Siyasət
12.10.2021 16:06
57

"Ölkə başçımızın hər çıxışı, hər müsahibəsi Ermənistanda rezonans doğurur"

"44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri Cənubi Qafqazdakı reallıqları kökündən dəyişdiyi kimi Azərbaycan və Ermənistanın bölgədəki rollarını və proseslərə təsir imkanlarını da tamamilə dəyişib. İndi Ermənistanın gündəmini baş nazir Nikol Paşinyanın və ya prezident Armen Sarkisyan yox, Azərbaycan Prezidenti İlham Əliyev diktə edir. Daha doğrusu, İlham Əliyevin çıxışları, müsahibələri və açıqlamaları düşmən ölkənin gündəmini müəyyən edir, formalaşdırır". 


MediaBaku.az xəbər verir ki, bunu Milli Həmrəylik Partiyasının sədri 
Əlisahib Hüseynov deyib.


"Ölkə başçımızın hər çıxışı, hər müsahibəsi Ermənistanda hadisəyə çevrilir, rezonans doğurur, qızğın müzakirələrə səbəb olur. Və erməni ictimaiyyəti də İlham Əliyevin söylədiklərini öz liderlərinin fikirlərindən, vədlərindən daha kompetent və etibarlı mövqe kimi qəbul edirlər. Bu isə onu göstərir ki, Azərbaycan Ermənistanı təkcə döyüş meydanında deyil, həm də psixoloji planda ağır məğlubiyyətə uğradıb. Bu mənada Prezident İlham Əliyevin oktyabrın 9 da Xocavənd rayonunun ictimaiyyəti ilə görüşü zamanı Hadrut qəsəbəsinin işğaldan azad edilməsində ordumuzun göstərdiyi qəhrəmanlıq haqda və eləcə də erməni saxtakarlıqları barədə etdiyi çıxışının Ermənistanda müzakirələrə səbəb olması heç də təsadüfi deyil. 


Prezidentin bundan əvvəl oktyabrın 3-də Suqovuşanda, oktyabrın 4-də isə Cəbrayılda etdiyi çıxışlar da İrəvanın siyasi kuluarlarında həssaslıqla qarşılanmışdı. Xüsusən də dövlət başçımızın Xocalı qatili və Ermənistanın sabiq prezidenti Serjik Sarkisyan haqda səsləndirdiyi ifşaedici fikirlər Ermənistanda sözün əsl mənasında “soyuq duş” effekti yaratmışdı. Əlbəttə, ermənilər bir il öncə misilsiz qəhrəmanlıqla azad edilmiş ərazilərimizin önəmli bir parçası sayılan Xocavəndin Hadrut qəsəbəsi  və Tuğ kəndində müqəddəs Azərbaycan bayrağının yenidən dalğalanmasına və Prezidentimizin orada parlaq çıxışına da reaksiya verməyə bilməzdilər. Çünki bütün bu addımlar Qələbəmizi daha da möhkəmləndirir və milli hədəflərimizə doğru qətiyyətlə irəlilədiyimizi nümayiş etdirir. Bu isə istər-istəməz erməniləri qıcıqlandırır. Onların məğlubiyyətlə barışması prosesi həqiqətən də çox ağrılı keçir. 


Yeri gəlmişkən, ermənilər Hadrutu itirməklə özlərini beli qırılmış insana bənzədirlər. Çünki Hadrut onlar üçün əsas strateji məntəqələrdən biri sayılırdı. Lakin Şanlı Ordumuzun müvəffəqiyyətlə həyata keçirdiyi  Hadrut əməliyyatı 44 günlük müharibənin gedişində ermənilər üçün də, bizim üçün də həlledici dönüş nöqtəsinə çevrildi. Bu mənada Hadrut əməliyyatını İkinci Dünya müharibəsindəki məşhur Stalinqrad döyüşü ilə müqayisə etmək olar. Stalinqrad uğrunda döyüş alman faşistlərinin böyük məğlubiyyətinə yol açdığı kimi, Hadrut döyüşü də erməni faşizminin belini qırdı. Bizim Ordumuz bu əməliyyatın gedişində həqiqətən də yüksək döyüş hazırlğı, hərbi peşəkarlıq performansı göstərdi. Prezident İlham Əliyev də haqlı olaraq çıxışında qeyd etdi ki, Hadrutun işğaldan azad edilməsi çox böyük fədakarlıq, peşəkarlıq tələb edib. Ordumuz işğal altında olan hər qarış torpaq uğrunda qəhrəmanlıqla vuruşduğu kimi Hadrut qəsəbəsinin işğaldan azad edilməsi zamanı da əsgər və zabitlərimiz xüsusi cəsarət göstərmişdilər. 

Məlumdur ki, bu ərazidə düşmən çoxlu sayda hərbi qüvvələr yerləşdirmiş və ətraf ərazilər də yüksəkliklərlə əhatə olunmuşdu. Bir neçə gün ermənilər Hadrut qəsəbəsində ordumuza müqavimət göstərsələr də, lakin sonda tam məğlubiyyətə uğradılar. Buna baxmayaraq Hadrutu alınmaz qala hesab edən düşmən tərəf Hadrutla bağlı misli görünməmiş canfəşanlıqla informasiya təxribatı aparırdı. Ermənistan rəhbərliyi Hadrutun alınmasının onlar üçün necə böyük itki olduğunu və bunun müharibənin bütün sonrakı gedişinə köklü mənfi təsir göstərəcəyini dərk etdiyinə görə əsl həqiqəti həm öz ictimaiyyətindən, həm də dünya ictimaiyyətindən bütün vasitələrlə gizlətməyə çalışır və qəsəbənin hələ də onların nəzarətində olduğu barədə yalan məlumatlar, feyk-xəbərlər yayırdı. 

Həmin günlərdə Hadrutla bağlı erməni yalanlarının dərəcəsi ən pik həddə çatmışdı. Çünki Hadrutun azad edilməsi bütün Ermənistana və dünya ermənilərinə çox böyük mənəvi-psixoloji sarsıntı yaşada bilərdi. Lakin Azərbaycanın qədim el məsəllərindən birində deyildiyi kimi “cidanı çuvalda gizlətmək mümkün deyil”. Hadrutda Azərbaycan bayrağının qaldırılmasını əks etdirən videogörüntülər mediada və sosial şəbəkələr üzərindən yayıldıqdan sonra rəsmi İrəvanın böyük yalanı üzə çıxdı və düşmən əsl həqiqəti etiraf etməyə məcbur oldu. Ona görə də Hadrut əməliyyatının həm strateji, həm tarixi, həm də mənəvi-psixoloji baxımdan çox böyük əhəmiyyəti var idi. 

İlham Əliyev Xocavənddəki çıxışında ermənilərin həm Hadrut döyüşünün nəticələri ilə bağlı yalanlarını, həm də ümumiyyətlə, bütün dövrlərdə yalan və saxtakarlıqla məşğul olduqlarını xüsusi vurğuladı. O, qeyd etdi ki, ermənilər bütün dünyada rəy formalaşdırmağa çalışıblar ki, guya onlar əsrlər boyu bu ərazilərdə yaşayıblar. Lakin tarixi faktlar və mənbələr isə bunun tamamilə əksini göstərir. Belə ki, ermənilərin Hadruta XIX əsrdə köçürülməsi faktı heç kimə sirr deyil. 19-cu əsrə qədər bu ərazidə həqiqətən də bir nəfər də olsun erməni yaşamayıb. Bu həqiqəti hətta bəzi erməni mənbələri də təsdiqləyir. Lakin bu günkü Ermənistanın rəsmi təbliğatı və erməni kilsəsinin təbliğatı isə bu həqiqətləri qəsdən ört-basdır etməyə çalışır. Ona görə də Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, “Ermənistan təbliğatı istər işğal dövründə, istər müharibə dövründə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulub. Onların tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb”.
 

Elə bu yalanların, uydurmaların davamı olaraq Xocavənddə yerləşən və dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasının da guya ermənilərə məxsus olduğu barədə yayılan sərsəm iddialara dünyanın akademik elmi dairələrində heç kim ciddi yanaşmır. İlham Əliyev çıxışında ermənilərin bu yalanını da kinayəli gülüşlə, ritorik sualla ifşa etdi: “Ermənilər Azıx mağarasını da erməniləşdirmək istəmişdilər. Bunların cəfəngiyyatının dərəcəsinə baxın, onlar bəyan edirdilər ki, Azıx mağarasında ermənilər yaşayıblar. Adam bilmir gülsün, yoxsa neynəsin?”.

Prezident  Xocavənd rayon ictimaiyyətinin nümayəndələrinin diqqətinə həmçinin onu da çatdırdı ki, Azıx mağarasını aşkarlayan azərbaycanlı arxeoloqlar olublar. Mərhum akademikimiz Məmmədəli Hüseynov başda olmaqla yerli arxeoloqlarımız keçən əsrin 60-70-ci illərində bu mağarada böyük tədqiqat işləri aparıblar. Ermənilər isə sadəcə olaraq işğal dövründə dünyanı aldatmaq üçün bir neçə ölkədən alimlər gətirərək buranın erməni etnosu ilə əlaqəsini göstərməyə çalışıblar. Əsl həqiqətdə isə bu yaşayış yerinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Çünki qədim daş dövründə ümumiyyətlə etnoslar, millətlər anlayışı mövcud olmayıb. Odur ki, ermənilərin bu cür cəfəng iddiası həqiqətən də gülüş doğurur. Ermənilər bir şeyi unudur ki, dünya dəyişib, reallıqlar da artıq dəyişib. İndi erməni yalanları işləmir. Azərbaycan erməni yalanlarını uğurla ifşa etməkdədir".

Loading...
Loading...