Nurlanə Əliyeva:
Mədəniyyət
05.01.2021 16:03
457

Nurlanə Əliyeva: "Ölüm ayağında gülən Sofya Bəsirzadə" - FOTO

Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti Sofya Bəsirzadənin anım günüdür. Xatırlayaq. Ruhu şad olsun. Aktrisa övladları kədərlənməsin deyə ölüm ayağındaykən belə gülürdü...  Sofya Bəsirzadə - dərin, psiхoloyi obrazları məharətlə ifa edən bir aktrisa.


Bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünsə də, xarakterik obrazlar yaradıb. Onun səhnə görkəminin təravəti həmişə göz oxşayıb. 
Həm qəhrəmanlıq, həm məişət, həm mənfi emosional rolları bütün incə çalarları ilə təqdim edən və sözün əsl mənasında, klassik aktyor nəslinə sadiq qalan bir sənətkar idi Sofa Bəsirzadə. Onun əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında "Bəsirzadə" kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi də yazılıb. Teatr kollektivində də çox vaxt ona "Sofa xanım" deyə müraciət ediblər. Aktrisa özü adının tarixçəsini həmişə böyük sevgi ilə xatırlayardı. Deyərdi ki, əmisi o vaxt Türkiyəyə səyahət etmiş və Ayasofya məbədini ziyarət etdikdən sonra dünyaya gələn qardaşı qızına Sofiya adının verilməsini arzulamışdı... O, səhnədə bir-iki cümləsi olan personajlar da ifa edib, xarakterik dramatik obrazlar da oynayıb, sevgili qəhrəmanlar obrazlarında da bacarığını sınayıb. Bu surətlərin dramatiki də olub, faciəvi ruhlusu da. Əsas cəhət odur ki, aktrisanın daxili imkanlarının zənginliyi müxtəlif səpkili rolların ifası üçün yararlı idi. Teatr səhnəsində 62 ildən çox çalışıb. Səhnə görkəminin təravəti həmişə göz oxşayıb, heyranlıqla qarşılanıb. 


Qısa arayış:


Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova) 28 fevral 1918-ci ildə Kazan quberniyasının köhnə Çukan kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub. 1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq. AMDT-nin tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb. Üçüncü kursda, 1 sentyabr 1938-ci ildə tələbə-aktrisa AMDT-nin aktyor truppasına qəbul edilib.


Yüzdən çox obrazın ifasında səhnəyə çıxan Sofya Bəsirzadənin Nisə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Sevər, Gülgün, Tanya, Gülsabah, Gülnisə ("Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş" və "Solğuri çiçəklər", Cəfər Cabbarlı), Nina, Rübabə ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Məryəm, Tamara, Tatyana ("Fərhad və Şirin", "Vaqif" və "İnsan", Səməd Vurğun), Səadət ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xanın qızı, Pəri cadu ("Köhnə dudman" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tərlan xanım ("Yalan", Sabit Rəhman), Qlumova ("Müdriklər", Aleksandr Ostrovski), Toni xala ("Füsunkar qız", Mikolaş Dyarfaş), Anna Dmitriyevna ("Canlı meyit", Lev Tolstoy), Fedra ("Dəlilər", Lope de Veqa), Səadət xanım ("Unuda bilmirəm", İlyas Əfəndiyev), Nihal ("Qəribə adam", Nazim Hikmət), Aliyə ("Təhminə və Zaur", Anar), Mariya Xosefa ("Dişi canavar", Federiko Qarsiya Lorka), Dayə ("Medeya", Jan Anuy), Aybəniz ("Cavanşir", Mehdi Hüseyn), Peyanira ("Mehmanxana sahibəsi", Karlo Haldoni), Esrelya ("Sevilya ulduzu", Lope de Veqa), Nataliya ("Vassa Jeleznova", Maksim Qorki), Mariya Antonovna ("Müfəttiş", Nikolay Qoqol) rolları ifadə vasitələrinin zənginliyi baxımından hər zaman seçilir.


Onun kino tariximizdə yaratdığı rollar da yaddaqalan və seviləndir. “Yol əhvalatı”, “Bəxtiyar”, “Bizim Cəbiş müəllim”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək” və digər filmlərdə yaratdığı rollar bu gün də sevilərək xatırlanır. Uzun illər Milli Dram Teatrının səhnəsində, ömrünün son illərində isə Bakı Bələdiyyə Teatrında çalışan aktrisanın yaradıcılığı yüksək qiymətləndirilib. O,


Ümumilikdə, 100-dən çox tamaşada müxtəlif obrazlar yaradan aktrisanln çıxışları hər zaman alqışlarla qarşılanıb. 10-dan artıq bədii filmə çəkilib. Ömrünün son illərini o Bakı Bələdiyyə teatrında çalışıb. Sənət və ailə sevgisini eyni paylaşan aktrisa hər iki sahədə özünü təsdiq etməyi bacarıb. Xoş xasiyyəti, sənətinə sona qədər sevgisi, həmkarlarına ehtiramı ilə yaddaşlarda qalan sənətkar həmişə sevilib.  Onun Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, Avropa və rus klassiklərinin tamaşalarında oynadığı rollar da əvəzedilməzdir.  Sofya Bəsirzadə səhnə fəaliyyətinə görə 1955-ci il 30 aprel tarixində Azərbaycan Respublikasının “Əməkdar artist”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür. Sofya Bəsirzadə 4 yanvar 2000-ci il tarixində Bakıda vəfat edib.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...