Ölkə
07.04.2021 18:39
1299

"“Sədərək” TM rəhbərliyi yol kəsib pul yığır, milyonları yeyir, hesabat istəyən də yoxdur”

Sədərək Ticarət Mərkəzinin girişində və çıxışında quraşdırılan şlaqbaumlardan şikayət var. Şikayətçilər bildirirlər ki, Ticarət Mərkəzinin sahibi qanunsuz olaraq yolu kəsib, nəqliyyat vasitəsilə Ticarət Mərkəzinin ərazisinə daxil olan hər kəsdən 50 qəpik pul alır.


Onların aldığı vəsaitin hansısa hüquqi bir əsası varmı? Sürücülərdən alınan məbləğ hansı tarifə uyğun olaraq müəyyənləşdirilib? Bu vəsaitlərin vergisi verilirmi?


Buta.ws xəbər verir ki, bu barədə Correct.az saytına açıqlama verən Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı şəhərində parking nəzarətçilərindən tutmuş, Sədərək və Binə ticarətət mərkəzlərinə giriş-çıxış zamanı sürücülərdən qanunsuz olaraq pul yığılır və bu tamamilə özbaşınalıqdır:


“Hansısa şirkət parkinqlərə öz işçilərini göndərir ki, nəzarətçi kimi orda dayansınlar və vətəndaşlardan pul alsınlar. Eyni zamanda Sədərək və Binə ticarət mərkəzləri bu özbaşına addımı atırlar.


Yolun pullu olub-olmaması dövlət tərəfindən müəyyən edilə biləcək məsələdir. Təsəvvür edin ki, Azərbaycanda yollar salınır və bu yolların pullu olacağı barədə dövlət rəsmiləri əvvvəlcədən əhaliyə xəbərdarlıq edir. Hökumət rəsmiləri bu yollarda qiymətin neçə manat olacağını, neçə kilometr məsafədə ödənişli, qalan hissəsinin ödənişsiz olmasına qərar verirlər. Dövlətin özsiyasəti olmalıdır ki, pullu yol anlayışı da həyata keçsin.


Lakin Binə və Sədərək ticarət mərkəzləri bunu tam olaraq, qanunsuz şəkildə ediblər. İllərdir ki, orda vətəndaşlardan pullar yığılır. Heç bir vergisi, hesabatı, yoxdur. Sürücülərə qəbz verilmir. Sürücü ərazidən çıxanda əl uzadanlara 50 qəpik verir ki, ordan çıxsın. İnsanlar buna dəfələrlə etiraz etsələr də nəticəsi olmayıb.


Eyni zamanda son zamanlar “Azərbaycan Dəmir Yolları” QSC özü üçün “28 may” Metrostansiyası ərazisində parkinq yaradıb. Dəmir yolunun nə ixtiyarı var və hansı səlahiyyətə əsasən orda şlaqbaun qoyub, daxil olanlardan pul istəyirlər?! Ora əvvəllər də parkinq olub. Camaat da pulsuz şəkildə avtomobilini saxlayırdı və heç kim bir-birindən narazı qalmırdı. Əslində orda da qoluna qırmızı bağlayıb, sürücülərdən pul yığanlar var idi. Amma bu səviyyədə də deyildi ki, “Sən ora girdin, salam verdin, sonra çıxdın və 2 manat ödədin” olsun. Anlamıram ki, şəhərin mərkəzində bu nə özbaşınalıqdır? Bu gün kimsə bir-birindən 300 manat pul alanda korrupsiya adıyla həbs edirlər. Amma faktiki şəkildə Bakının mərkəzində kimsə qanunsuz parkinq yaradıb, pul yığır və heç kim bunun hesabatını aparmır.


Sədərək ticarət mərkəzi özü üçün post qurub, gələn-gedəndən 50 qəpik pul alır. Elə bil ərəb zəngidir. Yoldan keçənlərdən yol vergisi alırlar və bunun heç bir rəsmiyyəti yoxdur. Sanki havaya atılan pullardır və bu pullar birbaşa ticarət mərkəzi rəhbərliyininə çatır.


Bir məsələni də qeyd edim ki, mən Beynəlxalq Hava Limanına daxil olub, kimisə götürüb, çıxıram. Azərbaycanda qanunvericiliyə görə parkinqlərdən istifadə 15 dəqiqə ərzində ödənişsizdir. Sən 15 dəqiqə ərzində oranı tərk edirsənsə səndən heçkim ödəniş almamalıdır. Amma hazırki vəziyyətdə dəqiqəsindən asılı olmayaraq, ora giriş edirsənsə mütləq pul ödəməlisən. Bunun sistemi, qanun-qaydası niyə yoxdur? Yaxşı pullu edirsiz. Bəs hansı ixtiyarla? Hava Limanına gələn adam parkinq edib, bulvara çay içməyə getmir. Ora gələn adam iş üçün gedir. O halda pul almaq olar ki, kimsə maşınını orda günlərlə saxlayır, gedir xarici ölkəyə. Razıyam ki, qayıdanda ondan ödəniş almaq olar. Həmin gün oranı tərk edən sürücüdən parkinq pulu almaq artıq qanunsuzdur. Bunlar yolverilməz hərəkətlərdir.


Qeyd edim ki, Binə və Sədərək Ticarət Mərkəzlərində vəziyyyət daha acınacaqlıdır. Çünki insanlar ticarət mərkəzinə axın edirlər və ortada külli miqdarda pullar oynayır. Heçkim dostuna zəng edib demir ki, gəl gedək Sədərəkdə futbol oynayıb, çay içək. Hərkəs ora alış-verişə gəlir, istənilən halda ora xeyrini verir. Bəs niyə camaatdan 50 qəpik dilənirlər? Bu hallar niyə baş verir?


Əgər bu hallar baş verirsə hanı bunun qeydiyyatı?


Məsələn, mən bugün sahibkar kimi vergidən 200 manat yayındırım, görün mənə nələr edəcəklər. Amma ayda yüz min manatdan artıq kimsə qeyri-rəsmi şəkildə vətəndaşlardan pul alıb, cibinə pul qoyur və bunun sorğu-sualını aparan yoxdur ki, bu pullar hara gedir. Axı bura dövlətin ərazisidir. Dövlət yol çəkib.


Bəzən yolda tıxac yarananda camaat evinə getmək üçün Qaradağ rayonu ərazisində həmin ərazidən istifadə edib, evinə gedir. Onlar da şlaqbandan içəri daxil olub, digər tərəfdən çıxanda 50 qəpik pul ödəyirlər. Adam evinə gedir. Sadəcə o yoldan istifadə edir. Bu qədər özbaşınalıq olmaz. Ticarətçi özünə müştəri cəlb etməlidi. Onsuz da ordakı sahibkarlardan milyonlar qazanırsan. Müştəri gəlir, sahibkarlardan alış-veriş edir, sahibkar da sənə müəyyən qədər yerpulu ödəyir.


Bəs, müştərini niyə soyursan?


Bunun qarşısını alacaq bir qüvvə yoxdurmu?


Vergi Xidməti bunu görmürmü?


Hüquq Mühafizə Orqanlarının bundan xəbəri yoxdurmu?


Bu məsələyə istənilən halda hüquqi yanaşmaq lazımdır. Əgər bu pullar alınırsa bunun hüquqi əsası mütləq olmalıdır. əgər yoxdursa bu məsələyə son qoymaq lazımdır. Bütün parkinqlərə standart qiymət təyin etmək gərəklidir. İstər dövlət tərəfindən idarə olunan parkinqlər olsun, istərsə də özəl parkinqlər, bütün parkinqlərə standart qiymət təyin etmək gərəklidir“.


Xatırladaq ki, “Sədərək” Ticarət Mərkəzinin formal sahibi olan Yusif Qədimbəylinin adı ölkədən qanunsuz yolla pul çıxartmaqda hallanır. Qeyd edilir ki, Qədimbəyli milyonlarla manat vəsaiti ölkə xaricinə çıxararaq Çexiyada və digər ölkələrdə saysız hesabsız daşınmaz əmlak və mülk alıb. Eyni zamanda onun adı MTN işində də hallanmaqdadır.

Loading...