Nurlanə  Əliyeva:
Mədəniyyət
25.12.2020 12:18
533

Nurlanə Əliyeva: "Ömür boyu yasəmən ətirli incə hisslərlə yaşayan şair... - Famil Mehdi"

Azərbaycanın tanınmış şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, gözəl şair, əziz Müəllimim Famil Mehdinin doğum günüdür.


Ehtiramla xatırlayaq.


Həsrətində olduğunuz Ağdam işğaldan azad olundu!.. 
Ruhunuz şad olsun, Famil müəllim!


Yaradıcılığı:


Famil Mehdi şeirlərini tәrcümeyi-halı kimi qələmə verirdi. “Şeirlərim mənim inamımdır, mübarizәmdir, mәğrurluğumdur, hünәrimdir, canıyananlığımdır, hәm dә qorxaqlığımdır, zəifliyimdir, arxasızlığımdır, kimsәsizliyimdir” söyləyirdi. 


Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və bəzi xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. 


Fəal pedaqoji, elmi və ictimai işlə məşğul olmuşdur. "Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur. Bakı şəhər Oktyabr rayonu Xalq Deputatları Sovetinin (XVII, XVIII, XIX çağırış) deputatı olmuşdur. "Oqonyok" jurnalının laureatı adına layiq görülmüşdür. SSRİ "Bilik" cəmiyyətinin ən yaxşı elmi-kütləvi əsərlərə görə diplomunu almışdır.


Həyatı:


Famil Mehdi 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Əhmədvar kənd yeddiillik məktəbini bitirib Ağdam pedaqoji məktəbində təhsil almışdır. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1953-1958). 


Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlamışdır (1958). ADU-nun filologiya fakültəsində aspirant (1961-1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləmişdir (1973-cü ildən). 


"Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.


Famil Mehdi 2003-cü il sentyabrın 29-da Bakıda vəfat etmişdir.


İctimai fəaliyyəti:


Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etmişdir.


Rafiq Əliyev: "...Famil Mehdinin keçdiyi yol hamar olmadı, qızıl güllər içərisindən keçən prospekt olmadı, daşlı-kəsəkli cığır oldu, amma onu Famil zirvəsinə apardı.


O, bu yolda "sevinc də, qəm də..." yedi. O zirvəyə onu heç kim qaldırmadı. özü qalxdı..."


...Hər bir insan dünyaya gələn andan qismətinə düşən bir ömür payı yaşayır. Yaşanan ömür payının yaddaşlarda necə iz qoyması isə insanın özündən asılıdır. Elə adamlar var ki, onun həyatda qoyduğu iz, açdığı cığır, keçdiyi şərəfli ömür yolu gələcək nəsillər üçün bir örnək olur. Adətən, belə adamlar ümumi məqsəd üçün çalışan, özləri isə getdikcə daha alicənab olan adamlardı. Öz alicənablığı və təvazökarlığı ilə seçilən, şəxsi həyatını ictimai həyata qatmağı bacaran insan kimi Famil Mehdi də məhz bu cür hörmətə layiq olan insan idi.


Bənzərsiz insan, gözəl şair, filologiya elmləri doktoru, professor Famil Mehdi,  demək olar ki, mənalı ömrünün təxminən 50 ilini xalqına və elmin, sənətin inkişafına sərf etmişdir. Onun səsi auditoriyalardan, ciddi diskussiyalar aparılan elmi-nəzəri konfranslardan, ziyalılarla, adi insanlarla, əsgərlərlə görüşlərdən, dövrün nəbzi döyünən, xalqın taleyi həll olunan tribunalardan gəldi. Famil müəllimin keçdiyi mənalı həyat yolu, onu əsl ziyalı, poeziya və elm fədaisi, zəhmətkeş alim, yüksək siyasi və ictimai təfəkkür sahibi, səmimi insan, gözəl şəxsiyyət kimi xarakterizə edir. Filosof-şair, alim-professor, pedaqoq-jurnalist və ən başlıcası, böyük İnsan Famil Mehdi Ağdamın Sarıhacılı kəndində Ağalar kişinin ocağından başlayan və uca bir zirvəyə aparan böyük ömür yolu keçdi. Bu yol Famil Mehdinin öz yoludur. Famil Mehdi Qarabağ torpağını özü qalxdığı zirvəyə ucaltsa da, əsl mənada bütöv Azərbaycan şairidir. Azərbaycan onun poeziya dünyasının şah əsəridir. O, Qarabağı da, Şəki və Şirvanı da, Gəncəni, Naxçıvanı və Lənkəranı da, Qubanı da eyni məhəbbətlə sevən və tərənnüm edən şairdir.


Min hava çalınıb könül tarımda,

Dünyanın nə çoxu, nə azıyam mən.

Fəsillər görüşür duyğularımda,

Elin həm qışıyam, həm yazıyam mən.


Anam Qarabağın, Milin, Muğanın,

Siz də mənim kimi eşqilə yanın.

Başına döndüyüm Azərbaycanın,

Dəli Kürüyəm mən, Arazıyam mən.


Dinlə "çahargahı", eşit "Qatarı",

Könül dünyamızın sərvəti, varı.

Ələsgərin sazı, Qurbanın tarı,

Cabbarın, Seyidin avazıyam mən.


Öz tarixi vardır dağda qarın da,

Ürəkdə eşqin də, etibarın da,

Qədim Qobustanın qayalarında

Pozulmaz, silinməz bir yazıyam mən.


Familəm, həmişə yanmaqdır peşəm,

Can deyən gözələ canan demişəm.

Bu yolda sevinc də, qəm də yemişəm.

Bir daha demərəm tamarzıyam mən.


Bu şeir Azərbaycan haqqında yaradılmış ən böyük sənət incilərindən biridir. Professor Tofiq Hacıyevin təbirincə desək, Səməd Vurğunun "Azərbaycan" şeirinə paralel ikinci dəyərli poetik tablodur. 
Famil Mehdini bir şair kimi səciyyələndirən cəhətlərdən biri də onun poeziyasında səmimi, kövrək, lirik hisslərlə yanaşı ictimai-siyasi kəskinliyin bir vəhdətdə olmasıdır. Famil Mehdinin yaradıcılığında Qarabağ mövzusu əsas yer tutur. Bu da səbəbsiz deyil. Onun fikrincə "həqiqi şairin ilk vətəni də, son məskəni də onun doğma yurdu olmalıdır".


Mənə yer verərsən doğma yerində,

Uyuyub yataram, ana, ey ana.

Qarabağ, Qarabağ, sümüklərim də

Əriyib qarışar torpaqlarına.


Famil Mehdi bütün Azərbaycanı ürəyində gəzdirən bir şair idi. 

Əfsuslar olsun ki, o, bu ülvi arzusuna (tək bu arzuyamı?) çata bilmədi...

Ömür boyu yasəmən ətirli incə hisslərlə yaşayan şair...


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...