Qoşulmama Hərəkatının 60 illiyi
Siyasət
18.10.2021 10:50
138

Qoşulmama Hərəkatının 60 illiyi

Cari ilin 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxış etmişdir.


Bildiyiniz kimi, 1961-ci ildə Belqradda təsis edilən Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə, bu günə qədər beynəlxalq arenada mühüm rol oynamışdır. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə etməklə fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik ölkələri özündə birləşdirir və multilateralizmin həqiqi nümunəsi kimi qəbul olunur. Qoşulmama Hərəkatı heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur.


Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri (1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında qəbul olunmuş prinsiplər) dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır.


Bəzən zor tətbiq etməklə müəyyən dövlətlər başqa dövlətlərin ərazi bütövlüyünü pozurlar ki, bu qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmuşdur.


Müasir dövrdə  beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı mövcud olan ikili standartlar və selektiv yanaşma dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da belə selektiv yanaşmaya məruz qalan ölkələrdəndir. Məhz ona görə də ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladı. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevral ayının 26-da Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün əsas insan hüquqlarını dünyanın gözü qarşısında pozdu. Lakin dünya buna göz yumdu.


Bu azmış kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina edən Ermənistana qarşı heş bir sanksiya tətbiq edilmədi. Təcavüzkar dövlətlə təcavüzə məruz qalan dövlət arasında fərq qoyulmadı.


Ölkəmiz qısa zaman kəsiyində Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə QH-nin liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün QH-nin sədri seçildi. Daha sonra Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymət kimi dəyərləndirilməlidir.


Həmçinin Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürmüşdür. Belə ki, Dünyanın 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə ölkəmiz Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan, həm də onu təşkil etmişdir. Zirvə Toplantısının praktiki nəticəsi olaraq QH-yə üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə QH-yə üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi yararlanır.


Azərbaycan eyni zamanda humanitar missiyasını davam etdirmişdir. ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmiş, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmiş, təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd yardımı göstərmişdir.


Eyni zamanda Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etmişdir. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır.


Həmçinin Azərbaycan dayanaqlı sülhü və ölkələrarası dialoqu təşviq edən təşəbbüs göstərərək, QH-yə üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atmışdır. Azərbaycan sədr kimi QH-yə Gənclər Şəbəkəsinin təsis iclasını keçirmiş və təsisatlanma ideyası ilə çıxış etmişdir.


QH-yə üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan QH-nın yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək çox əhəmiyyətli hadisədir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər.


2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ölkəmiz BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.


Zaur Abbasov — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, rayonun fəal gənci

Loading...
Loading...