Nurlanə Əliyeva:
Mədəniyyət
21.01.2021 22:20
420

Nurlanə Əliyeva: "Üzeyir ruhlu bəstəkar - Süleyman Ələsgərov"

Görkəmli bəstəkar, qayğıkeş pedaqoq, Üzeyir Hacıbəyli adına Respublika Dövlət Mükafatı laureatı, Xalq artisti, professor Süleyman Ələsgərovun xatirə günüdür.


Hörmətlə xatırlayaq.


O, Azərbaycan bəstəkarlıq məktəbinin banisi böyük Üzeyir Hacıbəyli ilə bizim nəsil arasında sanki bir KÖRPÜ idi. Çünki ömrünün sonuna qədər Üzeyir bəylə bağlı ən kiçik xatirəni belə unutmur, ondan gördüklərini və öyrəndiklərini yeni sənətçilər nəslinə aşılamağa çalışırdı. 


Süleyman Ələsgərov böyük bəstəkarımız Üzeyir bəy Hacıbəylinin vurğunu idi. Üzeyir bəyin bütün gözəl cəhətlərini özündə cəmləşdirmişdi. Xeyirxahlıqda, alicənablıqda, millətini sevməkdə Üzeyir bəyə bənzəyirdi. Hamıya kömək etməyi özünə borc bilirdi.


Ömrü boyu Üzeyir Hacıbəyli irsinə sadiq qaldı. Üzeyir bəyin sayəsində Süleyman Ələsgərov kimi bir bəstəkar yetişdi. Süleyman müəllimin əməllərində isə daim Üzeyir bəy yaşadı...


Qısa arayış:


Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada dünyaya göz açmışdı. Bu bənzərsiz diyarın ecazkar təbiəti, çal-çağırlı günləri gələcək bəstəkarın istedadını üzə çıxarmışdı. İlk təhsilini Şuşada alan gənc Süleyman Musiqi Texnikumunun tar sinfini bitirdikdən sonra Bakıya, Üzeyir Hacıbəylinin yanına gəlmiş və 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil omuşdu. Burada Ü.Hacıbəylidən və B.Zeydmandan dərs alan S.Ələsgərov bəstəkarlığın sirlərinə yiyələnmişdi. O, 1941—1944-cü illərdə Üzeyir bəyin sinfində Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmiş və 1942-ci ildə isə Şirzad Əliyevin sözlərinə özünün “Gözlə məni” mahnısını yazmışdı. İlk qələm təcrübəsi çox uğurlu alınmışdır. Bu müvəffəqiyyətdən sonra Üzeyir bəyin xeyir-duası ilə Süleyman Ələsgərov bəstəkarlıq aləminə qədəm qoymuşdu. Gənc sənətkar 1943-cü ildə Ü.Hacıbəylinin zəmanəti ilə Bəstəkarlar İttifaqına qəbul olunmuşdur. 


1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikaları xalqlarının musiqi ongünlüyündə S.Ələsgərovun “Gözlə məni” mahnısı da səslənmişdir. 1945-ci ildə “Məhəbbət gülü” adlı birinci musiqili komediyasını yazan bəstəkar dalbadal 11 operetta yaratmışdır. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Hardasan ay subaylıq”, “Olmadı elə, oldu belə”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Hərənin öz ulduzu”, “Subaylarınızdan görəsiniz” və s. əsərlər bu gün də xalqımızın sevə-sevə baxdığı musiqili komediyalardır.


O, 1948-ci ildə Konservatoriyanı bitirib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru (1949-1965), Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Radio və Televiziya Xalq Çağlı Alətləri orkestrinin dirijoru, Musiqili Komediya Teatrının direktoru, baş dirijoru işləyib.


S.Ələsgərov 1961-ci ildə N.Nərimanovun “Bahadur və Sona” dramı əsasında eyniadlı ilk operasını (libretto Əfrasiyab Bədəlbəylinin, şeirlər Şıxəli Qurbanovundur), yazmış, sonralar isə C.Cabbarlının eyniadlı pyesinə “Solğun çiçəklər” adlı ikinci operasını bəstələmişdir.


Süleyman Ələsgərov musiqinin müxtəlif janrlarında maraqlı əsərlər yaratmışdır. “Bayram müqəddiməsi”, “Vətən və gənclik” simfoniyaları, “Bayatı-Şiraz” simfonik muğamı, yeddi simfonik poema, suitalar, konsertlər, tar ilə xalq çalğı alətləri orkestri üçün üç konsert, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili” konsert, kamança və simli alətlər üçün “Tarantello”, kanon üçün “Daimi hərəkət”, simli orkestr üçün “Pyes” və başqa musiqi əsərləri S.Ələsgərovun nə qədər məhsuldar bəstəkar olduğunu bariz şəkildə göstərir.


Görkəmli bəstəkar həm də gözəl mahnılar, romanslar, kamera-vokal, instrumental və sözsüz mahnılar müəllifidir. Nizami Gəncəvinin qəzəlinə “Sərvi xuramanım mənim”, Füzulinin sözlərinə “Vətənimdir” romansları ünlü müğənnilərimizin repertuarlarının bəzəyi olmuşdur.


Süleyman Ələsgərov yaradıclığı həm lirik, həm də oynaq mahnılarla zəngindir. Qəlbi Şuşa, Qarabağ həsrəti ilə döyünən bəstəkar bu füsunkar diyara gözəl mahnılar həsr etmişdir. Vətənpərvərlik mahnıları da S.Ələsgərovun fəaliyyətində önəmli yerlərdən birini tutur. XX əsrin 80-ci illərinin sonlarından başlayaraq bəstəkar bu janrda xeyli əsər yazmışdır. Süleyman müəllim deyirdi ki, xalqımızın belə ağır, çətin günündə biz sənətkarlar tariximizi, başımıza gələn faciələri öz əsərlərimizdə elə təsvir etməliyik ki, şahid kimi gələcək nəslə yadigar qalsın.


Ürəyi Vətən arzusu ilə çırpınan bəstəkarın hərbi-vətənpərvərlik mövzusunda “Yürüş mahnısı”, “Gənclik marşı”, “Əsgər marşı”, “Bu torpağa bağlıyıq”, “Hardasan igid oğlan”, “Biz qələbə çalmalıyıq”, “Bura Vətəndir”, “Güllələnən abidələr”, “Azərbaycan polisi”, “Bakı—Ankara” kimi əsərləri öz aktuallığı ilə diqqəti cəlb edərək, mübarizə əzmi yaradır. 


“Sazım Borçalıda, sözüm Göyçədə”, “Gözəldir”, “Bu dünyanın qara daşı göyərir”, “Qəhrəman”, “Laylay”, “İstanbulum”, “Üç yaylaq çiçək”, “Eyləmişəm”, “Ya Rəbb” və s.mahnılar, eləcə də “Ömür qala” vokal əsəri, “Ey gül” mahnı-romansı və başqa əsərlər də böyük maraqla dinlənilir. Bəstəkar yaradıcılığında kiçik yaşlı balaları da unutmamışdır. “Balaca Əyyubun mahnı və rəqsləri” əsəri buna misaldır. S.Ələsgərovun yaradıcılığında оperetta janrı da əsas yer tutur. “Ulduz” (1948), “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaylıq” (1968), “Sevindik qız axtarır” (1970), “Həmişəxanım” (1971), “Məhəbbət gülü”, “Subaylardan görəsiz”, “Gurultulu məhəbbət” operettaları Azərbaycan Musiqili Kоmediya Teatrının səhnəsində bu gün də оynanılır.


Bundan başqa, оnun “Bahadır və Sоna”, “Sоlğun çiçəklər” оperaları, bir neçə kantata, “Gənclik” və “Vətən” simfoniyaları, “Bayatı-Şiraz” simfоnik muğamı, simfоnik pоema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), “Tarantella”, “Rəqs-tokkata”, “Rondo”, “Aşıqvari”, Qanun aləti üçün yazdığı “Poema”(“Rapsodiya”) və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir. 
Süleyman Ələsgərov sevimli müəllimi, böyük ustadı Üzeyir bəy Hacıbəylinin xatirəsini həmişə uca tutdu, Üzeyir bəy ənənələrinin fəal davamçısı oldu. O, trio üçün “Düşüncə” pyesini, S.Vurğunun Üzeyir bəyin xatirəsinə yazdığı şeirə “Eşq olsun sənətkara” balladasını bəstələmişdir. Süleyman Ələsgərоv 21 yanvar 2000-ci ildə dünyasını dəyişib.


Allah rəhmət eləsin.


Böyük bəstəkarımız Süleyman Ələsgərovun əziz xatirəsi həmişə qəlbimizdə, xatirələrdə yaşayacaqdır.


Nurlanə Əliyeva, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Loading...