Nurlanə Əliyeva: Ədəbiyyatın susmayan vicdanı - zəmanə adamı Vidadi Babanlı
Mədəniyyət
07.01.2021 09:38
394

Nurlanə Əliyeva: Ədəbiyyatın susmayan vicdanı - zəmanə adamı Vidadi Babanlı

Azərbaycanın Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü VİDADİ BABANLInın doğum günüdür. Ürəkdən təbrik edir, can sağlığı, sağlıqlı uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq!


Vidadi Babanlının adı çəkiləndə ilk öncə  vaxtilə böyük ədəbi hadisəyə çevrilmiş  "Vicdan susanda" əsəri yada düşür. Üzü məktəb illərindən bu yana bu romanı nə qədər oxuduğumun sayını belə itirmişəm. Ona görə də, bu əsər haqqında düşünəndə həm də uşaqlığımı, gəncliyimi, doğma el-obamı , əzizlərimi xatırlayıram...


Vidadi Yusif oğlu Babanlı. O, 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur.  Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Sonralar "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir. İlk şeirləri "Dönüş", "Təbrizdə bir gecə" poemaları dövri mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunmuşdur. O, "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlamışdır. Bundan başqa Vidadi Babanlı "Vicdan susanda", "Bulanlıq dünya", "Ana intiqamı" və s. sevilən əsərlərin müəllifidir. 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər "Öz evində qonaq" pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. "Kişilik haqqında himn" şeirlər toplusu "Xəzər" nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). "Dərd məni dilləndirir" (2003) publisistik əsərlər toplusu, "Mənim gizlinlərim" (2002-2003) avtobioqrafik romanı, "Ana intiqamı" (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur. Vidadi Babanlı nə yazdısa, qəbul olundu,  sevildi. Çünki susmadı, ürəyindın keçənləri, düşündüklərini deməyə çəkinmədi, qorxmadı. Ona görə də, onun "Vicdan susanda" romanı zamanında da sevildi, bu günəcən də cəsarətlə yol gəldi. Hər birimizin stolüstü kitabına çevrildi.


Vidadi Babanlınln bu kitabı barədə təəssüratları, söylədikləri bizim üçün də çox maraqlı oldu: "Hər bir yazıçının bir və ya iki əsəri digərlərinə nisbətdə çox məşhur olur. Məsələn, Lev Tolstoy deyiləndə "Hərb və sülh" və "Ana Karenina" yada düşür. Dostoyevskinin adı çəkiləndə "Cinayət və Cəza" və "Karamazov qardaşları" xatırlanır. Stendal deyəndə "Qırmızı və qara" yada düşür. Yəni hər bir yazıçının elə əsəri olur ki, digər əsərlərindən daha çox sevilir və qəbul olunur. Bu mənada, mənim də "Vicdan susanda" romanımın digər əsərlərimdən daha çox sevilməsi sevindirici haldır. Əsərlər də övladlar kimidir. Nə qədər desək də ki, bütün övladlarımızı eyni qədər istəyirik, olmur. Hansısa məqamda bir övladı daha çox hüsnü-rəğbətin olur. Mən "Vicdan susanda" əsərini uzun illərə yazmışam. Həmin romana görə başıma çox müsibətlər gəlib. Bu əsərə görə məni Kommunist partiyasından çıxarmaq istəyirdilər. Bu da ömürlük kitabımın bağlanması demək idi. Çünki partiya üzvü olmayanda səni işə götürmürdülər, çap olunmurdun, bütün siyahılardan adın çıxarılırdı və s.  Bu əsəri AYB-nin iclasda müzakirəyə qoydular ki, roman antisovet əsəridir, sovet adamının vicdanı nə üçün susmalıdır, bütün bunlar böhtandır. Süleyman Rüstəm, Əli Vəliyev, Osman Sarıvəlli, Rəsul Rza partiyadan çıxarılmağımın əleyhinə oldular, təklif etdilər ki, bu cavan oğlandır, onu partiyadan çıxartmaq gələcəyinin üstündən xətt çəkmək deməkdir, ona görə də şifahi töhmətlə kifayətlənmək lazımdır. Mən də hirsləndim partiya biletini cibimdən çıxarıb stola çırpdım, bilet diyirlənib Mirzə İbrahimovun qarşısında yerə düşdü. Qapını çırpıb getdim. Həmin gecə Brejnevə məktub yazdım ki, bu ölkədə yaşamağıma imkan yoxdur mənə başqa ölkəyə getməyə şərait yaradın. Səhəri gün məni işdən çıxardılar, 4 il işsiz qaldım, çox çətinliklər çəkdim. Radio və qəzetlərə kolxozlardan oçerklər yazaraq bir təhər dolanırdım. Bu illər ərzində "Vicdan susanda" əsərinin ikinci kitabını da tamamladım. Əsəri rus dilinə tərcümə etdirmək istəyirdim. Məmmədcəfər Cəfərov adlı akademik vardı, onunla bir binada qalırdım. O mənimlə yolda rastlaşdı dedi ki, sənin əsərini rəyə göndərmişdilər müsbət rəy yazdım. Sonra dedi ki, bu əsəri rus dilinə tərcümə elətdir, rus ziyalıları bu əsəri daha yaxşı qəbul edər. Dedim ki, mənə olan münasibəti görürsünüz, bu əsəri tərcümə edərlərmi? O sağollaşıb gedəndə "bir şey fikirləşərik" dedi. Bir həftə sonra əsəri məndən istədilər. Əvvəlcə hərfi tərcümə edildi. Sonrasa bədii tərcümə edildi və çap olundu. Moskvada əsər haqqında müsbət rəylər çap olunandan sonra mənə burda münasibət yaxşı mənada dəyişdi. Əsər 2 dəfə 30.000, 3 dəfə isə 100.000 tirajla çap edildi. Daha sonra əsər Ukrayna, özbək, tatar, fars, türk dillərində nəşr edildi. "Vicdan susanda" əsərini bu səbəblərə görə sevirəm. 


"Bulanlıq dünya" əsərini isə yenidən işləyirəm, yaxın vaxtlarda "Zəmanə adamı" adı ilə çap etdirməyi düşünürəm..."


Dediyi kimi də etdi dəyərli yazıçımız.  Çox çəkmədi,  "Zəmanə adamı" işıq üzü gördü. 


Bağladı dilimi zamanın zəhmi,

Yüzdə bir sözümü deyə bilmədim.

Əyil keç, dedilər, saqqal altından

Vüqarlı qəddimi əyə bilmədim.


Böyük və dəyərli yazıçımız Vidadi Babanlı özü zəmanə adamı ola bilməsə də, “Zəmanə adamı” haqqında iki hissəli möhtəşəm bir roman yazdı, roman içində roman... "Zəmanə adamı" romanı yaxın keçmişimizdən - bir ictimai-siyasi quruluşdan digərinə keçid dövrünün hadisələrindən bəhs edir. Həmin dövrdə xalqımızın azadlığı və müstəqilliyi uğrunda çarpışan həqiqi vətənpərvər mübarizlərlə yanaşı, bu hərəkata öz şəxsi məqsədləri, cılız mənafeləri üçün qoşulanlar da az olmamışdır. Belələri qarışıqlıqdan maksimum bəhrələnərək lotuluq, dələduzluq, fırıldaqçılıq, cilddən-cildə girmək üsulları ilə yeni quruluşda mövqe, bolluca gəlir qazandılar, cəmiyyətin "liderlərinə" çevrildilər.  Romanın "qəhrəmanı" Əfsun Zamanlı həmin adamların timsalı kimi qələmə alınmışdır. Əvvəlcə məharətlə məhəbbət oyunu oynayıb gözəl, namuslu bir qadını (Durnanı) yoldan çıxarır, təmiz sevgi əsasında qurulmuş ailəni dağıdır, faciə törədir. Sonra mahir kələklər vasitəsilə azadlıq carçıları sırasına qoşularaq öz arzularına çatır. Əsər canlı və dəqiq müşahidələr, gerçək müşahidələr, gerçək həyat hadisələri əsasında yazılmışdır.


Son söz yerinə:


Azərbaycanın Əməkdar İncəsənət xadimi Vidadi Babanlının əsərlərini təkrar vərəqlədikcə sanki onu yenidən kəşf etdim. Bu mübaruz, sözübütöv İnsanın xarakterinə, böyüklüyünə həsəd apardım. 

"Bir neçə əsərim yaddaşlarda qalacağını biləndə rahat oluram. Xoşbəxtəm ki, az-çox ədəbiyyatda nəsə edə bilmişəm" - deyir Vidadi Babanlı. 


Bu böyük, həyatı mübarizələrlə dolu qalib yazıçımızın nə qədər haqlı olduğunu hər an düşünürəm...


Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...
Loading...