Paşinyan məğlubiyyətin səbəblərini Rusiyanın elektron müharibə sistemlərinin üzərinə qoydu  -
Siyasət
24.12.2020 23:53
143

Paşinyan məğlubiyyətin səbəblərini Rusiyanın elektron müharibə sistemlərinin üzərinə qoydu - "işə yaramadılar"...

Paşinyan tarixi məğlubiyyətinə görə Rusiyanı günahlandırıb. Sözügedən məsələ ilə bağlı Rusiya mətbuatı yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan elektron müharibə sistemlərinin işə yaramadığını bildirərək, bütün günahların Rusiyada olduğunu deyib:  “Rusiya istehsalı olan elektron müharibə sistemləri işə yaramadı. Buna görə ordumuz bir hədəfə çevrildi”.


Ermənistan ordusunun Qarabağ bölgəsində ağır itki verdiyini etiraf edən Paşinyan “əgər sülh və sülh sazişini qəbul etməsəydik, bu müharibənin nəticələri bizim üçün daha ağır olardı”, - deyə Paşinyan məğlubiyyət acısını dilə gətirib. 


Bununla belə, Moskva rəhbərliyini qınayan Paşinyan, müharibə zamanı Rusiyadan lazımi dəstəyi almadıqlarını qeyd edib.


Bu arada Rusiyanın istefada olan polkovniki, hərbi ekspert Viktor Baranets deyib ki, bunun səbəbi pilotsuz aparatlara qarşı vasitələrin keyfiyyətində deyil, onları idarə edənlərdədir. Onun sözlərinə görə, Qarabağda radioelektron mübarizə vasitələrini Rusiya mütəxəssisləri deyil, erməni ordusunun zabitləri idarə edirdilər. Əgər mütəxəssis yoxdursa, texnikanın mövcudluğunun özü heç nəyi dəyişmir: “Hesab edirsiniz ki, biz Dağlıq Qarabağda ermənilərə görə döyüşməli idik? Radioelektron mübarizə vasitəsilə işləmək bir işdir, hədəfi fiziki olaraq vurmaq başqa işdir. Savadlı və təcrübəli mütəxəssislər olmasa, texnikanın mövcudluğu kömək etməyəcək, erməni ordusunda isə belə mütəxəssislər, sadəcə olaraq, yox idi”.


“Pilotsuz aparatlar olmasaydı belə, Azərbaycan Ordusu işğal altında olan əraziləri azad edəcəkdi”


Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Paşinyan uğradığı məğlubiyyətdən yaxa qurtarmaqdan ötrü uğursuz formada “günah keçisi” axtarır: “Pilotsuz aparatlar olmasaydı belə, Azərbaycan Ordusu işğal altında olan əraziləri azad edəcəkdi. Heç bir qüvvə ordumuzun qarşısını ala bilməzdi. Çünki neçə il idi ordumuz döyüş qabiliyyətini artırırdı. Mütəmadi keçirilən hərbi təlimlər, yüksək hazırlıq səviyyəsi addım-addım işğal altında olan ərazilərin azad olunması gününü yaxınlaşdırırdı. Prezident İlham Əliyevin yeritdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticə etibarilə Azərbaycanın qələbə qazanmasına gətirib çıxardı. Paşinyan isə sərsəm açıqlamaları ilə hərbi əməliyyatların başlamasını sürətləndirdi. Azərbaycan Ordusu dünyanın 50 güclü ordusundan biridir. Əsgərlərimiz dağa dırmaşaraq Şuşa kimi strateji əhəmiyyətli şəhəri azad etdilər. Azərbaycan ona görə PUA-lardan geniş istifadə etdi ki, itki az olsun. Hesab edirəm ki, bu, çox ağıllı hərbi gediş idi. İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra istefa vermiş Ermənistan Hərbi nəzarət xidmətinin rəhbəri Movses Hakopyan bu günlərdə keçirdiyi brifinqdə diqqətçəkən məqamları qabartdı. Onun sözlərinə görə, müharibə zamanı Rusiya Ermənistana lazım olandan da çox silah verib. Qeyd etdi ki, Rusiya Ermənistanı heç xəyal etmədikləri silahlarla təchiz edib. Bütün bunlar onu göstərir ki, Paşinyanın arqumentləri sadəcə absurddur. Onlar elə bilirdilər ki, Rusiya onların yerinə döyüşəcək”.


Hərbi ekspert onu da qeyd etdi ki, Paşinyan bu kimi fikirlərlə özünü xilas edə bilməyəcək.

Loading...
Loading...