Nurlanə Əliyeva:
Mədəniyyət
14.01.2021 09:44
360

Nurlanə Əliyeva: "Dünya, səndən kimlər geçdi: Qəlblərdə yaşayan Mirzə Babayev"

Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi. Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı Mirzə Babayevin xatirə günüdür. 


Xatırlayaq. Ruhu şad olsun. 


Kimlər gəldi, kimlər getdi bu dünyadan

Arif olan nakam getməz bu dünyadan...


Böyük bəstəkarımız Soltan Haclbəyovun hörmətli şairimiz Zeynal Xəlilin sözlərinə yazılan  bu möhtəşəm  nəğməsini çox müğənnilər ifa edib. Cavanı da, yaşlısı da. Amma, yəqin ki, mənimlə razılaşarsınız  ki, bu mahnını Mirzə Babayev qədər ürəkdən, yanıqlı, yadda qalan oxuyan olmayıb... Azərbaycan estrada musiqisinin banilərindən biri Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərinin Maştağa kəndində dünyaya gəlib. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub. Mirzə Babayev bakılı ola-ola, heç vaxt deməzdi ki, "mən bakılıyam". Başqalarına da deyərdi ki, "bakılıyam" deməyin, deyin "Bakıdanam". Çünki tam əsilli-köklü bakılı əslində çox azdı. Mirzə Babayev də həmçinin. Mirzə Babayevin atası- Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib - demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb. Mirzə Babayevə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki Azərbaycan Sənaye Universitetində, çıxış edirmiş. Natəvan meydanındakı indiki "Sabina" mağazasının yerində "Metropol" restoranı yerləşirdi, orda da çıxış edib. Özü də o vaxt restoranlara mikrofonlar hələ gəlib çatmamışdı, müğənnilər ruporla oxuyurdular. Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədən qayıdandan sonra ( Yeri gəlmişkən müharibə vaxtı Mirzə Babayev Rostovda döyüşüb. Leytenant rütbəsi alıb, 4-5 medalla qayıdıb.) "Vətən" kinoteatrı, Gəncədə, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Nizami muzeyinin zallarının tərtibatında da iştirak edib. M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.


1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın. Amma Azərbaycan respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğundur. İlk dəfə Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. “Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim” deyirdi. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi. Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın dost olub. Tofiq Quliyev də bildiyiniz kimi çox filmlərin musiqisini bəstələyib. Deyirdi ki, əgər həmin filmdə Mirzə də çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdım ki, onun ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevə görə yazıb. Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynamışdır. Mirzə Babayevin müxtəlif vaxtlarda çəkildiyi filimlər müğənninin xalq arasında şöhrətini xeyli artırmışdır. O, 40-dan artıq  filmə (“Bəyin oğurlanması”, “Dəli Kür”, “Dərviş Parisi partladır” və s.) çəkilmiş, həmin filmlərdə yaddaqalan obrazlar yaratmış və filimlərdə mahnı ifa etmişdir. "Dərviş Məstəli şah”-da Dərviş, “Bəyin oğurlanması”nda Mirişin atası, “Dəli Kür”-də Dərviş rolları daha çox izlənir. Onun “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”. “Romeo mənim qonşumdur” filimlərində və sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılmışdır. Mirzə Babayev təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. "O olmasın, bu olsun" filmi çəkiləndə Məşədi İbad roluna onu çəkmək istəyirmişlər. Amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. İndi də belə müğənnilər yox dərəcəsindədir. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazırdılar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi. Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də yeganə şanson ifaçısıdır. Məsələn, “Bir utan qızına aşiq olarmı adam”, “Mən səni sevirəm” mahnıları zamanında əvəzsiz üslub idi. Mirzə Babayevdə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi.


Azərbaycan estradasının çevik, həyatsevər, səmimi sənətkarı müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Flarmoniyasında, Azərbaycan Dövlət Konsert birliyində çalışmışdır. Mirzə Babayevin radionun qızıl fondunda saxlanan xeyli mahnısı var. Xüsusilə o, Mirzə Ələkbər Sabirin sözlərinə yazılmış mahnıları xüsusi ustalıqla oxuyub. O, “Limanda”, “Saçlarına gül düzüm”, “Uzaq yaşıl ada”, “Kəpənək”, “Bahar sənsiz”, “Bir axşam”, “Dayan, zaman”, “Gəlmədi”, “Kimlər gəldi, kimlər getdi”, “Möcüzələr adası”, “Naxçıvanım”, “Çiçək kimi”, “Tanqo”, “Axı niyə danırsan?” kimi gözəl mahnıların ifaçısıdır. Çoxşaxəli yaradıcılıq yolu keçən Mirzə Babayev həm də memar və rəssam kimi tanınırdı. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi. Respublikamızın paytaxtı Bakı şəhərində, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və başqa şəhər rayonlarda onun layihəsinə əsasən binalar tikilmişdir. 


Xatirələrdən:

Azərbaycanın Xalq artisti Firəngiz Mütəllimova: “Mirzə Babayev çox gözəl insan idi. Müğənnilərə məsləhətlər verirdi. Maraqlı söhbətlər edirdi. Baxmayaraq ki, müğənni idi, aktyor kimi də gözəl obrazlar canlandırıb. Onun ən böyük üstünlüyü səmimi olmağı idi”. 


Azərbaycanın Xalq artisti Arif Quliyev: 
“Onun ifaçılığı, sənəti, insaniyyəti ayrı bir aləm idi. Akademik olmaq olar ,yaxşı insan olmaq isə çətindir. O, gənclərə böyük qayğı ilə yanaşırdı. “Bəyin oğurlanması“ filminin çəkilişlərində mənə çox dəstək olub. Deyirdi ki, “oğlum, səbrli ol, yaxşı oyna, qorxma, çəkinmə”. 


Azərbaycanın Xalq artisti Ənvər Həsənov: 
“Bütün Azərbaycan bilir ki, Mirzə Babayev gözəl ifaçı olub. Ancaq onun aktyorluğu da ifaçılığından geri qalmırdı. Onunla bir neçə filmdə birgə çalışmışıq. “Dəli Kür” filmində özünəməxsus obraz yaradıb. Eyni zamanda mahnı da səsləndirib. “Bəyin oğurlanması” filminin çəkilişləri zamanı Şeyx Əbdüllə məni filmin rejissoru olan Ceyhun Mirzəyevə kömək etmək məqəsdi ilə çəkiliş meydançasına göndərmişdilər. Orada Mirzə bəyin aktyorluğundan əlavə necə insan olmasının şahidi oldum. “Dərviş Parisi partladır” filmində onunla tərəf müqabili olmuşam. Mirzə Babayevi çəkilişlər zamanı yaxından tanıdım. O, gözəl insan, müğənni, tamaşaçılarına hörmətlə yanaşan sənətkar idi. Onun yaratdığı dərviş obrazı tarixə düşüb. Sözləri, kadrları hər yerdə tez-tez istifadə olunur. Həmin filmin çəkilişi zamanı günün sonunda bizə istirahət verirdilər ki, növbəti gün üçün taqətimiz olsun. Şamaxının Priqulu bölgəsində idik. Dostlarım gəlib məni qonaq apardılar. Səfurə İbrahimova və Mirzə Babayevlə birlikdə getdim qonaqlığa. Bütün kənd yığılıb Mirzə Babayevə baxmağa gəlmişdi. İndi danışıram, həmin səhnə gözümün qabağına gəlir. Gözüm dolur. Səfurə xanım dedi ki, Mirzə bəy bütün kənd yığılıb sənə baxır. Mirzə Babayev heç kimə heç nə demədən ayağa durdu, qonaq getdiyimiz həyətin ortasında dayandı və “Kəpənək” mahnısını oxudu. Nə fanaqrama, nə də musiqi var idi. Bu, onun böyüklüyünü göstərirdi. Zarafatcıl, zarafatı qəbul edən insan idi. Hər dəfə onun səsini eşidəndə sevinirəm”. 


Azərbaycanın Xalq artisti Hacı İsmayılov: “Yeniyetməliyim İçərişəhərdə olub. Tez-tez Flormoniyada Oktay Ağayevin, Mirzə Babayevin konsertlərinə baxırdım. Mirzə Babayev o vaxtdan yadımdadır. 1950-1960-cı illər olardı. Mən təsəvvür etməzdim ki, o məşhur müğənni olacaq. İş elə gətirdi ki, “Kino klubda görüş” verilişində onunla görüşdük. O, bizim daimi iştirakçılarımızdan birinə çevrildi. Ağbirçəyimiz Nəsibə Zeynalova da verilişdə iştirak edirdi. Nəsibə xanım yanına aktyor Telman Zeynalovu, Mirzə Babayev də məni çağırırdı. Deyirdi: ”Hacışka gəl, sən mənim yanımda otur”. “Ad günü” filminə çəkiləndə Rasim Ocaqovun də ad günü idi. Məni də ad günü məclisinə dəvət etmişdilər. Getdim, gördüm Mirzə müəllim, Emin Sabitoğlu, Maqsud İbrahmibəyov da orada iştirak edirlər. Emin Sabitoğlu, Mirzə Babayev məclisdə musiqisiz xeyli mahnı oxudu. Orada yadımda qalan onun iştirak etməsi idi. Onun qəribə bir enerjisi var idi. Çox koloritli insan idi".

Mirzə Babayevin həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə getmişdi. Mirzə Babayev onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: “Görün,  necə gözəldir!?” - deyirmiş.


Mirzə Babayevin milli musiqi mədəniyyəti sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1956-cı ildə "Azərbaycan SSR Əməkdar artisti", 4 mart 1992-ci ildə “Azərbaycan Respublikasının Xalq Artisti” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olmuş, bir sıra orden və medallarla təltif edilmişdir. O cümlədən 2002-ci ilin may ayının 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Şöhrət Ordeni” ilə təltif edilmişdir. Mirzə Babayev, həmçinin iki dəfə «Humay» premiyasına da laiyq görülmüşdür. Böyük sənətkar, qayğıkeş və səmimi insan Mirzə Babayev ömrünün 89-cu  ilində 2003-cü il yanvarın 13-də vəfat etmişdir. Bu gün Xalq artisti, kino aktyoru və estrada müğənnisi Mirzə Babayevin vəfatından 18 il keçir. ... Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma 89 yaşında Bakı Dövlət Universitetində tamaşaçılar qarşısında konsert verərkən, "bu mənim bəlkə də sizinlə son görüşümdir" demişdi və belə də oldu...


Hər dövranda bir gərdiş var,

Min rəng çalır bu rüzigar,

Hünər göstər – bir şey apar

Bu dünyadan, bu dünyadan.

...

Bir gün çəkər öz kərvanın

Bu dünyadan, bu dünyadan…

 
Mirzə Babayev mahnıda deyildiyi kimi, öz kərvanın çəkib getdi bu dunyadan.  Amma nakam getmədi. Yaşadığı ömür möhlətində həm sənətkar, həm də insan kimi çox sevildi, bəlkə də ən xoşbəxt  ömür yaşadı...


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...
Loading...