Putin Dağlıq Qarabağ üçün hansı statusdan danışır  - üçtərəfli razılaşmaya qədərki mövqe...
Siyasət
18.12.2020 21:49
118

Putin Dağlıq Qarabağ üçün hansı statusdan danışır - üçtərəfli razılaşmaya qədərki mövqe...

Rusiya Prezidenti Vladimir Putinə keçirdiyi geniş mətbuat konfransında Dağlıq Qarabağdakı durumla bağlı sual verilib. Rusiya dövlət başçısına sualı TASS-ın müxbiri ünvanlayıb. Vladimir Putin əvvəlcə müharibənin başlanma səbəblərindən danışıb: “Dağlıq Qarabağda situasiya nəzarətdən çıxmışdı. Bu gərginlik uzun illərdir davam edirdi. Mən müharibənin hansısa xarici müdaxilə nəticəsində baş verdiyini düşünmürəm. Münasibətlər gərginləşdi və sonda münaqişə baş verdi. Rusiya hər zaman qan tökülməsinin əleyhinə olub. Biz uzun illər bu mövqedən çıxış etmişik ki, Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılmalıdır, Qarabağın hazırkı status-kvosu saxlanılmalıdır. Bəlkə də bu statusu gələcək nəsillər həll etməlidir”.


Vladimir Putin Türkiyənin mövqeyi barədə də söz açıb: “Türkiyənin mövqeyi, onların özlərinin dediyi kimi, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər Azərbaycanındır. Dağlıq Qarabağ özü də Azərbaycan ərazisidir”.


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları üçtərəfli razılaşmaya toxunan Vladimir Putin deyib: “İnsan ölümlərinin dayandırılması fövqəladə dərəcədə vacib məsələdir. Üçtərəfli razılaşma bunun üçün bütün əsasları yaradır. Sənəddə qeyd olunduğu kimi, sülhə nail olunduqdan sonra növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalıdır. İqtisadi və infrastruktur potensialı tam açılmalıdır. Bu, avtomobil, dəmiryolu və sair kommunikasiyalara aiddir. Bu, Naxçıvana da, Ermənistanın şimalı ilə cənubu arasında əlaqələrə da aiddir”.


Putinin ifadə etdiyi fikirlərdə Qarabağın statusu ilə bağlı bir məqam diqqəti çəkir. O deyir ki, bu statusu gələcək nəsillər həll etməlidir. Məlumdur ki, Azərbaycan tərəfi 44 günlük müharibədən əvvəl Dağlıq Qarabağa Azərbaycanın daxilində ən yüksək status verməyə hazır olduğunu bəyan edirdi. Ancaq Ermənistan tərəfi müharibə yolunu seçdiyi üçün, Azərbaycan rəsmi olaraq bu təklifin tam olaraq qüvvədən düşüdüyünü bildirib. Belə olan təqdirdə Putinin yenidən Qarabağın status ilə bağlı fikir bildirməsi nə dərəcədə məntiqə uyğundur?


“Gələcək nəsillər buna baxa bilər fikri birbaşa ermənilərin könlünü almağa oxşayır, nəinki reallığa”


Politoloq İlqar Vəlizadə Bakı-Xəbər.az-a açıqlamasında bildirdi ki, həmin mətbuat konfransında bizim xeyrimizə olan kifayət qədər fikirlər də işlədilib: “Düşünürəm ki, Putinin statusla bağlı qeyri-müəyyənliyi əks etdirən fikri bir qədər balans yaratmağa yönəlib. Yəni Ermənistanın tam da aşağılanmasını istəməyib. Çünki Putinin fikirlərində Ermənistanın ziyanına olan kifayət qədər ciddi məqamlar vardı. Məsələn, o dedi ki, 7 rayon və Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Deməli, Ermənistanın 30 il ərzində işğalçı olduğunu təsdiqləmiş oldu. Bundan əlavə, Putin Türkiyənin birmənalı olaraq hərbi əməliyyatlarda iştirak etmədiyini bildirdi. Bu da Ermənistanın mövqeyinə vurulan böyük zərbə idi. Çünki bütün müharibə boyu erməni medaiası Türkiyənin bizim tərəfdən müharibədə iştirak etdiyinə dair rəy formalaşdırmağa çalışdı. Putinin fikirlərinə diqqətlə yanaşsaq görərik ki, onun statusla bağlı işlətdiyi fikir konkret vaxtı əks etdirmir. Gələcək nəsillər buna baxa bilər fikri birbaşa ermənilərin könlünü almağa oxşayır, nəinki reallığa. Hamı çox gözəl başa düşür ki, status məsələsi müzakirə mövzusu ola bilməz. Bu qeyri-müəyyən fikirlərlə Ermənistana müəyyən ümidlər verilir ki, sülh prosesindən yayınmasın.  Rusiya və ya Minsk Qrupunun digər üzvləri dərin mənada Qarabağda ermənilərə hansısa formada statusun verilməsini arzulayır. Təbiidir ki, bu bizim istəyimizə uyğun gəlmir. Bu baxımdan da tərəflər arasında ziddiyyət var. Ancaq indiki məqamda nə Rusiya, nə də Azərbaycan bu ziddiyyəti qabartmaq istəmir. Bu edilsə, vəziyyət siyasi baxımdan mürəkəbləşə bilər. Bu da ümumi prosesə ziyandır.  Bu söhbətlər olsa da, qeyri-məyyən xarakter daşıyacaq. Praktiki addımlardan çox şey asılıdır. Artıq Xankəndiyə köçəcək vətındaşlarımızın sayı da müəyyənləşib. Təbiidir ki, azərbaycanlılar yalnız Xankəndiyə deyil, digər şəhər və kəndlərə də köçəcək. Bunun da nəticəsində say bizim xeyrimizə dəyişəcək. Nəticədə status məsələsi ilə bağlı məsələ tədricən gündəmdən çıxacaq”.


Ekspertin sözlərinə görə, vəziyyət sabitləşəndən sonra bir çox ermənilər məhz Azərbaycan vətəndaşı olaraq həmin ərazidə yaşamaq yolunu seçəcək.

Loading...