Siyasət
08.01.2021 17:32
627

"Ölkədə yeni siyasi ənənələr formalaşır, iqtidarla siyasi partiyalar arasında konstruktiv, sivil münasibətlər təşəkkül tapır"

Proseslər onu göstərir ki, ölkədə siyasi dialoq təşəbbüslərinin mövcudluğu və siyasi münasibətlərin inkişafı Azərbaycan dövləti və iqtidarı üçün qarşıdakı dövrdə də əhəmiyyətli məsələ olaraq qalacaq.


İlk növbədə Prezident şəxsən özü Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafına dərindən maraq göstərir. 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Belə ki, cənab Prezident çıxışında ölkəmiz üçün prioritet məsələlər sırasında siyasi dialoq, siyasi partiyaların qeydiyyatı, siyasi qüvvələrin Vətən Müharibəsi zamanı həmrəylik nümayiş etdirməsi və anttimilli qüvələrin  ölkəmizin uğurlarına kölgə salmaq istəyi kimi bir sıra aktual siyasi məqamlara da toxundu. Dövlət başçısı hazırda ölkəmizdə geniş spektrli siyasi dialoq mühitinin tam formalaşdığını qeyd etdi. O bunu yüksək qiymətləndirdiyini vurğuladı.
Prezident çıxışında yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, müxalifət partiyaların əksəriyyətinin hakimiyyətin siyasi dialoq təşəbbüsünə müsbət yanaşması, ötən ilin fevralında keçirilən parlament seçkilərinin nəticəsində Milli Məclisin rəhbərliyində müxalifət təmsilçilərinə də yer verilməsi barədə fikirlərini bölüşdü. Eyni zamanda siyasi partiyaların qeydiyyatı ilə bağlı süni əngəllərin mövcudluğu məsələsi də Prezidentin diqqətindən kənarda qalmadı. O bildirdi ki, əvvəllər partiyaların dövlət qeydiyyatına alınması süni şəkildə ləngidilirmiş, ancaq Prezident bu məsələdən xəbər tutan kimi bu məsələ nəzarətə götürülüb və indi partiyaların qeydiyyata alınması məsələsində faktiki olaraq heç bir problem yoxdur. Partiyaların qeydiyyata alınması üçün əlverişli və şəffaf şərait yaradılıb. Nəticədə son bir ildə ölkəmizdə bir sıra yeni partiyalar qeydiyyatdan keçib. Eləcə də əvvəllər müxtəlif süründürməçiliklərlə üzləşən bir sıra partiyaların da qeydiyyat məsələsi  artıq müsbət həllini tapıb. Həmçinin, siyasi partiyalara dövlət tərəfindən mənzil-qərargahların verilməsi prosesi də başlayıb. Artıq bir sıra partiyalar qərargahla təmin edilib. 



Ümumiyyətlə, partiya sədrləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sıx təmas şəraitində fəaliyyət göstərməsi ölkəmizin siyasi mühitində yeni siyasi konfiqurasiyanın oturuşması baxımından çox mühüm rol oynayır. Ölkədə yeni siyasi ənənələr formalaşır, iqtidarla siyasi partiyalar arasında konstruktiv, sivil münasibətlər təşəkkül tapır. Əvvəlki illərdən fərqli olaraq indi siyasi partiyalar dövlət tərəfindən özlərinə qarşı diqqət və qayğıkeş münasibət göstərildiyini real olaraq hiss edir və bunu təqdir edirlər. Dövlətin və hakimiyyətin siyasi partiyalara qarşı demokratik açılım və siyasi pluralizm mövqeyindən çıxış etməsi öz növbəsində siyasi liderlər tərəfindən də olumlu və müsbət qarşılanır. İqtidarın atdığı bu addımlara qarşı siyasi partiyalar adekvat münasibət göstərir. Belə ki, 44 gün davam edən Vətən Müharibəsi dövründə siyasi qüvvələrin milli həmrəylik mövqeyindən çıxış etməsi bu dediklərimizə əyani sübutdur. Siyasi partiyalar həmin günlərdə ideoloji dəst-xətindən və siyasi düşərgə mənsubiyyətindən asılı olmayaraq birmənalı şəkildə dövlətin, Ordunun və Ali Baş Komandanımızın yanında yer aldılar. Yalnız “Milli Şura” deyilən qurum antimilli mövqedən çıxış etdi, siyasi partiyaların həmrəylik Bəyanatına qoşulmadı, torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs bir işdə Ali Baş Komandanımızın yanında dayanmaq  üçün özündə təpər tapmadı. Çünki Azərbaycan dövlətinin Vətən Müharibəsindəki qəti qalibiyyəti istər xaricdəki ermənipərəst qüvvələri, istərsə də onların ölkəmizdəki əlaltılarını ciddi şəkildə narahat edirdi. Ancaq Azərbaycan xalqının birlik nümayiş etdirərək Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi, Ordumuza dəstək nümayiş etdirməsi  özlərini radikal müxalifət kimi aparanların arzularını gözlərində qoydu. Odur ki, indi radikal müxalifətin ermənipərəst dairələrin sifarişi ilə qələbəmizə qarşı kampaniya aparması da boş şeydir. Onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan ictimaiyyəti onların antimilli mövqeyinə hər zaman layiqli cavab verib və verəcək. Qələbəmizə kölgə salmaq cəhdləri Azərbaycanı sevməyən qüvvələrin maraqlarına xidmət edir və Fransa kimi ermənipərəst ölkələrin “dəyirman”ına su tökür. Biz onlara bu səhv mövqedən geri çəkilmələrini tövsiyyə edirik. Əks halda, onlar bundan sonrakı siyasi talelərini də tarixin arxivində keçirməli olacaqlar. 
Milli mövqeyə sahib olduğunu iddia edən “Milli Şura” bu gün Azərbaycana qarşı aparılan informasiya müharibəsinin önünə keçməli və ölkəmizə təzyiq göstərmək yoluyla Yuxarı Qarabağda yuva salan erməni separatçıları üçün status tələb edən ölkələrə qarşı öz etirazını bildirmək əvəzinə, Azərbaycan dövlətinə və hakimiyyətinə qarşı mübarizə aparmamalıdır.  Prezidentin də qeyd etdiyi kimi bu gün hər bir partiya, hər bir siyasi təşkilat əlindəki rıçaqlardan istifadə etməli, haqq səsimizin, həqiqətlərimizin dünya birliyinə çatdırılmasına nail olmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün regionda yeni siyasi mənzərə, yeni reallıqlar formalaşmaqdadır. Bu da ilk növbədə məhz Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlıdır. Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişən bir ölkəyə, önəmli aktora çevrilib. Deməli, bu prosesdə hər bir siyasi qüvvə dövlətimizin maraqları naminə fəallıq nümayiş etdirməlidir. Biz əlaqə saxladığımız xarici siyasi təşkilatlara Ermənistanın 30 illik işğalçı siyasətinin Azərbaycana və regiona vurduğu ziyanı izah etməliyik, qatıldığımız beynəlxalq tədbirlərdə erməni faşizminin mahiyyətini açıb göstərməliyik, qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının pozulması haqqında onlara məlumatlar verməli və onları haqq işimizin müdafiəsinə çağırmalıyıq. Bu, düşərgə mənsubiyyətindən və ideoloji mövqeyindən asılı olmayaraq hər bir siyasi partiyanın ümumilli vəzifəsidir. Prezidentin bu fikirlərinə və tövsiyyələrinə müxalifətçi kimi yox, azərbaycanlı kimi yanaşmaq lazımdır. 



Əlisahib Hüseynov, 
Milli Həmrəylik Partiyasının sədri

Loading...