Nurlanə Əliyeva:  O “Caz-Muğam ildırımı” idi - Qızıl barmaqlı Vaqif Mustafazadə
Mədəniyyət
16.12.2020 17:58
311

Nurlanə Əliyeva: O “Caz-Muğam ildırımı” idi - Qızıl barmaqlı Vaqif Mustafazadə

Əfsanəvi cazmen, görkəmli bəstəkar, istedadlı pianoçu, caz-muğam sintezinin banisi VAQİF MUSTAFAZADƏnin vəfatından 41 il ötür.

Hörmətlə xatırlayaq.

Onu "Qızıl barmaqlı Vaqif Mustafazadə" deyə çağırardılar. Barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı. 

“Şəhrizadın 1002-ci gecədə danışdığı nağıl”



Görkəmli Azərbaycan musiqiçisi, dünya caz sənətinin tanınmış nümayəndəsi, 

Azərbaycanın Əməkdar İncəsənət xadimi Vaqif Mustafazadə öz ifası ilə Azərbaycan musiqisinə yenilik gətirdi.

Vaqif Mustafazadənin adı nəinki öz vətənində, hətta bütün dünyada məşhurdur. İsveç pianoçu Yan Yuxansson onun bəstələrini “Şəhrizadın 1002-ci gecədə danışdığı nağıl” adlandırıb.


O, müxtəlif illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olub, “Leyli” adlı ilk qadın vokal kvartetinə, “Sevil” və “Muğam” instrumental ansambllarına rəhbərlik edib.

Orijinal ifaçılıq üslubuna malik Vaqif Mustafazadə Azərbaycan muğamları və xalq havalarını caz janrı üzərində yaradıcılıqla işləyib. 

O, “Tallin - 68”, “Tbilisi - 66” ümumxalq caz festivallarının laureatı, Monte-Karloda keçirilmiş Bəstəkarların VIII Beynəlxalq Caz Müsabiqəsinin 1-ci yer mükafatçısı olub.

Qısa arayış:


Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. 

Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O, yerli məktəbdə musiqi müəlliməsi idi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluqda elə bu zaman gəlir. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olub.

Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Vaqif Mustafazədə yaradıcılıq yolunu ilk dəfə Tiflisdən salır və 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında «Qafqaz” triosunu yaradır. Son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyət göstərən bu qrupdan ayrıldıqdan sonra Vaqif Mustafazadə „Opera” ansamblına dəvət alır. Məhz bu ansablda o, gələcək həyat yoldaşı Elza Banzeladze ilə tanış olur. Onun həyat yoldaşı Elza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır. 

O, “caz-muğam ildırımı” idi



Vaqif Mustafazadənin Elza Mustafazadə ilə nigahından ikinci övladı Əzizə Mustafazadə dünyaya gəlir. Hazırda Almaniyada yaşayan Əzizə Mustafazadə atası kimi caz-muğam ifaçısıdır. Onu cazın şahzadəsi kimi tanıyırlar. 

Əzizə Mustafazadənin xatirələrindın: "Mən Vaqif Mustafazadənin övladıyam. Çoxlu xüsusiyyətlərini daşıyıram. Bəzən özüm də bilmədən onun ifadələrini işlədirəm. Anam deyir ki, atan da belə deyərdi.

O çox həssas insan idi. Təmiz ürəkli bir uşaq kimi idi. O həssaslığı mənə də keçib... 

Ona toxunmaq arzusu məndə çox güclüdür. Onun varlığını hiss edirəm. Fiziki varlığını belə. Odur ki, çox güclü şəkildə ona toxunmaq istəyirəm. Dünyaya onun kimisi gəlməyəcək. 

O, “caz-muğam ildırımı” idi. 

O, Yer adamı deyildi, o pul haqda heç fikirləşməzdi. Heç kim heç vaxt onun səviyyəsinə çata bilməyəcək. Bunu əksini iddia etmək boş söhbət olardı". 

Xatırladırıq ki, Vaqif Mustafazadənin Nərminə xanımla birinci evliliyindən Lalə Mustafazadə adlı bir qız övladı da vardır. 

Və bir ömrün son akkordları...



1979-cu ildə Monakoda qeyri adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. 

Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərindən birinə hazırlaşır. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşməyə qoymur. Nəticədə, o bu konserti reallaşdırmaq üçün Daşkəndə yola düşür. Lakin uğursuzluqla burda da üzləşir. Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incimiş, haqsızlıqlardan boğaza yığılmış vəziyyətdə çıxır.

Piano arxasına keçir və ifa etməyə başlayır. Getdikcə şiddətlənən ağrılarına baxmayaraq. Ancaq Vaqif Mustafazadəyə konsertin son akkardlarını vurmaq nəsib olmur...

V.Mustafazadə 1979-cu il, dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.

Xatirəsi:

Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Vaqif Mustafazadə haqqında "Caz əfsanəsi — Vaqif Mustafazadə" adlı sənədli film çəkilmişdir.



1989-cu ildə o zamankı Mədəniyyət Naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olmuşdur. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilmişdir. Həmin ildən etibarən muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyətə başlamışdır.

Cəmi 39 il yaşadı Vaqif Mustafazadə. 16 dekabr 1979-cu ildə bu həyata gözlərini birdəfəlik yumdu... Amma dünyaya səs salan, insanları  heyrətləndirən qeyri-adi musiqisi, təkrarsız ifası ilə o həmişə Azərbaycan musiqisi tarixində qalacaq,  ürəklərdə, könüllərdə yaşayacaqdır.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...