Nurlanə Əliyeva:
Mədəniyyət
23.12.2020 01:14
189

Nurlanə Əliyeva: "Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır..." - Nəsir İmanquliyev

Dekabrın 22-si Azərbaycanın tanınmış jurnalisti, elm xadimi və ictimai xadim, milli mətbuat korifeyi, əziz Müəllimim Nəsir İmanquliyevin doğum günüdür. 


Hörmətlə xatırlayaq.


Ruhu şad olsun.


"Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”, - deyirdi Nəsir müəllim.


"Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin, heç olmasa düşünün ki, haradasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan yazmayın, insanları aldatmayın" -  bunu da Nəsir müəllim demişdi. 


O, tarixin ona məxsus dönəmində jurnalistika sahəsində öz misilsiz xidmətləri ilə seçildi. Təkcə elə "Bakı" və "Baku" qəzetlərindəki fəaliyyətini demək kifayət edər ki, dövrünün novatoru kimi dəyərləndirilsin.


"Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu,qələmlərin kəsərliliyidir. Qəzet beyinlərə mənəvi qida verən, fikirlərə və düşüncələrə işıq bəxş edən kəsərli vasitədir" deməklə həm də diğər qələm sahiblərinə yeni bir çağırış edirdi.


Nəsir İmanquliyev - Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, Əməkdar Jurnalist, Ustad redaktor, pedaqoq və ictimai-siyasi xadim.  


O, ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Professor Nəsir İmanquliyev bütün fəaliyyəti ərzində Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrini davam etdirmiş, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən yazıları ilə mətbuat tariximizə layiqli töhfələr vermişdir. 


Onun fəaliyyəti, yaradıcılığı da, öz növbəsində, böyük simaların, jurnalist ordusunun yetişməsində tarixin əhəmiyyətli bir mərhələsi olmuşdur.


Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.


Nəsir müəllim müharibə və inqilab illərindən keçən çətin, keşməkeşli, lakin şərəfli bir ömür yaşayıb. “Komunist” qəzetini səhifələrindən başlanan “Yeni yol”, “Gənc işçi”, “Vuruşan Krım” qəzetlərindən keçən, Bakı şəhər partiya komitəsində şöbə müdiri, Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsi müdirinin müavini, Mədəniyyət nazırliyi Baş Radioməlumat İdarəsinin rəisi, Azərbaycan SSR Nazırlər Soveti yanında Radio və Televiziya Komitəsi sədrinin birinci müavini vəzifəsinədək şaxələnən ömür, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən-elmi-pedaqoji fəaliyyətdən “Bakı” və “Baku” qəzetlərinə-peşəkarlığın zirvəsinədək yüksələn tale yolları... 


Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də var, inadkar yolçunun- Nəsir İmanquliyevin dünyaya fərdi baxışı, uğurları da. 


Bu yollarda heç vaxt əqidəsindən dönməyən, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və onun novator yaradıcılığı, Azərbaycan jurnalistikasında açdığı çığırı, yolu var. Və bu ömür yolunun işığı - yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva, Nəsir İmanquliyevin “on oğlana dəyişmədiyim iki qız nəvəm, yüksəklərə uçduğum qoşa qanadım” adlandırdığı Azərbaycan elm və mədəniyyətinə töhfələr verən Mehriban xanım və Nərgiz xanım Paşayevalar...


Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömür yolunun 70 ilini kütləvi informasiya vasitələrinin  quruculuğu işinə həsr etmiş Nəsir İmanquliyev milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə öz töhfələrini vermişdir. 


Nəsir müəllim dəyərli ziyalı, jurnalist, yüksək təkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar pedaqoq idi. 


O, elmi pedaqoji fəaliyyəti dövründə tələbələrinə qarşı həmişə həssas, qayğıkeş yanaşmış, ləyaqətini hər şeydən uca tutan müəllim imici qazanmışdır. Məhz bu səbəbdəndir ki, görkəmli alim xeyirxah əməlləri, insani keyfiyyətləri, mərhəməti və şəfqəti ilə bu gün də yetirmələrinin, tələbələrinin, sevənlərinin qəlbində yaşayır, xatirələrindən silinmir. 


Nəsir məllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs demiş, milli kadrların formalaşmasında mühüm rol oynamış, bugünkü ali jurnalistika təhsilinin simasını müəyyənləşdirən və onun təməli sayıla biləcək bir sıra ixtisas kurslarının yaradıcısı olmuşdur.


Universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan görkəmli pedaqoq “Bakı” və “Baku”nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrətmiş, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laborotoriyasına çevirmişdir. Göründüyü kimi, pedaqoq-alim, istedadlı qələm sahibi “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı körpü yaratmışdır. Bu fəaliyyət professor Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli, səmərəli xidmətlərindən biridir.


Qısa arayış:


Nəsir İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. 


Dövri mətbuatda ilk yazıları tələbəlik illərində çap olunmağa başlayır. Tələbəlik illərində "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində çalışır. İkinci dünya müharibəsi zamanı, 1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilir, orada o, "Vuruşan Krım" qəzetinin məsul katibi kimi çalışır, həmçinin hərbi hissədə tərcüməçi kimi kömək edir.


Bir il sonra Nəsir İmanquliyev "Kommunist" qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görür. 1947-ci ildə o, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlamışdır.


1958-ci ildə Nəsir İmanquliyev "Bakı" qəzetini yaradır və 10 yanvar 1958-ci il tarixində qəzetin ilk nömrəsi işıq üzü görür. 1963-cü ildə isə "Баку" qəzeti rus dilində fəaliyyətə başlayır. Nəsir İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışmışdır.


Nəsir İmanquliyev 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.


Nəsir İmanquliyev Balahəsənli bəylərindən olan Yusif bəy Sultanovun qızı Gövhər Sultanzadə ilə ailə həyatı qurmuş və bu evlilikdən onların yeganə qız övladı, görkəmli şərqşünas alim Aida İmanquliyeva dünyaya gəlmişdir. 


Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.


"Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır, peşəsini kiminsə pul kisəsindən asmamalıdır”,- deyirdi Nəsir müəllim. 


Peşəkar jurnalistin, nəzəriyyəçi alimin vaxtilə söylədiyi sözlər bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir. 


ALLAH rəhmət eləsin.


Ruhunuz şad, məkanınız cənnət olsun, əziz Müəllimim!


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...