Nurlanə Əliyeva:
Mədəniyyət
19.12.2020 23:59
170

Nurlanə Əliyeva: "Həyatım ağrıyır..." - Ənvər Məmmədxanlı

Görkəmli tədqiqatçı Abbas Zamanovun təbiriylə desək "nəsrimizin şairi", Azərbaycanın Xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, kino-dramaturq Ənvər Məmmədxanlının xatirə günüdür.


Hörmətlə xatırlayaq. 


Ənvər Məmmədxanlı həyatsevər insan idi, gəncliyində dünyanın ləzzətlərindən zövq almağı bacaran adam kimi yaşlı çağında da şövqündən, yaşamaq, düşünmək, mübahisə etmək həvəsindən qalmamışdı. Amma bu nikbin təbiətli bir insanın ömrü boyu "həyatı ağrımışdı". 


Görəsən, niyə belə demişdi?


Xalq yazıçısı Anarın xatirələrindən: 


"Uşaqlıq illərimdən xatırlayıram, hərdən-birdən xoş məclisdə, ya şirin bir söhbət əsnasında Ənvər Məmmədxanlı birdən-birə öz içəri dünyasına qapılardı, elə bil gözlərinə hansısa uzaq bir xatirənin kölgəsi çökərdi və o zaman xəbər alanda: "Nə olub sənə, nə var?" – dalğın-dalğın cavab verərdi: – "Həyatım ağrıyır". 


Bilmirəm bu ifadə onun hansısa əsərinə düşübmü? Gərək ki, yox. Hər halda çap olunmuş əsərlərində rast gəlmədim. Bəlkə hələ üzə çıxarılmamış əlyazmalarında, gündəliklərində, qeydlərində – "Qəlpələr"ində hardasa düşüb qalıb bu söz. O uzaq illərdə mən bu ifadəni orijinal bir obraz, qəribə bir təşbeh sayırdım. Hər şeyi daha dəqiq qavramağa başlayandan sonra Ənvər Məmmədxanlının şəxsiyyətini, bioqrafiyasını daha dərindən dərk etdikdən, özüylə və ailəsiylə bağlı bütün məşəqqətlərinə vaqif olandan sonra anladım ki, bu yalnız gəlişigözəl söz deyilmiş – Ənvər Məmmədxanlı taleyinin çox sərrast, çox dürüst düsturu imiş."


Ənvər Qafar oğlu Məmmədxanlı...


Ürəklərə yol tapan lirik hekayələrin, pyeslərin, ssenarilərin, bədii tərcümələrin müəllifi. Azərbaycanın tanınmış yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1963)...


Qısa arayış:


Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Şair Rəsul Rzanın həm əmisi oğlu, həm də xalası oğludur. Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikumunda təhsil alıb (1926-1931). Sonra Bakıda mexaniki zavodda energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. 


Görkəmli tədqiqatçı Abbas Zamanovun təbiriylə desək "nəsrimizin şairidir Ənvər Məmmədxanlı".  Onun həyat yolu adi olmayıb. Əvvəl sənaye texnikumunda oxuyub. Amma yazıçılıq üstün gəlib, qələmə sarılıb. Ənvər Məmmədxanlı ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb.  O, "Burulğan" adlı povestilə ədəbiyyat aləminə qədəm qoyub. Sonra Moskvada oxuyub və yeni-yeni əsərləri ilə oxucularını sevindirib. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.  "Şərqin səhəri" dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu, yaradıcı insan öz yerini vətəni yadelli işğalçılardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə, ümumən, o dövr publisistikamızda olduğu kimi zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. Ədibin üslubunda hekayəçiliklə mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb... Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci Dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub. Deyiıənə görə Ənvər Məmmədxanlı böyük ədibimiz Hüseyn Cavidin qızı Turan xanımı sevib. Lakin Hüseyn Cavidin "xalq düşməni" elan edilməsinə görə bu evlilik baş tutmayıb. Və bir-birini sevən cütlük heç zaman evlənməyib. Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.


Azərbaycanın tanınmış yazıçı-dramaturüu Aqşin Babayevin “İşıqlı bir iz” kitabından:


"Ədəbi tənqidimiz Ənvər Məmmədxanlı yaradıcılığından həmişə böyük məftunluqla söz açmış, onu "az yazan böyük sənətkar" adlandırmışdı. Əslinə baxanda onun əsərləri sayca heç az da deyil. Qələmini ədəbiyyatın əksər janrlarında sınayan sənətkar bütün sahələrdə eyni səviyyədə nadir incilər yaratmışdır. Onun "Bakı gecələri", "Karvan dayandı", "Buz heykəl", "Qaralmaz günəş", "Qızıl qönçələr" kimi hekayələri də, "Şərqin səhəri", "Od içində" kimi pyesləri də, "Bəxtiyar", "Babək" kimi kinossenariləri də sənət zirvəsinə yüksələn əsərlərdir.


Ənvər Məmmədxanlının bir qələm sahibi kimi üstünlüyü ondadır ki, o, sənətə, milli zəmini Nizaminin, Füzulinin nəfəsindən yoğrulmuş ölməz məbəd kimi səcdə etmiş və bu məbədə layiq olmayan əsərlərini meydana çıxarmamışdır. Ənvər Məmmədxanlı yaradıcılığında Cənubi Azərbaycan mövzusu da mühüm yer tutur. Bir müddət Təbrizdə olmuş yazıçı "Od içində" pyesini şahlıq dövründə mütləqiyyətə qarşı yorulmadan, dönmədən mübarizə aparan fədailərə həsr etmişdi. Həmin pyesdə qəhrəmanın dililə deyilmiş bu sözlər necə də əzəmətlə səslənir: "Verdiyimiz ağır qurbanlar bizi sarsıtmayacaq, qabağımızı dar ağaclarından meşələr kəssə belə, mübarizə ruhumuz qırılmayacaqdır. Böyük müsibətlərə davam gətirən xalqın böyük bir səadətə haqqı var. Bu gün əsir olan xalqımız sabah bu od içindən çıxacaqdır".


Ənvər Məmmədxanlı haqqında ürək sözümü "Ədəbiyyat və incəsənət" qəzetində belə demişdim:


"Nə yazmışamsa, Ənvər Məmmədxanlıya borcluyam. Onu müəllimim sanıram. Ürəyimdə heç zaman unutmadığım - bir xatirə yaşayır. Orta məktəbdə qoltuq ağacları ilə gəzən bir müəllimimiz vardı. Onun da adı Ənvərdi. Ənvər müəllim. Günlərin birində bizə bir hekayə oxudu: Ənvər Məmmədxanlının "Buz heykəl" hekayəsini. Hamımız - atasını müharibədə itirənlər də, itirməyənlər də o hekayəni böyük sarsıntı ilə dinlədik. Və... mən ədəbiyyata bağlandım".


Ənvər Məmmədxanlı məndən söz düşəndə bir dəfə deyibmiş: "O, mənim tələbəmdir". Fəxr edirəm bu sözlə". 
Ənvər Məmmədxanlı. Bu gün Azərbaycanın bütün ədəbi aləmində hər kəs, elə biz də bu adla, bu gözəl simalı yazarla fəxr edir və onunla gerçəkdən qürur duymağa dəyər!


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...