Nurlanə Əliyeva: 'Nəğmə dolu bir ürəyəm
Mədəniyyət
16.12.2020 00:31
201

Nurlanə Əliyeva: 'Nəğmə dolu bir ürəyəm" - Rəşid Behbudov

Ecazkar səsə malik dahi musiqiçimiz, SSRİ Xalq artisti, əfsanəvi RƏŞİD BEHBUDOVun xatirə günüdür.


Ehtiramla xatırlayaq. Ruhu şad olsun.


Onun mahnılarını eşitməyən insan çətin tapılar. Biz o şirin, ürəyəyatımlı mahnıların musiqisi ilə böyümüşük. 

"Ana”, "Lalələr”, "Nığmə dolu bir ürəyəm", "Gözəlim sənsən”, "Sevgilim, "Bakının ulduzları”,  "Küçələrə su səpmişəm, "Anacan”, "Sənə də qalmaz”, "Sevgi mahnısı”... 


Qara Qarayev, Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarların mahnıları onun ifasında bütün dünyanı dolaşıb, ölkəmizin sərhədlərini aşıb.   Özü demiş Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, Uzaq Afrıkadan, Hindistandan, Kubadan, Argentinadan, Çilidən... eşidilib bu səs. Hər kəs bu səsi eşidib və eşidən kimi onun sehrinə düşüb. Dilini başa düşmədiyi insanları belə ovsunlayıb o sehirli səs... Rəşid Behbudov Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib. Zəngin çalarlı, lirik tenor səsə malik müğənni Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindən biridir.

Azərbaycan xalq və bəstəkar mahnılarının dünya ölkələrində populyarlaşmasında Rəşid Behbudovun böyük xidmətləri olub. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər, dünyaşöhrətli Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün Şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.


Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. 
Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov əsgəri xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayıb. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyub. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edib. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanıb. 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunub.


1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib. 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100 dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Tsze Dun, Cavaharlal Neru, İndira Qandi, Süleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Korifey həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla da yadda qalıb. Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.


Qeyd edək ki, Dahi sənətkar Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmişdir.

Görkəmli sənətkarımız Rəşid Behnudov sənəti hər ilin 14 dekabrında bir daha xatırlanır. İllər keçəcək,  Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı olan korifey sənətkarımız unudulmayacaqdır. Onun sənətinin, sənətkarlığının  böyüklüyü də elə budur... Azərbaycan musiqi tarixinin ən şərəfli səhifələrdəndən olan Rəşid Behbudovun əziz xatirəsi Azərbaycan xalqının, musiqisevərlərin, bizim xatirimizdən heç vaxt silinməyəcəkdir. 



Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...