“Şəhidlər-torpağı Vətən edənlər”  mövzusunda videokonfrans keçirilib  - FOTOLAR
Ölkə
19.01.2021 22:19
500

“Şəhidlər-torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurası 19 yanvar 2020-ci il tarixdə 20 Yanvar faciəsinin il dönümünə həsr olunmuş “Şəhidlər-torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirib.

Videokonfransı YAP Yevlax rayon təşkialtı Qadınlar Şurasının sədri Əminə xanım Əhmədova giriş sözü ilə açaraq, Əminə xanım qeyd etdi ki, müharibə atəş kimidir, düşdüyü yeri külə döndərir. Döydüyü qapını açan olmasa da, özünü içəri salıb qocasını, uşağını hər kəsi qarsıb-qovurur, körpələrin üzündəki sevinci, gülüşü dondurur. 30 ildən çoxdur ki, xalqımızın da evinə-ocağına düşən atəş Qarabağ adlı yurdumuzu viran qoydu. Bu yolda minlərlə oğlumuz şəhid oldu. Əminə Əhmədova 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükütla yad etməyi xahiş etdi.

Videokonfransa qoşulan Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov konfrans iştirakçılarını salamladı, tədbirə qoşulduqları üçün iştirakçılara minnətdarlığını bildirdi və konfransın işinə uğurlar arzuladı. Şəhid ailələrinə dövlət qayğısındn danışan  İlham Məmmədov qeyd etdi ki, bugün Azərbaycan öz tarixinin ən möhtəşəm günlərini yaşayır.Sonu zəfərlə bitən Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi yevlaxlılar da birlik, həmrəylik nümayiş etdirdilər.İgid əsgərlərimiz odlu-alovlu döyüşlərə atılaraq şəhid oldu, qazi kimi, qəhrəman kimi döndülər.Şəhidlərin qanı tökülən bu torpaq Vətəndir və Vətəni qorumaq üçün canlarından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır. 


YAP Qadınlar Şurasının sədri, professor, Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyeva çıxışına Azərbaycanın 30 illik tarixinə nəzər salmaqla başladı və Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışdı. Professor qeyd etdi ki, 30 il Vətən həsrəti ilə yaşayan Azərbaycan qadını torpaqlarımızın düşməndən azad etməyi bacaran igid oğullar böyütmüşdür. 20 Yanvar günü biz şahid olduq ki, həmin şaxtalı gecədə qəspkar ordunun qarşısını kəsmək üçün oğullarımızla bərabər, qızlarımız da küçələrə çıxmışdılar.


Azadlıq ideyası uğrunda  biz xeyli şəhid verdik, həmin gecə küçələrdən qan sel kimi axırdı.  Lakin bu bizim əzmimizi, iradəmizi qıra bilmədi. Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olan əsgərlərimiz 30 il işğal altında inləyən torpaqlarımızı 44 gün ərzində düşməndən azad edərək, torpaqlarımızın bütövlüyünü təmin etdi və Azərbaycan bayrağını həmin ərazilərdə ucaltdı. Vətən uğrunda şəhid olan övladlarımızın analarının qarşısında baş əyən, qazilərə Allahdan şəfa diləyən Nurlana xanım əminliklə bildirdi ki, dövlətimiz, cənab Prezidentimiz bu ailələrə daim diqqət və qayğı göstərir. Xalqımız  bu igidlərin həyat yolunu özlərinə qəhramanlıq tarixi seçirlər.


Milli Məclisin deputatı Məlahət xanım İbrahimqızı öz çıxışına tədbirdə iştirak edən şəhid analarını salamalayaraq şəhid analarının və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirdi. Tədbirin mövzusunun aktuallığına toxunan  natiq ötən aylarda torpaqlarımızı öz qanları ilə suvaran üç minə yaxın şəhidimizin yüksək amal uğrunda vuruşaraq torpaqlarımızı düşməndən azad etdiklərini, bununla da xalqımızın 30 illik Vətən həsrətinə son qoyduqlarını vurğuladı. Sonra Məlahət xanım 20 Yanvar gecəsi xalqımıza qarşı  terror törədildiyini və yüzlərlə günahsız insanın nahaq qanının axıdıldığını qeyd etdi. Natiq bildirdi ki, bu il biz ilk dəfədir ki, 20 Yanvar faciəsini başımızı dik tutaraq,  qalib xalqın, qalib ordunun  nümayəndələri kimi qeyd edirik. Və şərəf duyuruq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər Ordumuz Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər tarixi yaza bildi. Qarabağımızın incisi sayılan Şuşa şəhərimizdə üç rəngli bayrağımızı ucaldı və uzun illər sonra azad olan torpaqlarımızda azan səsi yüksəldi. Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc xanım Fətəliyeva 2020-ci ilin xalqımız üçün həm pandemiyaya, həm də müharibəyə görə çətin sınaq dövrü olduğunu bildirdi və 2020-ci ili xalqımız üçün həm də zəfərlərlə dolu bir il kimi dəyərləndirdi. Pandemiya dövründə həkim, müəllim kimi qadınlarımızın onların çiyinlərinə düşən ağır bir yükün öhdəsindən layiqincə gəldiklərini yüksək qiymətləndirdi. 20 Yanvar faciəsinin ağrılarını bugün də yaşayan xalqımızın 30 ildən sonra ilk dəfə olaraq qələbə sevincini yaşamasını, bunun üçün şəhidlərimizə, qazilərimizə, igid əsgərlərimizə borclu olduğumuzu deyən Sevinc xanım bütün şəhid analarına,şəhidlərin ailə üzvlərinə səbr diləyərək onlara  Ulu tanrıdan rəhmət dilədi, qazilərimizə can sağlığı arzuladı. Bildirdi ki, işğaldan azad olunan torpaqlarımız möhtərəm Prezidentimizin uğurlu siyasəti nəticəsində tezliklə cənnətə dönəcək, soydaşlarımız ata-baba yurdlarına dönərək Qarabağımızı yenidən yaşadacaqlar.


Daha sonra videkonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc xanım Hüseynova ilk olaraq bütün şəhid analarının qarşısında baş əydiyini və şəhidlərimizə Allahdan rəhmət dilədiyini bildirdi. Sevinc xanım xalqımızın hər ili ağır matəm günləri-20 Yanvar , Xocalı soyqırımı kimi mürəkkəb hadisələri dərin hüznlə qeyd edərək başladığını və nəhayət 30 il sonra bu faciə qurbanlarının qisasının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən alındığını söylədi, qeyd etdi ki, bugün xalqımızın birliyi, mətinliyi onların üzlərindəki sevincdən də hiss olunur. Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin xanım Kərimzadə tədbirdə iştirak edən və etməyən bütün şəhid analarının qarşısında baş əydiyini bildirdi. Şəhidlik zirvəsinə ucalan igid oğullarımızın sayəsində əldə olunan Qələbəyə görə şəhidlərimizə borclu olduğumuzu qeyd edən Pərvin xanım qazilərimzə, igid, qəhrəman əsgərlərimizə can sağlığı arzuladı. 20 Yanvar faciəsini qan yaddaşımız kimi dəyərləndirən natiq bu ili göz yaşı ilə deyil Qələbə sevinci ilə qeyd etdiyimizi vurğuladı. Bugün bütün şəhidlərimzin ruhu şaddır. Ona görə ki, igid Azərbaycan oğulları onların qisasını aldı və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tarixi Qələbəyə qızıl hərflərlə imza atdı.

 
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə xanım Əzizova öz çıxışında bildirdi ki, biz hamımız vətəndaş olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimzə borcluyuq. Azadlığımızın ilk toxumunu səpən, ölümün gözünə dik baxan 20 Yanvar şəhidlərini bugünkü müstəqilliyimizin ilk carçıları adlandıran natiq qeyd etdi ki, Müzəffər Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimzin qisasını aldı və şəhidlərimzin narahat ruhları rahatlıq tapdı. 44 günlük Vətən müharibəsində şəhid olan yevlaxlı oğullarımızın ailələri ,yaralanan qazilərimiz də ölkə başçısının daim diqqət və qayğısı ilə əhatə olunurlar. Şəhər İcra Hakimiyyəti müntəzəm olaraq bu ailələrdə olur, həmin ailələrə maddi və mənəvi dəstək göstərir , onların problemləri öyrənərək, həlli üçün müvafiq tədbirlər görür. 20 Yanvar faciəsində sağlamlığını itirmiş Cahid Nəbiyev həmin qanlı gecənin dəhşətlərindən danışdı. 20 Yanvarda , eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət dilədi. Cahid Nəbiyev qeyd etdi ki, kiçik ürəklərində böyük Azərbaycan yaşatmağı bacaran şəhidlərimizin qarşısında borcluyuq və onların əziz xatirələri qarşısında baş əyirik. Şəhid anaları Güllü xanım Bərxudarova, Mehriban xanım Abbasova çıxışlarında bütün şəhid anaları adından oğullarını Vətən üçün böyütdüklərini bildirdi və “Vətən sağ olsun” dedilər. Onlar qeyd etdilər ki, şəhidlər torpağa qurban gedərək analarına şəhid anası kimi uca bir ad verdilər. Ali Baş Komandanımız sağ olsun ki, onun rəhbərliyi ilə Müzəffər Ordumuz Qələbə çalaraq şəhidlərimizin qanını yerdə qoymadı, şəhid analarına sevinc göz yaşları yaşatdı. Onlar qürur hissi ilə söylədilər ki, bu Qələbə biz şəhid anaları üçün ən böyük təsəllidir, yaşasın cənab Ali Baş Komandanımız və Müzəffər Ordumuz.


Əminə Əhmədova tədbiri yekunlaşdıraraq qeyd etdi ki, olduqca  maraqlı,yaddaqalan bir görüşə şahidlik etdik.Gördük ki, bu ölkənin bütün vətəndaşları- vəzifəsindən, statusundan asılı olmayaraq bir amala xidmət edir və bundan böyük məmnunluq duyur- doğma Azərbaycanımızın daha da çiçəklənməsi və qüdrətlənməsi.44 günlük savaş bizə bu həqiqəti bir daha anlatdı: El bir olsa,dağ oynadar yerindən,güc bir olsa,zərbi kərən sındırar.Hər zaman Vətən və xalq naminə bir olmaq arzusu ilə hər birinizə dəvətimizi qəbul etdiyiniz və tədbirimizə qatıldığınız üçün minnətdarlığımı bildirirəm.


Yevlax
Şəhid
Yeni Azərbaycan Partiyası
İlham Məmmədov
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Qadınlar Şurası
YAP
Loading...
Loading...