Nurlanə ƏLİYEVA:  Milli pediatriyamızın fəxri  - ƏDİLƏ NAMAZOVA
Mədəniyyət
16.12.2020 18:15
279

Nurlanə ƏLİYEVA: Milli pediatriyamızın fəxri - ƏDİLƏ NAMAZOVA

Solmuş çöhrələri həyat təbəssümünə boyayan insan Ədilə Namazova ömrünün 94-cü ilində vəfat etdi

Allah rəhmət eləsin.

"Xəstə uşaqları müalicə edəndə, onları həyata qaytaranda sevincimin həddi-hüdudu olmur" deyirdi  Ədilə Namazova.

İctimai xadim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor ƏDİLƏ NAMAZOVA.

Azərbaycanın elmi-tibbi və mədəni ictimaiyyəti ölkə səhiyyəsinin və təhsilinin görkəmli nümayəndəsi, AMEA- nın həqiqi üzvü, vətənpərvər ziyalı Ədilə Əvəz qızı Namazova çox mənalı, maraqlı, fədakar həyat yaşamışdır. O, həyatda az təsadüf edilən elə insanlar sırasına daxildir ki, onlar məqsədyönlü olaraq öz istedad, bilik və bacarığını xalqın, cəmiyyətin xeyrinə sərf edirlər. 


Azərbaycanda səhiyyənin, tibb elminin inkişafında və tibb kadrlarının hazırlanmasında xüsusi xidmətləri olan Ədilə Namazova Pediatriya üzrə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı qadın kimi tibb tarixinə adı əbədi həkk olunub.

Nə yaxşı ki, doğma vətəni - Ağdamın alınmasını gördü

Ədilə Namazova 1926-cı ilin sentyabr ayında gözəl Qarabağın dilbər guşəsi olan Ağdam rayonunun Seyidli kəndində həyata göz açmışdır. Gələcəyin tanınmış ziyalısı  hələ uşaq yaşlarından ağıllı, zirək və fərasətli olması ilə yaşıdlarından fərqlənmişdir. Onun Ağdam rayon 1 saylı məktəbində oxuduğu ötən əsrin 40-cı illəri İkinci Dünya müharibəsi, xalqın ağır güzəranı, aclıq, məhdudiyyətlər, bir sıra xəstəliklər tüğyan etdiyi bir dövrə düşmüşdür. Yeniyetmə vaxtlarından Ədilə dərsdənkənar vaxtlarda və tətillərdə kolxozda kənd əməkçilərinə məhsul yığımında kömək üzrə şagirdlərarası yarışda birinci yerə çıxmış və 1944-cü ildə yüksək göstəricilərinə görə SSRİ gənclər təşkilatı mərkəzi komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdur.

 Gələcəyin həkimi və orta təhsili əla qiymətlərlə 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuşdur. 1949-cu ildə Tibb İnstitutunu müvəffəqiyyətlə bitirən Ədilə Namazova doğma Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının müdiri işləmişdir. Uşaq səhiyyəsi sahəsində fədakarlıqla, ləyaqətlə çalışaraq yaxşı nəticələrə, uşaq ölümünün azalmasına nail olduğuna görə gənc həkim dəfələrlə rayon səhiyyə şöbəsinin, Səhiyyə Nazirliyinin tərifnamə və təşəkkürlərinə layiq görülmüşdür.

Ədilə Namazova Ağdam rayonunda deyil, bütün Qarabağ bölgəsində – Şuşa, Laçın, Tərtər, Ağcabədi, Füzuli rayonlarında da böyük şöhrət qazanmışdır. Lakin o, bununla kifayətlənməmiş, bilik və bacarığını daha da artırmaq, səhiyyənin inkişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirmək, elmi axtarışlara qoşulmaq arzusu ilə yaşamışdır.

"Mənim iş yerim körpə uşaqların evidir" 

Adilə xanım uşaqları çox sevirdi. O öz çıxışlarında "mənim bir neçə iş yerim var. Amma qeyri-rəsmi bir iş yerim var ki, o da körpə uşaqların evidir" - deyirdi.



O özünü körpə uşaqların, atılmış, sevgidən məhrum uşaqların anası hesab edirdi. Bu baxımdan tez-tez uşaq evlərində, sanatoriyalarda olur, onların problemlərini həll etməyə çalışırdı. 

Uşaqlarda ürək, qan-damar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsullarının tapılması ilə dərindən maraqlanan Ədilə xanım gərgin müsabiqədə yüksək bal toplayaraq aspiranturaya qəbul olunmuşdur. O, 1954-1957-ci illərdə Moskva şəhərində sovet pediatriya elminin dünya şöhrətli patriarxı, SSRİ Tibb Elmləri Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı G.N.Speranskinin rəhbərliyi ilə  elmi iş üzərində çalışmaqla yanaşı, onun başçılıq etdiyi uşaq xəstəlikləri kafedrasında işləmişdir.

 Azərbaycanlı aspirant öz tədqiqatında yeni kompleks elektrofizioloji üsullardan   istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş, o dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini aydınlaşdırmış, rasional müalicə üsullarını təklif etmişdir. 

Həmyerlimiz Moskvanın dünyaşöhrətli elm mərkəzində xəstə uşaqların gələcəkdə sağlam, cəmiyyətə yararlı olması üçün fərdi həyat şəraitini qurması, davranışı, ixtisas, sənət seçməsi haqqında tədbirlər kompleksi tərtib etmiş, səmərəli təkliflər vermişdir.


  Bu tədqiqatların yekunlarını ümumiləşdirən Ədilə Namazova SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün elmi işini uğurla müdafiə etmişdir. Dünyanın görkəmli alimləri həmin dissertasiya işini yüksək qiymətləndirmişlər.

 1957-ci ildə Ədilə Namazova Bakıya qayıdaraq Tibb İnstitutunun Pediatriya kafedrasında assistent işləməyə başlamış, tezliklə bu nüfuzlu ali məktəbin professor-müəllim heyətinin və tələbələrinin rəğbətini qazanmışdır. Pediatr-alim saysız-hesabsız xəstə uşaqları sağaltmış, vaxtaşırı  teleradio efirində, qəzet-jurnal səhifələrində valideynlərə gərəkli məsləhətlər vermiş, ölkə əhalisinin diqqətini cəlb etmişdir.

 Əldə etdiyi nailiyyətləri artırmağa, elmin yüksək zirvələrinə can atan alim yeni axtarışlar aparmaq üçün təzədən Moskvaya getmiş, SSRİ Tibb Elmləri Akademiyasında məşhur cərrah, akademik B.V.Petrovskinin klinikasında doktorluq dissertasiyası üzərində çalışmağa başlamışdır.

Ədilə Namazova XX əsrin altmışıncı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının araşdırılmasında ümidverici tədqiqatlar aparmışdır. Azərbaycanın pediatr aliminin bu axtarışlarına görə Ədilə Namazovaya SSRİ Dövlət İxtira Komitəsindən 5 vəsiqə verilmişdir.

Elmi araşdırmalara əsaslanaraq yenilikçi alim ürək üzərində cərrahi əməliyyatın aparılmasına göstəriş və əks göstərişi təyin etmiş, cərrahiyyədə isə hansı əməliyyat üsulunun uşaq orqanizmi və ürək üçün zərərsiz aparılmasını və əlverişli olduğunu sübut etmişdir.

Ədilə Namazova dünyada ilk və yeganə pediatr idi ki, uşaqlarda anadangəlmə ürək qüsurları zamanı belə sanballı, çoxtərəfli, dərin elmi tədqiqatlar aparıb konservativ və cərrahi müalicə üsullarını işləmiş, fəsadların qarşısını almaq tədbirlərini təklif etmiş, ürək üzərində aparılası cərrahi əməliyyatın proqnozunu vermiş, cərrahi əməliyyatdan sonrakı yaxın və uzaq dövrlərdə (1 ilə qədər, 5 ildən sonra) olan müsbət və mənfi dəyişiklikləri ətraflı, bütün dəqiqliyi ilə öyrənmişdir.

Belə elmi tədqiqatlardan alınan məlumatların əsasında ürək üzərində uğurlu cərrahi əməliyyatların aparılmasına görə 1965-ci ildə Ədilə Namazova Seçenov adına I Moskva Tibb İnstitutunda doktorluq elmi dərəcəsi almaq üçün dissertasiyanı da böyük uğurla müdafiə etmişdir. Bununla o, pediatriya üzrə tibb elmləri doktoru adı alan ilk azərbaycanlı qadın olmuşdur.

Beləcə, Ədilə Namazova dünyanın məşhur, aparıcı alimlərinin məktəbini keçərək həkim- klinisist, pediatr- alim kimi püxtələşərək Bakıya qayıtmış, Azərbaycan Tibb İnstitutunda kafedra müdiri seçilmiş, 1966-cı ildə ona professor elmi adı verilmişdir.

Ədilə Namazova onu həmişə narahat edən respublikada pediatriya elmi məktəbinin olmaması problemini həll etmək üçün də əməli işlərə başlamışdır. Azərbaycan elmini zənginləşdirmək, müasirləşdirmək məqsədilə alim respublikada ilk dəfə Bakı şəhəri E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında incə, dəqiq xüsusi biokimyəvi laboratoriya və ürək, tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz təşkil etmişdir. 

O həm də müxtəlif uşaq xəstəliklərinin inkişaf mexanizmi, xəstəlik zamanı baş vermiş incə dəyişikliklər araşdırılıb aydınlaşdırılmışdır. Həmin araşdırmaları aparmaq üçün Ədilə xanım istedadlı gənc həkimləri, yuxarı kurs tələbələrini elmi  işə cəlb etmişdir. Alimin yetirmələri onun rəhbərliyi altında böyük həvəslə çalışmış, bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə etmişlər. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq Ədilə Namazova pediatriya elmi məktəbini yaratmışdır.

Təbabətdə aktual elmi problemləri araşdırdığına, yeni elmi nailiyyətlər əldə etdiyinə, yüksək ixtisaslı alimlər hazırladığına görə Ədilə Namazova 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Bu, Azərbaycan elminin növbəti ciddi uğuru olmuşdur. O, ilk azərbaycanlı qadın olaraq, belə yüksək elmi ada layiq görülmüşdü. 


SSRİ-nin süqutundan sonra da soydaşımızın elmi nailiyyətləri yüksək qiymətləndirilmiş, o, Rusiya Tibb Elmləri Akademiyasına da üzv seçilmişdir.

Görkəmli pediatr 1972-ci ildə azərbaycan dilində ilk "Uşaq xəstəlikləri" dərsliyini yazıb nəşr etdirmişdir. O, 1972-ci ildə Azərbaycan Pediatrlar qurultayında Azərbaycan Pediatrlar Cəmiyyətinin sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü seçilmişdir. 

Azərbaycan pediatriya elminin inkişafına ciddi töhfələr vermiş Ədilə Namazova 1982-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Respublikada pediatriya sahəsində elmi kadrların hazırlanmasında alimin xüsusi rolu olmuşdur. Alimin rəhbərliyi ilə 62 namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Hazırda onun yetişdirdiyi tibb elmləri doktorları, professorlar Ə.Namazovanın davamçısı kimi özləri də ardıcıllarını hazırlayırlar. 

Ədilə xanım dünyanın müxtəlif ölkələrində çap olunmuş 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik, dərs vəsaitinin müəllifidir. O, MDB ölkələrində "Tibbi etika" adlı ilk dərsliyin də müəllifidir. Soydaşımızın tərtib edib çap etdirdiyi "Tibbi etik qanunları" vəsaiti rus və ingilis dillərinə də tərcümə olunmuşdur. Bunları nəzərə alaraq o, UNESCO-nun bioetika, elm və texnologiyaların etikası üzrə Azərbaycan milli, MDB ölkələri komitələrinin üzvü seçilmişdir.

Akademik Ədilə Namazova 70 ilə yaxın  özünün həkimlik, 60 ildən artıqdır ki, elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirib, vətənə ləyaqətlə, şərəflə xidmət etmişdir. 

Akademik Ədilə Namazovanın elmi-tədqiqat işlərinin nəticələri Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Kipr, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib. Alimin beynəlxlaq forumlarda etdiyi çıxışlar əsasında tərtib etdiyi məqalə və tezislər həmin ölkələrin elmi məcmuələrində çap olunub.

Azərbatcan xalqının Ümummilli Lideri  Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəldiyi ilk vaxtlardan o dövrün istedadlı gənc alimlərinə və elm adamlarına göstərdiyi dövlət qayğısı və elm adamlarına yaratdığı əlverişli şəraitdən lazımınca bəhrələnən Ədilə xanım Namazova elmi axtarışlarının nəticələrinə, səhiyyə sahəsindəki xidmətlərinə, dünya elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı qadın-alim olmuşdur. Bu yüksək qiymət təkcə Ədilə xanımın əməyinə verilən mükafat deyil, eyni zamanda, bütövlükdə Azərbaycan tibb elminə, səhiyyəsinə ünvanlanan şərəf idi. 1989-cu ildə ABŞ-da çap olunan “DÜNYANIN ULDUZ QADINLARI" adlı ensiklopedik nəşrə keçmiş SSRİ üzrə adı düşən qadın-alimlərdən birinin də akademik Ədilə xanım Namazovanın olması hər bir azərbaycanlının qəlbini qürur hissi ilə  doldurur.

Alim uzun illər respublika Qadınlar cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan qadınlarını təmsil edərək onalrın problemləri haqqında Moskvada, Litvada, Sankt-Peterburqda, Hindistanda, Türkiyədə keçirilən konfranslarda çıxışlar etmişdir.

1989-cu ildə Ədilə Namazova SSRİ Xalq deputatı, SSRİ Ali Sovetinin, Millətlər Şurasının üzvi seçilmişdir. O, SSRİ Ali Sovetində Azərbaycan, Qazaxıstan, Orta Asiya Respublikaları Qadınları komitəsinə rəhbərlik etmişdir. 

Ədilə xanımın Ermənistanın Azərbaycana qarşı təcavüzünun ilk günlərindən mübarizəyə fəal qoşulmasını, öz çıxışlarında onları ifşa etməsini xüsusi qeyd etmək lazımdır.

O, 1994-cü ildən indiyə qədər Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü  olmuşdur. 

2002-ci ildə Ədilə Namazovanın uşaqlara olan böyük məhəbbətini, onlara olan daimi qayğısını, təşkilatçılıq fəaliyyətini nəzərə alaraq Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri seçilmişdir.

Ədilə xanım Namazova tibb elminin inkişafındakı xidmətlərinə, beynəlxalq miqyasda yüksək ixtisaslı kadrların yetişdirilməsində göstərdiyi fəaliyyətinə görə 1981-ci ildə Əməkdar Elm xadimi fəxri adına layiq görülüb

Ədilə xanım 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib.

Görkəmli alim və ictimai xadim Adilə xanım Namazova kimsəsiz, yetim və xəstə uşaqlara göstərdiyi qayğı və yardıma görə Beynəlxalq Uşaq Fondunun prezidenti,  Bütün Rusiyanın və Moskvanın Patriarxı II Aleksiy tərəfindən “Müqəddəs Çar Dmitriy ordeni ilə təltif olunub. O, həmçinin Azərbaycan Uşaq Fondunun, Respublika Milli Mükafat Fondunun “Ziyalı Azərbaycan Qadını Simvolu” ali dərəcəli diplomuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, AMEA-nın prezidentinin, ATU-nun rektorluğunun fəxri fərmanları və təşəkkürnamələrinə, layiq görülmüşdür.

Akademik Ədilə Namazovanın vətən qarşısındakı xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilib, ən yüksək titullara layiq görülmüşdür.  

Elmi ictimai fəaliyyətlərinə, Azərbaycan səhiyyəsində olan boyük xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1996-cı ildə Ədilə Namazova ölkənin yüksək "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeninə layiq görülmüşdür.

Son söz yerinə:

Solmuş çöhrələri həyat təbəssümünə boyayan İnsan- Ədilə Namazova.

Həkimlik etmək, qar kimi ağappaq xalat geyib, insanların sağlamlığı keşiyində dayanmaq hər kəsıin işi deyil. Bununçün insanları sevmək, onların sağlamlığının qeydinə qalmaq, dəyərini bilmək lazımdır. 

Siz bunun öhdəsindən layiqincə gəldiniz və bu adı şırəfləndirmıyi bacardınlz. 

İctimai xadım, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının müdiri, Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor Ədilə Namazova məhz hər zaman güvənilən həkimlərdən biri oldu. 

 Bir haşiyəyə çıxmaq istəyirəm.

1984-1985-ci illərin söhbətidir. Gəncədə yaşayan əmimin gözünün ağı-qarası bircə oğlu ağır xəstələnmişdi. Getmədiyi yer, həkim qalmamışdı.  Gəncədə dərdinə dərman tapmırlar. "Təcili Ədilə xanıma çatdırın"- deyirlər. Əmim elə də edir. Oğlunu o vaxtlar Uşaq xəstəxanasında işləyən Ədilə xanıma çatdırır. Uşağı başından əməliyyat edirlər. Müalicəsini də şəxsən özü boynuna götürür Ədilə xanım. 

Nəticə də, müsbət olur. 

Rayon camaatı kövrək, ürəyi təmiz, səxavətli olur. Bu xoş xəbəri eşidən ailə sevincdən ağlamağa başlayır.... 

Bir ailənin ümid işığına çevrilən Ədilə xanıma əmim "sizin xəcalətinizdən necə çıxım?" - deyə soruşanda Ədilə xanım "mən artıq hədiyyəmi almışam"- dedi.

Əmim indi də də danışır ki, ona yaxınlaşıb "Ədilə xanım, yollarına gül düzərəm, siz bizim ailəmizi quyunun,  dərənin dibindən çıxardınız. Bundan sonrakı həyatımıza ümid oldunuz"  dedi.

O isə "bu mənim həkimlik borcumdur" cavabını vermişdi. 

Düşünürəm ki, indiki həkimlər hər baxımdan Ədilə xanımdan nümunə götürməlidirlər. İndi əmim oğlunun artıq 40-45 yaşı, övladları, hətta nəvəsi də var... Bunun üçünsə ailə tək oğullarının varlığına görə Ədilə xanıma minnətdarlıq borcunu heç vaxt unutmur...

Jurnalist Əsgər İsmayılov:

"Sağlığında heykəl qoyun ölməzlərə"… 

Bu ifadə ölməz Cabir Novruz qələminin mürəkkəbindən süzülərək ta qəlblərə qədər yol tapa bilib. Çünki mahiyyətcə bəşəridir.

Adilə həkim pediatr sənətinin tacı, özü isə həkimlik kraliçasıdır.

Heç vaxt yaddaşımdan silinməz. Uşaq olarkən mənim səhhətimdə yaranmış xəstəliyi öz diqqəti, qayğısı və müalicəsi ilə aradan qaldırdı. Sağalıb xəstəxanadan ayrılarkən mənə çox gözəl içərisi jurnal və qələmdən ibarət  qovluq da hədiyyə etmişdir. Sonra həmin qovluğu məktəbdə itirmişdim. Həmin hədiyyəni itirməyi əmanətə xəyanət hesab etmişdim və bu günə kimi də edirəm. Amma ən böyük əmanət Allahın can sağlığıdır. Mən xəstəxanaya ilk gəlişimdə bu əmanəti itirib gəlmişdim. Bunu mənə Adilə həkim qaytarmışdı. Özü demişkən: "Əsgər,  əsas can sağlığını bundan sonra itirmə".

Solmuş çöhrələri həyat təbəssümünə boyayan İnsan- akademik ƏDİLƏ ƏVƏZ QIZI NAMAZOVA bu gün ömrünün son pilləsinə ayaq qoysa da, dünyasını dəyişsə də, onun əziz xatirəsi öz övladı olmasa da, doğma övladları hesab etdiyi və yenidən həyat verdiyi yüzlərlə, minlərlə "balaları" nın, onu sevənlərin, bizim xatirimizdən heç vaxt silinməyəcəkdir.


Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...