Nurlanə Əliyeva:
Mədəniyyət
16.01.2021 21:11
469

Nurlanə Əliyeva: "Təbrik edirik - Aydın Kazımzadə"

Milli kinomuzun gerçək tarixini aydınlığa çıxaran Aydın Kazımzadə.


Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, kinomuzun cəfakeş, yorulmaz tədqiqatçısı, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Dövlət Film Fondunun aparıcı mütəxəssisi,  tanınmış kinoşünas 
Aydın Kazımzadənin doğum günüdür. Ömrünün 81-ci baharını qeyd edən və 50 ilini arxivlərdə keçirən, yarım əsr ərzində milli kinomuzun gerçək tarixini araşdırıb aydınlığa çıxaran Aydın Kazımzadəni ürəkdən təbrik edir, ona uzun sağlıqlı ömür, can sağlığı arzulayırıq! Aydın Ələsgər oğlu Kazımzadə (Aydın Kazımov) 1940-cı il yanvar ayının 15-də Bakı şəhərində anadan olmuşdur.7-ci sinfə kimi Bakıdakı 44 nömrəli orta məktəbdə oxumuş, 1958-ci ildə isə 57 nömrəli axşam fəhlə-gənclər məktəbini bitirmişdir.1955-1958-ci illərdə istehsalatda işləyib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil alıb. 1963-cü ildən isə kinematoqrafiya sahəsində çalışıb. 1985-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində reklam işi üzrə yaradıcı və rəhbər kinematoqrafiya işçilərinin ixtisasartırma kurslarında (1985) təhsil almışdır. O, 1963-cü ildən həyatını kinematoqrafiya sahəsinin tədqiqinə həsr edib. “Kino yenilikləri” qəzetində fotoqraf, korrektor, redaktor, "Kino" qəzetinin və "Film" jurnalının baş redaktoru, Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunun direktoru, Azərbaycan televiziyasında dublyaj şöbəsinin müdiri, "Azərkinovideo" İB-də reklam şöbəsinin müdiri, Azərbaycan Kino Ensiklopediyasının baş redaktor müavini, icraçı direktoru, Dövlət Film Fondunun direktor müavini, baş mütəxəssisi vəzifələrində çalışmışdır.  


Aydın Ələsgər Kazımzadə 1997-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tarixindən dərs deyir, dosentdir. Hazırda Azərbaycan Dövlət Film Fondunun nəzdindəki Kino Muzeyinin aparıcı mütəxəssisi kimi fəaliyyət göstərir. Kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunub. 
Yerli televiziya kanallarında "Kino tariximizdən", "Kinoman", "Kinosalnamə" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Redaktoru olduğu " Kino " qəzeti 1974-cü ildə kinemotoqrafiya sahəsində dərc edilən mətbuat orqanlarının ümumittifaq müsabiqəsinin qalibi olmuş və SSRİ Kinemotoqrafiya Komitəsinin diplomu ilə mükafatlandırılmışdır. İndiyə kimi kinoya aid 200-dən artıq elmi və publisistik məqaləsi dövri mətbuatda çap olunmuşdur. Yerli televiziya kanallarında "Kino tariximizdən" və "Kinoman" verlişlərinin aparıcısı olmuşdur. Hazırda "Mədəniyyət" kanalında "Kinosalnamə" verlişinin aparıcısı və ssenari müəllifidir. Yəqin ki, Azərbaycanda onun qədər kino bilgisi olan çox azdır desək yanılmarıq. Bu bir də ondan irəli gəlir ki, Aydın müəllim böyük bir kinematoqrafçu  ordusunun içində böyüyüb, onların yaradıcılığını illərdir işıqlandırır. Bir sözlə, canlı əfsanələri görməklə, onların sənətini, həyatını öyrənməklə özü də əfsanə kinoşünasa çevrilib. A.Kazımzadə qeyd edir ki. müstəqillik bizim kinoya ən böyük xoşbəxtliyi – azadlığı verdi: “Sənətkarlarımızın əl-qolu, dili açılıb. Əgər Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmində sətiraltı mənalarla fikrini deyirdisə, bu gün Elçin Əfəndiyev “Hökmdarın taleyi”ndə Azərbaycan xalqının taleyini olduğu kimi göstərir. Yaxud Cavad xanın adını çəkəndə, adamın dilini kəsirdilər. Amma bu gün biz “Cavad xan” filmini çəkdik və hər şeyi olduğu kimi göstərdik”. Budur qələmin, qələm əhlinin gücü, həqiqəti olduğu kimi göstərmək…


Aydın Kazımzadə məhz o kinmeatoqrafçıllardandır ki, sözün gücünə inanıb, gördüklərini yazmağı bacarıb və kino tarixində bilmədiklərimizi üzə çıxarıb. Təsadüfi deyil ki, Azərbaycan  kino tarixinin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılması, eyni zamanda Ulu öndər Heydər Əliyev tərəfindən cərəncamla 2 avqustun Kino Günü elan edilməsi, animasiya kinosunun yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi məhz Aydın Kazımzadənin adı ilə bağlıdır. Onun gərgin əməyi, araşdırması nəticəsində bütün bu faktlar üzə çıxıb. Bu gün Azərbaycan kinematoqrafçılarının taleyi artıq onun həyatının bir hissəsinə çevrilib. Kinematoqrafçılar haqqında yazdığı məqalələr, elmi-publisistik yazılar, kitablar, ensiklopediyalar böyük zəhmətin məhsulu olmaqla yanaşı, eyni zamanda kinosevərlərin masaüstü kitabına çevrilib. Onun müəllifi olduğu “Sənədli filmlərin ssenariləri”, “Kino sənəti məsələləri”, “Azərbaycan kino sənərtində ədəbi əsərlərin təcəssümü”, “Kinorejissor Nazim Rza İsrafiloğlu”, “Azərbaycan kino tarixi oçerkləri”, “Azərbaycan kinematoqrafçıları”, “Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu”, “Rasim Ocaqov”, “Bizim “Azərbaycanfilm”, “Kamil Nəcəfzadə”, “Heydər Əliyev və kinemotoqraf , “Üzeyir Hacıbəyov və kino”, “Kinematoqraf Kənan Məmmədov” və s. Kitabları böyük zəhmətlər hesabına ışıq üzü görmüşdür. Aydın Kazımzadənin əməyi dövlət tərəfindən yüksək dəyərləndirilmişdir. O, Əməkdar mədəniyyət isçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, "Humay", "Qızıl qələm", "Qızıl çıraq", "Zirvə", "Həsən bəy Zərdabi" mükafatları laureatı, kino rejissoru Arif Babayev adına Fəxri diplomun sahibidir. Aydın müəllimi ömrünün 81-ci baharı münasibətilə bir daha təbrik edir, ona könül xoşluğu, uzun ömür, can sağlığı və gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq!


Nurlanə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...