz insandır. Müqəddəs sözlərdən biri qeyrətdirsə, Məşədixanım Nemət milli qeyrət abidəsidir..."


Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının "Azərbaycanın milli sərvəti" məqaləsindən:  "2001-ci ildə Tiflisdə 5 nəfər erməni aliminin iştirak etdiyi beynəlxalq konfransda Məşədixanımın öz epiqrafik tədqiqatlarına əsaslanaraq, ermənilərin nəinki Azərbaycana, hətta Qafqaza belə, gəlmə xalq olduqlarını, eləcə də Qarabağda, Zəngəzurda və indiki Ermənistan ərazilərində olan bütün tarix və mədəniyyət abidələrinin məhz əzəli-əbədi Azərbaycana aid edildiyini sübut etməsi indi də gözlərimin önündədir. Onun çıxışı ermənilərin üzərinə od kimi yağdı. O zaman Məşədixanım mənim gözümdə ahıl və zəif qadın kimi deyil, əsl qəhrəman cüssəli, şir ürəkli vətən qızı kimi göründü, məndə qürur hissi yaratdı və mən fəxr etdim ki, Azərbaycanın belə böyük alimi var". Ülkər Hüseynovanın "Vətəni öyrənən və qoruyan alim" məqaləsindən: "Əgər Məşədixanımın fəhmi, uzaqgörənliyi olmasaydı, qədim türk məskənlərimizin izləri birdəfəlik yer üzündən silinəcəkdi... O, erməni terrorundan qorxmayaraq, papazyanlara, akopyanlara, xaçikyanlara faktlarla tutarlı cavablar vermişdir... Məşədixanım həyat yoldaşını vaxtsız itirsə də, cəmiyyət üçün layiqli iki övlad böyütmüşdür". Məşədixanım Nemətin qızı, tarix elmləri doktoru Vəfa Quliyevanın dediklərindən: "Hələ 1991-ci ildə M.Nemətin "Azərbaycanın epiqrafik abidələri toplusu"nun 1-ci cildi çapdan çıxan zaman, Moskvada keçirilən konfransların birində şərqşünas alim Davidoviç həmin kitabı başının üstünə qaldıraraq demişdi: "Baxın, bu qadın sağlığında özünə abidə qoymuşdur..."


Məşədixanımın dediyinə görə, 1918-ci ildə ermənilər Bakıda soyqırım törədəndə Zabrat əhalisi kəndi tərk edərkən, xəstə babası evdən tərpənə bilməyib. Azğın ermənilər onu doğrayıb öz həyətində basdırıblarmış. Sonralar bu əhvalatdan çox təsirləndiyinə görə şəhid babası Nemətin adını özünə soyad götürüb..."


 Görkəmli alim, "daşlaşan sirlərin sirdaşı Məşədixanım Nemətovanın adı həmişə  yaşayacaq, əziz xatirəsi heç vaxt unudulmayacaqdır.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...