Nurlanə Əliyeva:
Mədəniyyət
21.01.2021 22:23
542

Nurlanə Əliyeva: "Şəfiqə Axundova - Şərqdə opera yazan ilk qadın..." - FOTO

Şərqdə ilk opera yazan qadın bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordeni laureatı Şəfiqə Axundovanın doğum günüdür.


Xatırlayaq dəyərli xanım bəstəkarımızı.


Ruhu şad olsun.


Şəfiqə Axundova 1924-cü il yanvarın 21-də Şəki şəhərində anadan olmuşdur. O, 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş, dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs almışdır. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.


Şəfiqə xanım tələbəlik illərindən onun üçün çox əziz olan bir HƏDİYYƏni səliqə ilə saxlayırdı. Bu, sevimli müəllimi Ü.Hacıbəyovun “CƏNGİ" NOT DƏFTƏRİ  idi. Onun titul vərəqində bəstəkar öz xətti ilə yazmışdır: “Gənc bəstəkar, istedadlı tələbə Şəfiqəyə bir xatirədir. Ü.Hacıbəyov ”.


Gənc bəstəkar hələ tələbə ikən “Layla”, “Zəfər marşı”, “Zəfər bizimlədir” mahnılarının, fortopiano üçün süita, simli kvartet üçün iki pyes və digər musiqi əsərlərinin müəllifi kimi tanınırdı. Bəstələdiyi mahnıları məşhur müğənnilər Şövkət Məmmədova, Bülbül və başqaları ifa edirdilər.


Onun “Nəğmədir həyat”, “Şəki”, “Vətən sevgisi”, “Doğma diyarım”, “Qadın əlləri”, “Mehriban olaq”, “Yaşa, ürəyim”, “Həyat, sən nə şirinsən” və s. mahnıları çox məşhurdur. Nizaminin, Füzulinin, Vaqifin, Natəvanın sözlərinə yazdığı romanslar xalq arasında geniş yayılmışdır.


Bir zaman Ş.Qurbanov adına Musiqili Komediya Teatrının afişaları tamaşaçıları Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” musiqili komediyasına baxmağa dəvət etdi. Bəstəkarı musiqili komediya müəllifi kimi də tanıdılar.


1972-ci ildə “GƏLİN QAYASI" operasını yazmaqla, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulması Şəfiqə Axundovanın yaradıcılığında əlamətdar hadisə oldu. Bu opera neçə illərdir ki, teatrın repertuarındadır. Bu hadisəni bəstəkar özü üçün SƏADƏT adlandırırdı.


Bu böyük bəstəkarın həyatı keşməkeşli, çətin olub... Şəfiqə xanım həyatda nəyə nail olubsa, öz zəhməti və istedadı hesabına qazanıb.


O, Üzeyir bəydən təkcə musiqini öyrənmədi. O öz müəllimindən həm də insanpərvərliyi, gözəl insani keyfiyyətləri, həyatı, doğma Vətənini, xalqını, insanları sevməyi öyrəndi. 


Şəfiqə xanım ömrü boyu bütün Azərbaycanı sevdi. Azərbaycan da, Azərbaycan xalqı da hımişə ona dəyər verdi, sevdi, şərəfləndirdi.


Şəfiqə Axundova 26 iuyn 2013-cü il tarixində dünyasını dəyişib.


Xalq artisti Şəfiqə Axundova II Fəxri Xiyabanda dəfn olunub.


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Loading...
Loading...