Şahin İsmayılov:  Ermənistan bütün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir
Siyasət
15.07.2021 13:21
713

Şahin İsmayılov: Ermənistan bütün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir

Bildiyimiz kimi, Prezident İlham Əliyev ötən gün  Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə  mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdi. Ali Baş Komandan bu görüşdə bir sıra vacib məsələlərə toxundu, müharibə və post-müharibə dövrünə dair təhlillər apardı, yaranmış yeni şəraitdə Azərbaycanın mövqeyini bir daha açıq şəkildə təqdim etdi.

MediaBaku.az-ın məlumatına görə, bu sözləri ölkə başçısının iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və qazilərlə görüşünə münasibət bildirərkən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Şahin İsmayılov bildirib.


Şahin İsmayılovun sözlərinə görə, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, münaqişəni öz gücünə nizama saldı. Prezident bir daha açıq şəkildə münaqişəyə yekun vurulmasına dair fikir söylədi və xəbərdarlıq etdi. Düşünürəm ki, ölkə başçısının bu xəbərdarlığı həm hələ də münaqişə anlayışını ortaya atmağa çalışan bəzi xarici qüvvələrə, həm məğlubiyyətin nəticəsindən dərs çıxarmaq istəməyən Ermənistana, həm də daxildə hər zaman pozuculuq fəaliyyəti ilə məşğul olan qüvvələrə idi.

Deputat bildirib ki, Azərbaycan güclü dövlətdir: “Baxmayaraq ki, biz müharibədən yeni çıxmışıq, ölkədə normal iqtisadi, siyasi proseslər gedir, daxili birlik yüksək səviyyədədir, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Bütün bunların fonunda bəzən biz müxtəlif dövlətlər və təşkilatların Azərbaycana hər hansı bir formada təzyiq cəhdini görürük. Həmin qüvvələr yaxşı anlamalıdırlar ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz, yalnız əməkdaşlıq formasında ünsiyyət qurmaq olar. Azərbaycana təzyiq göstərməyə cəhd edənlər yox, Azərbaycanla əməkdaşlığa üstünlük verənlər qazanclı çıxırlar”.

“Son günlər biz cəbhənin müxtəlif istiqamətlərində erməni təxribatının artdığını da görürük. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə bu ölkə üçün daha böyük faciələrə səbəb ola bilər. Prezidentin “biz müharibəyə hər zaman hazırıq və hazır olmalıyıq” deməsi Ermənistana açıq şəkildə edilən xəbərdarlıqdır. İmzalanan müqavilə yerinə yetirilməlidir. Ermənistanın bundan başqa yolu yoxdur. Azərbaycanın səbrini sınamaq, pozuculuq fəaliyyətinə cəhdlər etmək onlar üçün yaxşı heçnə ilə nəticələnməyəcək” – deyə o, əlavə edib.

Ş. İsmayılov sözlərinə əlavə edib ki, Prezident İlham Əliyev bütün dövrlərdə, o cümlədən müharibə zamanı söylədiyi  fikirləri reallaşdıran ölkə başçısıdır. Buna görə də qarşı tərəf ötən gün Ali Baş Komandanın söylədiyi fikirləri yenidən ciddi şəkildə təhlil etməli və əməkdaşlıq masasına oturmalıdır. Ermənsitanla münasibətlərin gələcək perspektivlərinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın şərtlərinin aydın olduğunu, lakin qarşı tərəfdən hələ də rəsmi bir münasibət bildirilmədiyini söylədi. Əslində, Azərbaycan və Ermənistan arasında münasibətlərin bərpası ən çox Ermənistana lazımdır. Bizim itirəcəyimiz heç nə yoxdur. Zaman bizim xeyrimizə işləyir. Azərbaycan hər gün gücünə güc qatır. Ona görə də Ermənistan bütün spekulyasiyaları kənara qoymalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Loading...