Saxta.info Ermənistan baş prokurorunu İFŞA ETDİ:  Azərbaycan tərəfdən döyüşən muzdlularla bağlı iddiaları araşdırıldı
Siyasət
10.05.2021 08:52
70

Saxta.info Ermənistan baş prokurorunu İFŞA ETDİ: Azərbaycan tərəfdən döyüşən muzdlularla bağlı iddiaları araşdırıldı

Ermənistanın Baş Prokurorluğu Qarabağda vuruşan təxminən 40 islamçı muzdlu döyüşçü ilə bağlı axtarış elan edib. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu  baş prokuror Artur Davtyan Ermənistan parlamentinin iclasında Baş Prokurorluğun hesabatının müzakirəsi zamanı deyib. Artıq iki silahlı ilə bağlı prosesin başa çatdığını və onların barəsində ömürlük həbs cəzası çıxarıldığını deyən Davtyan hazırda Qarabağda döyüş əməliyyatlarına qatılan 40-a yaxın silahlı və qrup liderinin axtarıldığını bildirib.

Saxta.info Ermənistanın Baş prokurorunun bu açıqlamalarının, xüsusilə də onun Azərbaycan tərəfdən döyüşən muzdlularla bağlı iddialarını araşdırıb.


Öncə qeyd edək ki,  Azərbaycanın  əcnəbi muzdlu döyüşçü cəlb etməsinə dair iddialar İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl də Ermənistan və Rusiya mətbuatında müzakirə olunurdu.  Erməni əsilli  suriyalı Kevork Almasyan 21 sentyabr 2020-ci il tarixində "Twitter" hesabında "Azərbaycanın Suriyalı muzdluları" haqqında məlumat paylaşıb.

Almasyanın heç bir mənbəyə istinad etmədən paylaşdığı  saxta məlumatdan dərhal istifadə edildi.  Elə həmin gün,  özünü araşdırmaçı jurnalist kimi təqdim edən Lindsay Snell  adlı şəxs Almasyanaın paylaşımına  istinaddən Twitter-də "Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu Qarabağa göndərildi" qeydini yazdı. Daha sonra “Həmzə” diviziyası üzvlərinin guya Bakıya getdiyi təsvir olunan bir fotoşəkil yerləşdirdi.

Guardian, Times, Reuters, Wall Street Journal və BBC bu tipli təsdiqlənməmiş tvitlərə əsaslanaraq guya Azərbaycanda muzdlu döyüşçülər olduğuna dair xəbərlər yayadılar. Wall Street Journal öz reportajında Qarabağdakı adsız mənbələrdən "mesajlaşma vasitəsi ilə əldə edilən" məlumatlardan istifadə etdi.  Burada hər iki mənbə demək olar ki, eyni mövzu üzrə, eyni sözləri deyir.


Bolqarıstanda yerləşən Caspian and Black Sea Analysis Foundation (CCBS)  analitik mərkəzi  araşdırma apararaq Lindsay Snellin paylaşdığı tvitin sonrakı saxta məlumatlar üçün əsas mənbə olduğunu aşkarladı.

Ermənistan öz muzdlularını və terrorçularını Azərbaycanın adına çıxır


Yayılmış məlumat heç kim tərəfindən yoxlanılmayıb və göründüyü kimi etibarlılığı üçün heç kim narahat olmayıb. Beləliklə, "Azərbaycan uğrunda döyüşdüyü" iddia edilən suriyalı muzdluların şəkilləri yayımlandı.  Məsələn,  “Qarabağda öldürülənlərdən” biri Əbdürrəhman Temelli adlı suriyalının əmisi Sərdar Temelli sosial şəbəkələrdə yazıb ki, Ermənistan Müdafiə Nazirliyi onun qardaşı oğlunun şəklini yayaraq guya Qarabağda həlak olduğunu iddia edir. Əslində o, İraq ərazisində döyüşlərdə ölüb.


Rusiya tərəfi də muzdlular məsələsində erməni təbliğatına böyük dəstək verdi. Xüsusilə hərbi əməliyyatların qızğın vaxtında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağda, Ermənistan-Azərbaycan münaqişəsi zonasında təxminən 2000 xarici muzdlu olduğunu söylədi.  Bununla belə  Lavrov, həmçinin digər rəsmilər və ekspertlər  Suriyalı muzdluların məhz kimin tərəfindən vururşduğuna dair fikir bildirməyiblər.


Bu arada Bakı, noyabr ayının əvvəlində Qarabağda ermənilər  tərəfdən döyüşmüş muzdluların müfəssəl  siyahısını Moskvaya verib.  Ermənistan və Rusiya mənbələrinin əsassız açıqlamalarından fərqli olaraq, Azərbaycan terror təşkilatlarının və terroçuların adlarını açıqlayıb.


Ermənilər böhtan kampaniyasına rəsmi Avropanı cəlb edə bilmədilər. Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın xarici işlər naziri Heiko Maasın AŞPA-nın qış sessiyası zamanı erməni jurnalistin müvafiq sualına verdiyi cavabı hər kəs yaxşı xatırlayır: “Siz deyirsiniz ki, Azərbaycan Qarabağ döyüşlərində xarici muzdlulardan istifadə edib?  Hələik  buna dair heç  bir dəlil tapılmayıb”.


Azərbaycan Prezidenti  İlham Əliyev  də  Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi  müsahibədə  bununla bağlı Bakıya qarşı irəli sürülən   bütün ittihamları rədd etdi: “Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur”.


44 gün davam edən müharibədə Azərbaycan tərəfdən muzdluların iştirakına dair heç bir dəlil olmadığına və KİV-lərdə və sosial şəbəkələrdə ittihamların yalnız saxta xəbərlərə söykəndiyini rəhbər tutaraq gəlin,  Ermənikstan baş prokurorunun qeyd etdiyi  iki “suriyalı muzdlu”nun kim olduğunu ayırd edək.


Söhbət guya döyüş əməliyyatları zamanı tutulduğu və videoda nümayiş etdirilən iki "anlaşılmaz" şəxsdən gedir. May ayının 4-də Ermənistanın Qafan  rayon məhkəməsi 2020-ci ilin payızında Dağlıq Qarabağda erməni hərbçiləri tərəfindən əsir götürüldüyü iddia edilən iki Suriya vətəndaşına ömürlük həbs cəzası verib. Bildirilir ki, bunlar Hama şəhər sakini 46 yaşlı  Muhrab Muhammed Al-Sxeri və İdlib əyalətinin  Ziyadiya kənd sakini 33 yaşlı Yusuf Al-Abed Al-Hacıdır.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  ermənilərin “suriyalı döyüşçü” yalanını hələ bu videoa yayılan ərəfədə ifşa edib.  Hikmət Hacıyev bildirib ki,  təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib: “Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilib  ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir. Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir. Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir”.


Əslində Yusuf Əl-Abed Əl-Hacı Ermənistanın döyüşlərə cəlb etdiyi  kürd muzdludur. Bu sosial şəbəkələrdə yayılan video da sübut edir. Həmin şəxsin   kürd və erməni dillərində şüarlar səsləndirən bir qrup silahlı əhatəsində olduğu görünür.  Hər iki "Suriyalı muzdlu" davranışları ilə Ermənistan ordusunun Kürd muzdlularından yararlandığını  sübut edir və bu barədə Türkiyə mənbələrinin məlumatlarının doğruluğu bir daha təsdiqlənir.


Həmin məlumatlarda  İrəvanın Azərbaycanın işğal olunmuş ərazilərində PKK-nın Suriya qanadının 300-ə qədər silahlısını yerləşdirdiyi bildirilirdi.


Anadolu agentliyinin mənbələrinin verdiyi məlumata görə, İrəvan ilə PKK arasında müvafiq  razılaşma 2020-ci ilin iyul ayının sonunda əldə edilib. Razılaşma çərçivəsində 300-ə yaxın silahlı avtobusla Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa gətirilib. Burada PKK/YPG terrorçuları İkinci Qarabağ müharibəsində Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulmasında fəal iştirak edən separatçılar üçün təlim keçiblər.


Kürd yaraqlıların Dağlıq Qarabağdakı döyüşlərdə iştirak etdikdən sonra İrəvanın Şimali İraqdakı işçi qüvvəsi çatışmazlığını Ermənistandan olan qadın və yeniyetmələr hesabına ört-basdır etdiyi terror fəaliyyətlərində İrəvanın dəstəyini alaraq minnətdarlıqla alacağı planlaşdırılırdı. PKK-nın qadınlardan ibarətə birləşmələrinin komandiri Layika Gültəkin qrupun nəşrlərindən birinə, erməni hərbçiləri ilə birlikdə döyüşmək üçün Qarabağa getdiklərini, hər zaman erməni xalqının yanında olacaqlarını deyib.

Bu arada Azərbaycan tərəfində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərədən xarici muzdluların iştirakına dair ciddi dəlilləri var. Əslində bu proses ikinci Qarabağ müharibəsindən xeyli əvvəl başlayıb. Muzdlular əsasən Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrdən cəlb edilib. Bunu döyüşlər zamanı  məhv edilən muzdluların üzərində tapılan xarici pasportlar sübut edir.


Beləliklə, Yunanıstan vətəndaşı Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransa vətəndaşı Artur Ohannisyan, Kanada vətəndaşı Kristofer Artin, Livan vətəndaşı Gevorq Haciyan, Suriya vətəndaşı Stepan Keşişyan və digər  ekstremist muzdlulara aidə pasportlar aşkarlanıb.


Xatırladaq ki, müharibə dövründə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyinə dair məlumat yaymışdı.  Məlumatda DTX tərəfindən Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqlarının ələ keçirildiyi bildirilirdi. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər.


Qeyd edək ki, bu günlərdə  Azərbaycan Baş prokurorluğu Livan vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında  başlanmış cinayət işi üzrə istintaqın yekunlaşdığına dair məlumst yayıb.

İstintaqla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü, Livan Respublikasının vətəndaşı, Beyrut şəhər sakini Eulcekcian Viken Abraham  29 sentyabr 2020-ci il tarixdə Livan Respublikasının vətəndaşı Hovak Kikiyanın ilkin olaraq 2500 ABŞ dolları məbləğində maddi mükafat müqabilində muzdlu kimi Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edib, bu məqsədlə həmin gün digər şəxslərlə mütəşəkkil dəstə halında qəsdən Ermənistan ərazisindən Azərbaycanın mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçib digər muzdluların da olduğu ərazilərə gəlib.


Həmçinin, Viken Eulcekcian və maddi mükafat müqabilində muzdlu kimi döyüşən digər şəxslər Azərbaycan vətəndaşları və Ordusuna  qarşı terrorçuluq fəaliyyətində iştirak ediblər.  Qeyd edək ki, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.


Beləliklə, faktlar göstərir ki, eməni tərəfinin  hökm oxuduğu  muzdlular  əslində döyüşlərdə erməni tərəfdən iştiark edən terrorçulardır.


Saxta.info bu qənaətə gəlib ki, Ermənistan Baş Prokurorunun açıqlaması tamamilə əsassızdır.

Loading...