Rusların hiyləsinin üstü açılır  - 2000 dollara razı salıb, Qarabağa göndəriblər...
Siyasət
14.12.2020 13:04
354

Rusların hiyləsinin üstü açılır - 2000 dollara razı salıb, Qarabağa göndəriblər...

Oğlumu təsir altına alıb, hiylə ilə başqa bölgəyə göndəriblər.

Ermənistanın II Qarabağ müharibəsində muzdlulardan istifadə etməsi ilə bağlı yeni faktlar əldə olunub. STJ təşkilatının (Həqiqət və Ədalət üçün Suriyalılar) əldə etdiyi məlumatlar nəticəsində məlum olub ki, yüzlərlə suriyalı Vətən müharibəsində hərbçilərimizə qarşı vuruşub.

Onların Qarabağda döyüşünü təşkil edən isə Rusiya olub. Belə ki, Rusiya Suriya hökümətinin yardımı ilə yüzlərlə suriyalını pul ilə şirnikləndirərək hiylə yolu ilə Qarabağda Ermənistan tərəfindən bizə qarşı döyüşünü reallaşdırıb.

Faktlara görə, bu ilin sentyabr və oktyabr aylarında Suriyanın Aralıq dənizi sahilində yerləşən Cəbləh şəhərindən yüzlərlə muzdlu Ermənistana göndərilib. Muzdlular əsasən 5-ci legionun üzvləri olublar. Onların çoxu Homs və Dayir ez-Zor şəhərinin sakinləridir. Bu barədə məlumatlar döyüşdə iştirak edənlərin ifadəsi nəticəsində məlum olub.

Muzdluların Liviyaya gedəcəyi deyilsə də, bu bölgədəki münaqişənin zəifləməsindən istifadə edən ruslar onları Dağlıq Qarabağa yönləndirərək Azərbaycanlılara qarşı döyüşdürüblər. Hətta ifadələrdən belə məlum olub ki, muzdlular planın dəyişdiyindən, onların Liviyaya deyil, Ermənistana, oradan da Qarabağ ərazisinə göndərildiklərindən xəbərsiz olublar.

STJ-nin araşdırmalarına görə, suriyalı muzdlulardan ibarət azı 5 dəstəlik qrupdan cəmi 10 nəfərin meyiti ailələrinə təhvil verilib. 40 nəfər isə yaralanıb. Yaralılar Ermənistandan birbaşa Homs şəhərinə göndərilib və oradakı hospitallara yatırılıblar.

Həmçinin, muzdluların Dəməşq və Beyrut hava limanlarından İrəvana daşınması barədə də faktlar əldə olunub. Bu gizli əməliyyatların həyata keçirilməsində Suriyaya və Ermənistana Rusiyanın böyük köməyi dəyib. Onlar proseslərin asanlaşması, gizliliyinin qorunması və başqa bu kimi məsələlərdə təşkilatçılıq ediblər.

"Ermənistana göndərilən muzdlular baş verəcək proseslər barədə məlumatlandırılmayıblar. Onlar pul müqabilində Liviyada döyüşmək üçün sənəd imzalasalar da, buradakı gərginliyin zəifləməsindən istifadə edən şəxslər onları Ermənistana göndəriblər", - 5-ci legionun kapitanı ifadəsində deyib. O, bildirib ki, muzdlulara 1000-2000 dollar maaş verilib. Onlar adi vətəndaşlar deyil, döyüş üçün xüsusi təlim keçmiş şəxslər olublar. Kapitanın dediyinə görə, döyüşdə yaralanan şəxslər üçün hər hansı kompensasiya nəzərdə tutulmayıb və onların itkin düşənləri axtarmasına icazə verilmir.

"Bizim pula ehtiyacımız var idi və oğlum bu səbəbdən Liviyada döyüşlərə qatılmaq istəyirdi. Sentyabr ayının 15-də onu çağırdılar və döyüşə hazır olmağını söylədilər. Onlar oğlumu təsir altına alıb, hiylə ilə başqa bölgəyə göndəriblər", - Qarabağa erməni hərbçisi kimi göndərilən muzdlunun anası deyib. O bildirib ki, oğlu hələ də Suriyaya gəlib çıxmayıb.

Bütün bunlar göstərir ki, Ermənistan Rusiyanın köməkliyi ilə müharibəyə əvvəlcədən hazırlaşıb və hər zamankı kimi hiyləyə əl atıb. Qarabağ döyüşlərinə yüzlərlə muzdlunu cəlb edən Ermənistan onların meyitlərini ölkələrinə göndərməməklə yanaşı, hətta əsgərlərinin belə hamısının cəsədlərini döyüş meydanından götürməyib. Onlar saxta rəqəmlərlə erməni xalqının başını qatmaqda davam edirlər.

Bəxtiyar Umarlı
Milli.Az


Loading...