Şəhid bacısı:  “Qardaşım yuxumda ən uca zirvədə olduğunu dedi”  - FOTO
Ölkə
21.10.2021 11:59
39

Şəhid bacısı: “Qardaşım yuxumda ən uca zirvədə olduğunu dedi” - FOTO

Azərbaycan 44 gün davam edən Vətən Müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu və 30 illik həsrət sona çatdı. 


Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.


Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də İbrahimov Atiq Ariz oğludur.
Atiq 1990-cı ildə anadan olub.

2008-ci ildə Mingəçevir Türk Liseyini bitirib, Türkiyənin Akdeniz və Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.


Daha sonra Azərbaycana qayıdıb. Rus, türk, ingilis dillərini səlis bilib. Uşaqlıqda karate ilə məşğul olub. Region üzrə ikinci yerə çıxıb və qara kəmərə sahibidir.

Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib. Evin tək oğul övladı olub.


Atiqin anası Gülüş İbrahimova deyir ki, oğlu könüllü şəkildə orduya gedib və onunla sağollaşmayıb:


“Əbədiyyətə qovuşduqdan sonra oğlumu öpdüm, qucaqladım. Oğlum gülürdü. Üzündəki nur sönməmişdi. Mənim oğlum Vətəni sevə-sevə canını fəda etdi.


Döyüşlər başlayan zaman vaxt tapdıqca bizə zəng edirdi. Həmişə deyirdi ki, ana, bizim üçün dua edin”.

Şəhid anası bildirib ki, oğlunun sevgilisi var idi, ötən ilin noyabrda elçi getməyi planlaşdırıblarmış:

“Tovuz hadisələrindən sonra Atiq bütün günü müharibəni düşünürdü, elə hey “Vətən sağ olsun” deyirdi. Həmişə deyirdim ki, oğlum, bu il sənin toyunu edək? Deyirdi, ermənilərdən torpaqlarımızı xilas edək, sən nə desən, onu edəcəyəm.

Müharibədə olanda mənə zəng etdi və hesab nömrəsi verdi. Dedi ki, maaşımdan 100 manat hesab nömrəsinə köçür. Oğlum kasıb ailəyə hər ay kömək edirmiş. Elektrik enerjisi ödəyə bilməyən abonentlərinin bəzilərinin pulunu ödəyirmiş. Bir də dedi ki, gələcək, paltarlarını yudum, ona təzə paltarlar aldım. Oğlum gəldi, amma...”.

Şəhidin atası Ariz İbrahimov deyir ki, oğlu müharibəyə könüllü olaraq qatılıb:

“2020-ci ilin sentyabrın 21-də Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən mənə zəng edildi və oğlumu komissarlığa çağırdılar. Atiqdən soruşdum ki, nə məsələdir? Dedi, yəqin, qeydiyyat üçündür, gedərəm.

O, orduya getdiyini evdən gizlədib, sadəcə, yolda zəng edərək, “salamat qalın, mən getdim” dedi. Oktyabrın 15-də zəng edən zaman əhvalı yaxşı idi. Telefonda həmişə gülürdü. Dedi ki, yanımıza Mingəçevirdən oğlan gəlib, onun nömrəsinə zəng edə bilərsiniz. Həmin vaxt Ağdərə istiqamətində idi və bildirdi ki, ermənilər 800 metr onlardan kənardırlar.

Dedim, qorxmursunuz, onlar yaxındadırlar. Oğlum güldü və dedi ki, ata, onların gündüz hücum etməyə kişilikləri çatmır”.

Şəhidin atası bildirib ki, hələ uşaqlığından vətənini, bayrağını çox sevirdi:

“Altıncı sinifdə oxuyurdu, birlikdə futbol oyununun başlamasını gözləyirdik. Qoca nənəsi də divanda uzanmışdı. Oyun başlayanda himn səsləndi, bir də gördüm ki, başını dik tutub farağat dayandı. Əli ilə nənəsinə nəsə işarə elədi, başa düşmədik.

Bitəndən sonra bizə irad tutdu ki, “himn çalınır, nənə uzanıb, sən də oturmusan. Axı himn çalınanda ayağa durmaq lazımdır”. Sonuncu zəngində oktyabrın 18-də gələcəyəm demişdi...”

Atiqin bacısı Əfsanə İbrahimov deyir ki, qardaşının qəhrəmanlıqları ilə fəxr edir:

“Mən artıq Atiqdən geriyə qalanlarla ovunuram. Mən ölüm kəlməsinin qardaşım ilə birlikdə anılmasını istəmirəm. Çünki qardaşım ölməyib, şəhid olub.

Qardaşım şəhid olanda bizə təsəlli üçün gələnlərdən bir adam - “Atiq öləsi oğul deyildi”, - dedi söz məni çox yaraladı və mən xeyli ağladım. Qardaşım yuxuda da ən uca zirvədə olduğunu dedi”.

“Vətən uğrunda” medalına layiq görüldü.

Mingəçevirdə Atiq İbrahimovun xatirəsinə “Cənnət” bulağı da inşa edilib.

Loading...
Loading...