Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsi  - NATO-nun diqqətini cəlb edən Azərbaycan Ordusu
Siyasət
27.06.2021 11:23
744

Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsi - NATO-nun diqqətini cəlb edən Azərbaycan Ordusu

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdü. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir. Ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir. AXC yarananda Azərbaycanda milli ordu deyilən anlayış yox idi. Ordusuz dövlət yaşaya bilməz. O vaxt isə vəziyyət olduqca gərgin idi. Gənc Azərbaycan Xalq Cümhuriyyətini parçalamaq, onun ərazisini öz torpaqlarına qatmaq üçün qonşu dövlətlər açıqdan-açığa öz məkrli fikirlərini bildirirdilər.

Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Ötən il isə Azərbaycan Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycanın işğal altında olan torpaqları artıq azaddır! Azərbaycan Ordusu 44 günlük Vətən Müharbəsində Ali Baş Komandanın rəhbərliyi altında tarixi zəfərə imza atdı.

Məs buna görə də 2021-ci ilin 26 iyununda Silahlı Qüvvələr Günü əsl bayram kimi qeyd edildi. Çünki bu il Ordumuz parlaq qələbə qazanıb Zəfər çaldı. Bundan bir neçə ay keçməsinə baxmayaraq hələ də Azərbaycan xalqının qəlbində, ruhunda 44 günlük Zəfərin ab-havası var.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşü zamanı deyib: Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik".

Günü-gündən güclənən Azərbaycan Ordusu artıq dünyanın güclü ordular sırasında irəliləməkdə davam edir. 44 günlük İkinci Qarabağ Müharibəsi 30 il işğal altındakı torpaqların azad olunması ilə yanaşı, hərb tarixində yeniliklərlə də yadda qaldı. Ən əsası hərb tarixinə düşəcək ən müasir strategiyanın tətbiqi və ən müasir silahlardan istifadə olunması ilə də yadda qaldı. Bunun nəticəsidir ki, Azərbaycanın nailiyyəti hələ də, dünyanın diqqət mərkəzindədir. Qısa müddətdə işğal altındakı ərazilərimiz nəinki düşməndən təmizlədi, həm də düşmənin bütün hərbi texnikası darmadağın edildi.

Ən əsası da budur ki, NATO kimi ən qüdrətli təşkilatın ekspertləri, analitikləri Azərbaycan Ordusunun çox sürətlə inkişaf etdiyini etiraf edir. Təşkilat ekspertləri belə qənaətə gəliblər ki, postsovet məkanında Azərbaycan ordusu effektivlik, müasir texnologiya və texnika ilə təminat, döyüş hazırlığı və s. kimi meyarlar baxımından Rusiya Silahlı Qüvvələrindən sonra ikinci yerdədir.

Həqiqətən də çox qürurvericidir. Rusiya kimi hegamon dövlətdən sonra ikinci güclü orduya sahib olasan. Bəli, bu Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin bəhrəsidir. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

Fuad Heydər

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini
Loading...
Loading...