Nurlanə Əliyeva: İlk şəhid qadın, jurnalist  - SALATIN ƏSGƏROVA - FOTO
Cəmiyyət
17.12.2020 23:31
233

Nurlanə Əliyeva: İlk şəhid qadın, jurnalist - SALATIN ƏSGƏROVA - FOTO

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Azərbaycanın ilk şəhid qadın jurnalisti SALATIN ƏSGƏROVANIN doğum günüdür.


Məkanı cənnət olsun.


Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna indiki Azərbaycan Dövlət Akademiyasına daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir. Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. “Molodyoj Azerbaydjana” qəzetində jurnalist kimi fəaliyyət göstərir. Qəzetin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazır, tez-tez cəbhənin qaynar nöqtələrində olur. Həmçinin heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışır.


Hazırladığı reportajlarla müharibənin ən qızğın nöqtələrindən xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu kütləsi yığmağı bacarır. Bir oğul anası olan Salatın onun gələcəyi, əmin-amanlıq içərisində yaşaması üçün bu çətin yolu seçmişdi. Hər zaman olduğu kimi yenə əcəl ölüm zəngini vaxtında çalmır. Daim ön cəbhədə olan Salatın Əsgərova bir gün ordan geri dönə bilmir. İnsanlar onun yazılarını gözləyərkən ölüm xəbəri gəlir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulur və elə oradaca qətlə yetirilir. Qeyrətli vətən qızı 


Salatın Əsgərivadan geriyə torpaq üçün göstərdiyi qəhrəmanlıqları, vaxtında hazırladığı reportajları və bir oğlu qaldı. Hazırda onun oğlu Ceyhun Əsgərov da anasının yolunu davam etdirərək,  jurnalist kimi fəaliyyət göstərir.


Vəfatından sonra Azərbaycanın qəhrəman qızı Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.  


Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Salatın Əziz qızı Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Hazırda Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri də onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulmuşdur. Yaşadığı binaya barelyefi vurulmuşdur. Yaxınlığında həlak olduğu kənd “Salatınkənd" adlanır. 


O bizə bir daha anlatdı ki, aslanın erkəyi-dişisi olmaz.


Oğlu Ceyhun Əsgərovun xatirələrindən:


- O elə bir insan idi ki, sonunda ölüm belə olsa, sözün deyərdi. Nə xahiş, nə tapşırıq, nə rüşvət onu haqqı deməkdən çəkindirə bilməzdi. O, ədalətli insan və jurnalist idi. Düz bildiyi yolda heç nədən qorxmazdı. Elə buna görə də, 1988-89-cu illərdə ölkədə baş verən ictimai-siyasi hadisələrdən sonra, belə bir çətin zamanda o jurnalistikaya gəlib.


Mən ondan çox şey öyrənmişəm. 


O vaxtı mənə diktofon almışdı. Harasa gəzməyə gedəndə məni göndərirdi ki, gedim insanlardan müsahibə alım. Əlbəttə ki, anam jurnalistikaya gəlməyimdə stimul olub. Amma öz savad və zəhmətimi də dana bilmərəm.


Ümumiyyətlə, anamdan cəsurluq, doğrunu deməyi öyrəndim. Mən sualı dolayısıyla vermirəm, sözü sətiraltı demirəm. Anam kimi birbaşa, olduğu kimi, konkret müsahibə verirəm...


Tanrı Salatın xanımın məkanını cənnət, ruhunu şad etsin. Milli Qəhrəmanın oğlu telejurnalist Ceyhun Əsgərova isə o qədər ömür versin ki, anasının arzularını həyata keçirməyı bəs eləsin!


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

MediaBaku.az


Loading...