Cəmiyyət
20.05.2022 19:10
802

"Qadınlar dövlətimizin, dövlətçiliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”

Kainatın zərif və incə olduğu qədər, mətanətli, dəyanətli, mübariz və fədakar varlığı sayılan qadınlar, həm də həyatın mənbəyidirlər.Onlar anadırlar, onlar nənədirlər, onlar ağbirçəkdirlər; demək onlar yolgöstərən və idarəedən bir qüvvədirlər. Qadınlar  bəşər övladını yaratmaq və yaşatmaq üçün ulu Tanrı tərəfindən yaradılmışlardırlar. Onların bu dünyada missiyası yalnız ana olmaqla bitmir. Onlar həm də qeyrət, namus simvoludurlar, öz evinə, ocağına sadiq olan varlıqlardırlar. Mənbəyini yaradandan götürmüş, mənsəbi sonsuzluq olan qadınlar şəffaf sulu çaydırlar; saysız məcralara ayrılmış qolları isə yaratdıqları və davamçılarıdırlar.


Əks cinsin nümayəndələri ilə müqayisədə həlim, yumşaq, incə hisslərə malik olan qadınlar, bəzən haqq səsini ucaldaraq fırtına kimi coşur, öz şüuru və zəkası ilə ailəsini və cəmiyyəti düzgün istiqamətlərə yönəltməyi bacarırlar. 


Bu gün bizim dövlətimizin və dövlətçiliyimizin inkişaf istiqamətlərində və tərəqqisində qadınların rolu çox böyükdür. Tarixə nəzər salsaq, ta qədimdən qolu qüvvətli, baxışı zəhmli, aslan ürəkli kişilərə öz müdrikliyi ilə arxa, dayaq olan Sara xatun, Möminə xatun, Gəncəvi Məhsəti, Xan qızı Natəvan, Tutibikə, Tomris və adları tarixə və yaddaşlara qızıl hərflərlə yazılmış digər qadınlar olmuşlar. Rəvayət və əfsanələrdən tanıdığımız Koroğlunun Nigarını, Nəbinin Həcərini, Fərhadın Şirinini bir-birini əvəzləyən nəsillər özlərinə ideal simalar seçmişlər. 


Milli dəyərlərini dərk edərək maariflənmə yolunda XIX əsrin ortalarından mübarizəyə başlayan Azərbaycan qadınları elm və təhsil sahəsində öz fəaliyyətlərini qurmağa başlamışlar. 17 nəfər azərbaycanlı qadından ibarət Azərbaycanda təhsil üzrə eyni adlı “Müqəddəs Nina” cəmiyyəti işə başlamışdır. 1850-ci ildə təhsilə, mədəniyyətə yüksək qiymət və önəm verən Mirmahmud kişinin qızı Dilbər xanım elə öz atasının dəstəyi ilə Şamaxıda yaşadığı evdə qızlar məktəbi açmış və burada 1863-cü ilə qədər bir neçə fəndən dərslər keçmişdir. Daha sonralar Zaqatala, Şuşa və Bakıda da şəxsən qadınların dəstəyi ilə məxsusi qız məktəbləri açılmışdır. 1901-ci ildə H.Z.Tağıyevin vəsaiti hesabına tikilmiş və təsisçisi H.Z.Tağıyevin həyat yoldaşı olmuş Sona xanım ilk qadın Rus-Müsəlman Pedaqoji Məktəbini açmışdır.


XX əsrin əvvəllərində, Azərbaycanda ilk qadın jurnalı “İşıq” Xədicə Əlibəyovanın təşəbbüsü və təşkilatçılığı ilə işıq üzü görür.


1913-cü ildən səhiyyə sahəsində xeyriyyəçilik missiyası ilə fəaliyyətə başlayan və bu sahədə bir neçə xeyriyyə cəmiyyətinin rəhbəri olmuş Liza Muxtarova 1914-cü ildə “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradır.


Azərbaycan dövlətinin elmi inkişafında qadın simalar sırasında güclü elmə, fantastik biliyə malik olan tarixçi, şərqşünas Sara xanım Aşurbəyovanı da xüsusi qeyd etmək lazımdır. 


O dövrdə elm, təhsil, səhiyyə və digər sahələrdən başqa mədəniyyət sahəsində də Azərbaycan qadınları irəliləmiş və uğurlar qazanmışlar.Çox çətin janr olan vokal sənəti üzrə Bakıdan İtaliyada ilk musiqi təhsili alan yeganə xanım Şövkət Məmmədova olmuşdur.


Sonralar Ukraynada təhsil aldığı müddətdə Şövkət Məmmədova ölkənin paytaxtı Kiyev şəhərində xeyriyyə konsertləri verərək azərbaycanlı tələbələrə dəstək olurdu.


Milli mentalitetin dəyər verildiyi bir ölkədə ilk dəfə Həqiqət Rzayeva səhnəyə qadın müğənni kimi, “Arşın mal alan”  operettasında Qəmər xanım isə Gülçöhrə rolunda qadın aktrisa kimi çıxmışdır. 


1937-ci ilin represiya qurbanları arasında Azərbaycandan fəaliyyətinin böyük bir qismini maarifçiliyə həsr etmiş Ayna Sultanova, Nazlı Tahirova-Nəcəfova, Xədicə Qayıbova və digərləri də var idi. 


SSRİ dövlətlərinin birliyi zamanında Azərbaycanın bir çox fədakar, şücaətli qadınları bütün dünyaya səs salmağı bacarmışdılar. O cümlədən, Şərqin ilk pilot qadını olmuş Leyla Məmmədbəyova, ilk hərbi təyyarəçi Züleyxa Seyidməmmədova, Şərqdə “Gəlin qayası” adlı ilk operanın bəstəkarı Şəfiqə Axundova, ilk kinoaktrisa İzzət Orucova, ilk balerina Qəmər Almaszadə, ilk akademik və professor Validə Tutayuq, ilk xanım nazir Tahirə Tahirova, ilk iki sahə üzrə nazir Elmira Qafarova və sadalamaqla sonu olmayan azəri qadınları...


Sovet Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüş zəhmətkeş Azərbaycan qadınları Şamama Həsənova, Qızqayıt Həsənova, Bəsti Bağırova, Tərlan Musayeva, Sevil Qazıyeva, Sürəyya Kərimova, Xuraman Abbasova və bir çox başqaları qabaqcıl respublikalar arasında Azərbaycanın adını ön cərgələrə yazdırmışlar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva yaradanın ölkəmizə bəxş etdiyi dahi insandır. Zərifə xanım göz xəstəlikləri üzrə əvəzsiz mütəxəssis olmaqla, siyasi xadim Əziz Əliyevin qızı, uluöndər Heydər Əliyevin ən yaxın silahdaşı və həyat yoldaşı kimi də nüfuz qazanmış Azərbaycan xanımıdır.


Müasir dövrümüzə qədər Azərbaycanın dövlətçiliyində və siyasi sferasında sadalamaqla bitməyən sayda qadınlarımız fəaliyyət göstərmiş və bu gün də göstərməkdədir. XX əsrin sonlarında Şahmat üzrə ilk dəfə Beynəlxalq Qrossmeyster adını almış həmvətənlimiz Aynur Sofiyevanın Azərbaycan Şahmat Federasiyasının Prezidenti, Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini olmaqla dövlətçiliyimizin inkişafında xüsusi payı vardır.


Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə apardığı haqlı mübarizədə bu günkü müstəqilliyimizi yaşatmaq və qorumaq üçün Azərbaycanın cəsur və qəhrəman qadınları Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova, Vəfa Mahsurova öz canlarından keçmişlər. 


27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan və  44 gün davam edən haqq mübarizəsi - Vətən müharibəsi zamanı  hərbi tibb qulluqçusu Arəstə Baxışova ilk xanım şəhidi olmuşdur.


Mənfur düşmənlər tərəfindən ərazi bütövlüyümüzə təcavüz edilməsi, torpaqlarımızın işğal olunması, əsrin ən dəhşətli faciəsi hesab olunan Xocalı qətliyamının dünya ictimaiyyətinə düzgün və obyektiv çatdırılmasında qadın millət vəkillərimiz Bahar Muradova, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Elmira Axundova, Gövhər Baxşəliyeva, Gülçöhrə Məmmədova və bir çoxlarının rolu danılmazdır. 


Zaman keçsə də, qərinələr dəyişsə də, at belində, cəngi meydanlarında ərənlərlə çiyin-çiyinə mətinlik, mübarizlik göstərmiş qız-qadınlarımızın səsi bu gün beynəlxalq kürsülərdən, yüksək tribunalardan eşidilir. Müasir dövrümüzün dövlətimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda böyük işlər görmüş qadınlar sırasında ölkəmizin I xanımı, H.Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını xüsusi vurğulamaq lazımdır. Bu gün zərif çiyinlərində çox ağır yük daşıyan sədaqətli həyat yoldaşı, qayğıkeş ana, layiqli övlad, Heydər Əliyev  siyasi məktəbinin əvəzsiz davamçısı, savadlı diplomat, dilini, dinini, vətənini sevən vətəndaş, zəmanəmizin və xalqımızın xanım xeyriyyəçisi, qurucusu və ən başlıcası əsil şəxsiyyət olan Mehriban Arif qızı Əliyeva 2017-ci il fevral ayının 21-də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti təyin olundu.


Ölkədə gedən dinamik inkişafın və yüksəlişlərin baş verməsində, suveren hüquqların qorunması və müstəqil siyasət yönümünün aparılmasında onun silinməz imzası vardır. İstər təhsil, istər səhiyyə, istər mədəniyyət, istərsə də, ölkənin tikinti və quruculuq işlərində onun əməyi böyükdür. 2012-ci ilin may ayında Bakıda keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin keçirilməsi üçün məkan olaraq  şəxsən müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 23 min tamaşaçı tutan möhtəşəm “Bakı Kristal Zalı” çox qısa bir müddətdə tikilib hazır vəziyyətə gətirildi.


2015-ci ildə Bakıda keçirilməsi planlaşdırılan 50 ölkənin idmançılarının yarışacağı  ilk Avropa Oyunları üçün yenə də ölkənin I xanımının təşkilatçılığı ilə Bakı Olimpiya Stadionu və digər idman arenaları yüksək səviyyədə inşa edilmiş və vaxtından əvvəl istifadəyə verilmişdir. Məhz, I Vitse-Prezident Mehriban xanım Əliyevanın sayəsində hər iki tədbir təntənəli surətdə keçirilməklə dünya ictimaiyyətini heyrətləndirməyə və Azərbaycanı dünya miqyasında tanitdırmağa nail olmuşdur. Ölkədə sıra-sıra keçirilən muğam festivalları, Qəbələdə 2009-cu ildən  keçirilən klassik, caz və muğamdan ibarət Beynəlxalq Musiqi Festivalları və saysız-hesabsız görülmüş işlərin müəllifi və səbəbkarı yenə də, Mehriban xanım Əliyevadır. Mehriban Əliyeva “Lider Qadınlar” İctimai Birliyi və Azərbaycan Sosiologiya Assosiasiyası tərəfindən keçirilən sorğuya görə 2005-ci ildə “İlin qadını” seçilmiş, 2005-ci ildə ”Yüzilliyin messenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninə layiq görülmüşdür.


H.Əliyev  Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla xanım Əliyeva da hələ gənc olmasına baxmayaraq, dövlətimizin gələcəyi naminə  mühüm işlər görməyə müvəffəq olmuş, saysız xidmətlər göstərmişdir. Onun təşəbbüsü ilə Moskvada “RAGB-Fashion Day” moda müsabiqəsi keçirilmişdir. Bu gənc yaşında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə “Tərəqqi” medalı, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı,”Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı,  “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medalı,  RF-nın “Puşkin” medalı, III dərəcəli Müqəddəs Mələksima “Knyagina Olqa” ordeni ilə təltif olunmuş, aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması və s. digər məqsədlərə nail olunmaqda verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülmüşdür.


Ölkənin birinci xanımı Mehriban Əliyevanın ikinci layiqli davamçı Arzu xanım Əliyevadır ki, onun da yaradıcılığında gördüyü işlər Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır. Layihə rəhbəri və baş prodüsseri olduğu “Əbədi ezamiyyət”, “Hədəf Bakıdır”, “Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmləri geniş 26 ölkənin televiziya kanallarında nümayiş etdirilmişdir. Bu da, növbəti uğurlardan biri hesab oluna bilər.


Bu gün dövlətimizin və müstəqilliyimizin carçısı olaraq ölkəmizi hüdudlarından uzaqlarda təmsil edən, bayrağımızı yüksəklərə qaldıran və bununla da, Azərbaycanı Yer kürəsinin ən kiçik dövlətləri tərəfindən belə tanınmasına səy göstərən  gənc qızlarımız yetişməkdədir.


Dövlətimizin, dövlətçiliyimizin, bu günümüzün, gələcəyimizin dayağı olan qadınlarımızla həqiqətən də, öyünməyə dəyər. Biz Sizinlə fəxr edirik, Azərbaycan qadınları! 


Tahirə Bədirxanova

Azərbaycan Dövlət Bədən Tərbiyəsi 

və İdman Akademiyasının əməkdaşı

Loading...
Loading...