Nurlanə Əliyeva:
Mədəniyyət
17.01.2021 14:58
543

Nurlanə Əliyeva: "Peyğəmbər ola bilməyən Aydın Məmmədov"

Bu gün dilçi, türkoloq, tənqidçi, filoloq, siyasətçi, nəhayət, çox sevdiyim "Yaşamaq lazımdır sabaha qədər" deyən Aydın Məmmədovun doğum günüdür.


Ehtiramla xatırlayaq. Ruhu şad olsun.

                              

"Aydın Məmmədov şair deyildi ki, tez-tez şerlərini oxuyaydılar, Aydın Məmmədov yazıçı deyildi ki, romanları, povestləri haqqında danışaydılar, kitablarını çap edəydilər.  Alim idi, tənqidçi idi, bunlar da çox kiçikdi İNSAN sözünün yanında. Aydın Məmmədov İNSAN idi, peyğəmbər ola bilməyən İNSAN. Həm də ictimai xadim idi..."  - Azərbaycanın Əməkdar jurnalisti, dəyərli yazıçı-publisistimiz Aqil Abbas demişdi bu sözləri. 


"Yaşamaq lazımdır sabaha qədər" -  Aydın Məmmədov. 


Aydın müəllimi bir türkoloq, tənqidçi, dilçi, vətənpərvər ziyalı kimi çox sevirdim. Çox heyf ki, onunla bir dəfə də ünsiyyətdə ola bilmədim. Xatırlayırsınızsa, o vaxtlar televiziyada onun bir verilişi də  vardı. İlahi, nə qədər gözəl danışırdı! Sadə, səmimi... Əslində, mən onu elə bu verilişdən daha yaxşı tanımışdım. O vaxtlar çox gənc idim. Yaxınlarımızla birgə böyük maraqla, sevgi ilə onun hər həftə yayımlanan bu verilişini izləyərdik. Hər sözü, hadisələrə yanaşması sanki bizim üçün yeni açılan yola bir işıq idi... Aydın Məmmədovun qəfil ölümü, dəyərli ziyalı xanım Dilarə Əliyeva ilə birgə qəzaya düşmə xəbəri (əgər bu, doğrudan da, qəza idisə... (çox təəssüf ki, bu günədək hələ də araşdırılmayıb)) hamımızı çox sarsıtmışdı. Bir neçə müddət bu ağrı içimi elə göynətmişdi ki, özümə yer tapa bilmirdim. Onda "Xəzər"qəzetində müxbir işləyirdim.  Kollektivimizlə birgə onun ata evinə, Kiş kəndinə getdik. Bütün həyət-baca, az qala kənd adamla dolu idi... Ailənin tək övladı idi Aydın Məmmədov. Rəhmətlik atası Abdulla dayının üzünə baxıb təsəlli üçün söz də tapıb deyə bilmirdik. Aydın Məmmədovun dəfn olunduğu doğma yurdu Şəki rayonunun Kiş kəndindəki dədə-baba qəbiristanlığına baş çəkdik. Məzarının üstünə gül çələngi də qoyduq. Başqa nə edə bilərdik ki?!... Təsəllimiz elə bu oldu... Balaları sağ olsun.


"O, Aydın Məmmədovu Bakıya verməsəydi, Azərbaycan xalqının Aydın Məmmədov kimi bir oğlu olmazdı. O, ata kimi Bakıya övlad verməklə bir oğul itirdi, amma əvəzində mən, sən, o, biz, bu millət  bir Aydın Məmmədov qazandı". - Bu sözlər də Aqil Abbasa məxsusdur. Və onun nə qədər haqlı olduğunu bu gün hər addımda hiss edirik: "Aydın Məmmədov, əslində həmin hadisədən təxminən bir həftə əvvəl ölməliydi. Yadınıza düşürsə, Şuşada Aydın Məmmədovun mindiyi vertolyotu vurdular, amma o, vertolyotdan sağ çıxdı. Ölümündən iki gün əvvəl dəniz qırağında "Venesiya" deyilən yeməkxanada Aydın Məmmədovun sağ qalmağı ilə əlaqədar bir qonaqlıq da verdik. Orda cibindən bir topa sənəd çıxardı, dedi ki, məni öldürmək istəyirdilər. Xüsusilə də qeyd elədi ki, bunu Polyaniçko təşkil edib, bilirdilər ki, mən bu sənədi parlamentin növbəti iclasında üzə çıxaracam, amma gücləri çatmadı, Allah qorudu, inşallah, növbəti iclasda mən iqtidarı da, müxalifəti də məhv edəcəm. Növbəti iclasa üç gün qalmışdı. İkinci günü Aydın Məmmədov həlak oldu. O sənəd də getdi, filan da getdi, bəhmən də getdi... O sənədlərdə nə vardı bu gün də heç kim bilmir və heç vaxt da bilinməyəcək!"...


Qısa arayış:


Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvar ayının 16-da Şəkidə anadan olmuşdur. O, bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan Aydln Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. 


Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın Məmmədov istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.


Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.


Güclü məntiqə malik, alovlu natiq Aydın bəy on minlərcə insanı arxasınca aparmağı bacarırdı... Xalqın sevgisini qazanmış Aydın Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü. Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi. Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.


Sevənlərinin ürək sözləri:


Kamil Vəli Nərimanoğlu- professor, filologiya elmləri doktoru: "Allah rəhmət eləsin, boyuk alim, tənqidci, içtimai xadim... 
Məkani cənnət olsun...Heyf Aydindan..."


Əlirza Xələfli- "Kredo" qəzetinin baş redaktoru: "Nitqində Demosfen möcüzəsi ...qeyri adi çevik və çox sürətli düşüncə sahibi...."


Hidayət Elvüsal - publisist: "Müəllim, dost. Kiş kəndində evlərində də olmuşam. Heyrətamiz mütaliəyə, dünyagörüşünə malik idi. Unutmamışıq. Unutmayacağıq. Nurlu insan idi. Nur içində uyusun".


Rauf Məmmədov- bəstəkar-jurnalist: "Ruhu şad olsun, çox gözel insan idi..."


Zəminə Əsgərova: "Məkanı cənnət olsun, həm gözəl insan, həm də istedad sahibi alimimizin!"


Son söz yerinə:

"Yaşamaq lazımdır sabaha qədər" -  demişdi Aydın Məmmədov.  Amma 1991-ci il aprel ayının 19-u onunçün son sabah oldu. O gün çox ağır xəbər eşitdik: "Azərbaycanın dəyərli ziyalıları -  ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın Əməkdar Mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatı DİLARƏ ƏLİYEVA və görkəmli alim, dilçi, türkoloq, tənqidçi, Azərbaycan Tərcümə Mərkəzinin ilk sədri (1989-1991), filoloq, nəhayət, millət vəkili ollmuş əsil İnsan AYDIN MƏMMƏDOV avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur"... - Günlər keçəcək, amma Aydın Məmmədov, onun taleyi haqqında söz düşəndə elə bu sözləri xatırlayacağıq. Amma bir həqiqət var ki, bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmiş dəyərli ziyalımız Aydın Məmmədov həmişə xatirələrdə dəyərli türkoloq-alim, əsil ziyalı, sözübütöv, qətiyyətli, mərd, vətənini sevən bir İnsan kimi qalacaq, ürəklərdə, könüllərdə yaşayacaqdır.


Məkanı cənnət olsun.


Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...
Loading...