Nurlanə Əliyeva:
Mədəniyyət
25.12.2020 12:14
510

Nurlanə Əliyeva: "Sözü çiçəklərin dadında qalan... şair - İlyas Tapdıq"

Bu gün "sözü çiçəklərin dadında qalan, eşqi baxışların odunda qalan", "hər şeir kitabı, təzə-tər, ətirli bir qom bənövşəyə oxşayan, şeirlərində hər sözü, hər misrası ürək kimi çırpınan", "nəfəsi Allaha xoş gələn kişi" - İlyas Tapdığın xatirə günüdür. 


Hörmətlə xatırlayaq.


Özünəməxsus uşaq şeirlərinin müəllifi kimi tanıdığımız, poeziyası ilə könülləri fəth edən İlyas Tapdığı ən çox uşaq şairi kimi tanıyır və təqdim edirlər. Halbuki 50 kitab müəllifi, mindən çox kitab redaktoru olan şairin poeziyasının əhatə və təsir dairəsi çox genişdir. Onun kövrək qələmi gah dünyanın gərdişini çözələyir, gah ən saf, ən munis insan hisslərinə aram-aram sığal çəkir, gah körpə  balaların üzündə təbəssüm olur, gah təbiətin ən kiçik zərrəsinə belə qucaq açacaq qədər böyüyür, gah da canından, qanından, varlığından çox sevdiyi vətəninin adi daşını ömrünün günəşinə çevirir.


O, ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. 


"Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi,s öylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı, hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır.


Şairin yaradıcılığında Vətən mövzusunda əsərlər mühüm yer tutur.Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.


O, təkcə şair deyildi, həm də tərcüməçi, redaktor, Azərbaycan ədəbiyyatının bütün istiqamətlərdə inkişafı üçün əlindən gələni əsirgəməyən əsl söz fədaisi idi. 

İlyas Tapdıq ömrünün hər gününü deyil, hər anını ədəbiyyatın, sözün keşiyində dayanaraq keçirən nadir şəxsiyyətlərimizdən biri idi.


Onun müxtəlif zamanlarda dərc olunmuş "Bulaq başında", "Gözlər", "Bir eşqin şimşəyi", "Arxalı dağlar", "Əksim və qəlbim", "Meşənin mahnısı", "Qızlar, qağayılar", "Özümlə görüş", "Məhəbbət yolları", "Bənövşə xatirinə kol dibinə iz düşdü" və digər kitabları oxucular, ədəbi mühit tərəfindən bu gün  də sevilərək oxunmaqdadır.

O, torpağa, böyüyüb boya-başa çatdığı Vətəninə çox bağlı bir insan olmuşdur. Bu torpağın sazı-sözü, hətta tüstüsü belə ona çox doğmadır. 


O sazdadır ürəyim,

Bağrına bas o sazı.

Götür sinən üstünə!

Bala-bala sən məni

Qarışdır öz tüstünə.


Şair bizim klassik şeirimizə, aşıq ədəbiyyatına, folklora - bir sözlə əsrlər boyu davam edib gələn gözəl ənənələrimizə dərin hörmət bəslədiyindən fikrini açıq - aydın, həm də poetik şəkildə deməyi bacarır. İlyas Tapdığın əsərlərini oxuyanda adam özünün maraqlı və cazibəli bir müsahib ilə üz - üzə gəldiyini duyur və yenicə tanış olduğu bu həssas müsahibi axıracən dinləməyə çalışır...


İlyas Tapdıq həm də aşıq sənətinin hələ ötən əsrin 60-cı illərindən belə alovlu təbliğatçısı, tərənnümçüsü kimi tanınmışdır. Onun təşəbbüsü, cəfakeşliyi ilə Azərbaycan televiziyası və radiosunda dəfələrlə aşıqların çıxışları təşkil edilmişdir. Aşıq sənətində "Aşıq Alı" adlı ilk telefilmin və digər aşıqlar haqqında çəkilmiş daha neçə - neçə telefilmin ssenar müəllifi məhz İlyas Tapdıq olmuşdur.


Onun Azərbaycan Aşıqlar Birliyinin yaradılması işində də müstəsna xidmətləri olmuşdur. 

60 ilə yaxındır ki, şairin şeirləri həm Azərbaycanda, həm də İran İslam Respublikası və Türkiyə Cümhuriyyəti aşıqları tərəfindən həvəslə oxunmaqdadır.


"Göyçə gülü " çiçək - çiçək açılır,

"Ruhani"si ondan göyçək açılır.

"Misri"sindən odlu şimşək saçılır.

Duru çeşməsini Göyçədə çəkdi,

Şimşəkdi, çiçəkdi, göyçəkdi sazım!


“Sözü çiçəklərin dadında qalan şair" - İlyas Tapdıq


Dəyərlər:


Xalq şairi Bəxtiyar Vahabzadə:  "...İlyas müxtəlif şeir formalarında yazır. O, hecada da müvəffəq olur, sərbəstdə də, gəraylıda da, qoşmada da.Yaxşı cəhət orasındadır ki, şair klassik şeir formalarına yeni məzmun verməyi bacarır..."


Görkəmli rus yazıçısı M.Prilejayeva: 

 "Azərbaycan uşaqları ona görə xoşbəxtdir, onların İlyas Tapdıq kimi gözəl şairləri var."


Yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev: "Azərbaycan oxucusu İlyas Tapdığı səmimi, səmərəli lirik şeirləri ilə tanıyır. Onun şablondan, çılpaq təbliğatdan uzaq - orijinal və şairanə tematikası vardır.


Doğma yurdun insanları, təbiəti və gözəlliyi... şairin təmiz hisslərinin vəhdəti ilə ifadə olunur. İlyas Tapdığın şeirlərinin başlıca xüsusiyyəti təbiilik və səmimiyyətdir. O, nədən yazırsa yazsın, mövzunu poetikləşdirməyi bacarır.


... İlyas Tapdığın şeirləri üçün xas olan cəhətlərdən biri də lakonizm, dilinin saflığı və aydınlığıdır. Bu cəhət onun şeirlərinə aşıq poeziyasından gəlir."


Xalq şairi Hüseyn Arif: "İlyas Tapdığın misrası ("Bənövşə xatirinə kol dibinə iz düşdü") yazdırıb bu şeiri mənə:


Meh toxunar üzlərinə,

Nur ələnər gözlərinə.

Kol dibini özlərinə,

Məskən seçər bənövşələr.


İlyasın hər şeir kitabı bir qom bənövşəyə oxşayır - təzə-tər, ətirli. Şeirlərində hər söz, hər misra ürək kimi çırpınır..."


Xalq şairi Məmməd Araz: "Ötən yüzillikdə uşaq ədəbiyyatı sahəsində iki yazıçımızın gərgin əməyini xüsusilə qeyd etmək istərdim. Bunlardan biri adı dillər əzbəri olan Abdulla Şaiqsə, ikincisi onun zəngin ənənəsini davam etdirən, bu sahədə xeyli uğurlu əsərlər müəllifi kimi tanınan İlyas Tapdıqdır".


Akademik Bəkir Nəbiyev: "Peşəkar uşaq ədəbiyyatımızın banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın bir sıra klassik nümunələrinin yaradıcısı Abdulla Şaiqdən sonra bu sahədə çalışanlardan üçünün Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas Tapdığın".


Xalq şairi Zəlimxan Yaqub: "İlyas Tapdığın "Şeir sevən balalar" kitabı həcm və məzmun etibarı ilə ən sanballı kitabdır desəm, qətiyyən səhv etmərəm. İnanıram ki, bu kitab məktəbli balalarımızın, şeiri çox sevən körpələrimizin ən sevimli kitabı kimi zaman-zaman oxunacaq. Dərslik kitablarımız bu kitabda nəşr olunan rəngarəng, duru, təravətli şeirlərin hesabına daha da zənginləşəcək:


Sözü çiçəklərin dadında qalan,

Eşqi baxışların odunda qalan,

Şeri Zəlimxanın yadında qalan,

Nəfəsi Allaha xoş gələn kişi".


Xalq şairi Sabir Rüstəmxanlı:: "İlyas Tapdıq uşaq ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri idi. Hətta böyüklər üçün də koloritli, seçilən əsərləri var. Şeirləri dərsliklərə düşüb. Uşaqların dilində əzbər olan son dərəcə dəyərli şeirlərin müəllifi kimi tanıyırıq. Uşaqlar üçün yazmaq çox çətindir. Azərbaycanda uşaq ədəbiyyatı, ədəbiyyatın digər növlərinə nisbətən daha kasıbdır və daha az inkişaf edib. İlyas Tapdıq qələmi isə bu sahədə qələbə çalıb. Eyni zamanda, gözəl redaktor olub. Uzun müddət baş redaktor işləyib. Mənim kitabımın redaktoru olub. O vaxtlar bəzi yazılar vardı ki, senzuradan keçməmişdi. Amma İlyas müəllimin cəsarətli redaktorluğu sayəsində kitabda yer almışdı.


Məsələn, "Vətən" şeiri vardı. Orada gəncəli Cavad xanın dəfn yeri, Rusiya imperiyasına qarşı vuruşması və Gəncə xanının adını çəkmək çox çətin idi. İlyas müəllim cəsarətli ədəbiyyatın tərəfdarı idi. Onları kitaba daxil etmişdi".


Qısa arayış:


Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).


İ.Tapdıq "Uşaqgəncnəşr"də redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin paytaxtı Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.


1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 1960-1980-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.


Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).


1992-1995-ci illərdə Türkiyədə yaşayan şair qardaş ölkənin ədəbi, ictimai həyatında fəal iştirak edib. Bu illər ərzində də şair uzun müddət bir-birindən qopmuş Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin yenidən bərpası və inkişafı üçün misilsiz xidmət göstərib.

Ürəyindən əməliyyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat edib. 

Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının məzarı yanında dəfn olunub.


İlyasam, el üçün qaynayır qanım:

Elsiz kimə gərək şeirim, dastanım... - demişdi İlyas Tapdıq.

İlyas Tapdıq öz dediyi kimi el üçün yaşadı. Ürəyi ellə birgə vurdu. Qanı el üçün qaynadı. 

Yazdıqları ilə də ürəklərdə iz qoyub getdi, yadda qaldı, sevildi, çağdaş ədəbiyyatımızın həmişə sevilənlərindən oldu...


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlır Birliyinin üzvü

Loading...