Rusiya Ermənistanda ikinci hərbi bazasını yaratmağı planlaşdırır?  - Politoloqdan AÇIQLAMA
Siyasət
24.12.2020 15:35
109

Rusiya Ermənistanda ikinci hərbi bazasını yaratmağı planlaşdırır? - Politoloqdan AÇIQLAMA

"Daşnaksütyun" partiyasının üzvü Qeqam Manukyan heç kəsdir indi. Onu indi şərti olaraq müxalifətin lideri təyin edirlər, amma hansısa partiyası, başqa siyasi qurumu olmayan bir adamdır.


Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, tək Gümrü bazası kifayət edir ki, Rusiya regionda, bölgədə, Ermənistanda təmsil olunsun:


"Onun bu təklifinin reallaşması nə dərəcədə real görsənir, bu, bir sualdır. Digər tərəfdən, əlbəttə ki, o bu açıqlama ilə təkcə öz fikrini ifadə etmir, ona dəstək verən siyasi qrupların fikirlərini çox güman ki, ifadə edir. Amma yenə də deyirəm, bu, reallıqdan uzaq bir məsələdir. Çünki bunlar hamısı hakimiyyətdən uzaq olan adamlardırlar.


Yeri gəlmişkən, onun arxasında Qarabağ klanı dayanır. Manukyan Qarabağ klanı ilə sıx əlaqəli olan bir adamdır. Fərz edək ki, Manukyan hakimiyyətə gəldi, bu ideyanın reallaşmasına can atdı və deyək ki, bu baza orada quruldu.

Bu, bir müraciətdir. O demək deyil ki, Rusiya orada ikinci baza yarada bilər. Bəs iş orasındadır ki, bu, Rusiya üçün lazımdırmı? Çünki bazanı formalaşdırmaq, saxlamaq üçün müəyyən xərclər lazımdır. Bir balaca ölkə üçün iki hərbi baza saxlamağın nə zərurəti var? Misal üçün, Gümrü ilə Zəngəzur arasında (Sünik) 300 km məsafə olar-olmaz. Rusiyaya lazımdırmı burada ikinci baza yaratmaq? Bu, Rusiyaya heç nə verməyəcək. Elə Gümrü bazası kifayət edir ki, Rusiya regionda, bölgədə, Ermənistanda təmsil olunsun. İndi ermənilərin istəyi ilə Rusiyanın ikinci baza yaratmaq istəyəcəyinə inanmıram. Çünki Rusiyanın öz maraqları var, heç də ermənilərin maraqları ilə oturub-durmurlar. Ermənistanda hələ də bu xülyalarla yaşayan insanlar var ki, Rusiya ermənilərin marağı ilə hərəkət etməlidir. Əslində, isə Rusiya bunu etməyəcək. Necə ki, II Qarabağ müharibəsinin gedişatı da göstərdi ki, Rusiya heç də ermənilərin marağını nəzərə alaraq hərəkət etmədi.

Rusiya ermənilərin maraqları üçün istəmir ki, Azərbaycanla, Türkiyə ilə  üz-üzə qalsın

Düşünmürəm ki, bu çağırış, ümumiyyətlə, Rusiyada eşidilsin, Rusiya bununla bağlı hansısa əməli tədbirlər görsün. Belə olmayacaq. Bu təklif erməni tərəfin acizliyindən xəbər verir. Onlar Azərbaycandan qorxurlar. Ona görə, ikinci baza yaratmaq istəyirlər və can atırlar yenə də Rusiyanın kölgəsi altında gizlənsinlər və Rusiya silahlı qüvvələri onlar üçün təhlükəsizlik təminatı versin. Bu, onu göstərir ki, Ermənistan müstəqil dövlət kimi öz müstəqilliyini qoruyub saxlamaq, təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Və bu, açıq-açığına onu göstərir ki, belə vəziyyətdə ermənilər daha çox Rusiyanın təhlükəsizlik sisteminə daxil olmaq niyyətindədirlər. Rusiya üçün bu, bir qədər təhlükəlidir. Çünki Rusiya istəmir ki, bölgədə Azərbaycanla, Türkiyə ilə ermənilərin maraqlarına görə üz-üzə qalsın. Ona görə də daha çox ehtiyatlı davranır. Beləliklə, bu təklif boş, mənasız təkliflər sırasında növbəti bir təklifdir. Bu, onu göstərir ki, nəinki Ermənistan siyasi rəhbərliyi, müxalifət də reallığı olduğu kimi dərk etmirlər, geosiyasi vəziyyəti dərk etmirlər, başa düşmürlər ki, hansı şəraitdə fəaliyyət göstərirlər. Nəticə çıxartmırlar. Bu da onların sistem problemlərindən biri, bəlkə də birincisidir. Ermənilərin elə əsas problemləri ondan ibarətdir ki, onlar nə regional siyasi prosesləri, nə də ki beynəlxalq siyasəti dərk edirlər".


Qeyd edək ki, Ermənistanın müxalifət lideri Marukyan "Syunikdə (Zəngəzur) Rusiyanın II hərbi bazasının yaradılması təklifi ilə çıxış edib.

Loading...