SMS icazənin əhaliyə təsiri:  stressdən necə qurtulmalıyıq?  - Tanınmış psixoloqdan AÇIQLAMA
Cəmiyyət
15.12.2020 15:52
336

SMS icazənin əhaliyə təsiri: stressdən necə qurtulmalıyıq? - Tanınmış psixoloqdan AÇIQLAMA

"Karantin dövründə daha çox orta və yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşvişlər yarandı, yeniyetmə və tələbələrdə vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası olunduqları üçün stress,depressiya halları artdı, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün aqressiv davranışları formalaşdırmağa başladı".

Bunu tanınmış psixoloq Elnarə İsazadə MediaBaku.az-a açıqlamasında bildirib.


Onun sözlərinə görə, təşviş yaradan xəbərlər insanlarda psixoloji gərginliyin, təşvişin, stressin, daha çox artmasına səbəb olur.


"Pandemiya zamanı baş verən hadisələr bizə bunu deməyə əsas verir ki, nəinki Azərbaycan, hətta inkişaf etmiş dünya ölkələri də bu duruma psixoloji cəhətdən hazır deyildilər. Karantin rejimi elan ediləndə ilk aylar ərzində insanların psixologiyasına mənfi təsirlər daha çox idi. Bunun da başlıca səbəbi COVID-19 pandemiyası ilə bağlı məlumatsızlıq, bu virusun dəqiq diaqnozunun olmaması, qeyri–müəyyənlik, bu durumun nə zaman bitəcəyi ilə bağlı konkret fikrin olmaması insanlarda xüsusi psixoloji gərginliyin yaranmasına gətirib çıxardı. Gərginliyin böyük qismi isə COVID-19 pandemiyası ilə bağlı müxtəlif, hətta bir-birini təkzib edən fikirlərin olması idi. Bildiyimiz kimi bir sıra yalan, əsassız, təşviş yaradan xəbərlər daha çox sosial şəbəkələr vasitəsi ilə insanlara ötürülürdü. Bu da insanlarda psixoloji gərginliyin, təşvişin, stressin, daha çox artmasına səbəb olurdu. 

Karantin dövründə daha çox orta və yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar təşvişlər yarandı, yeniyetmə və tələbələrdə vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası olunduqları üçün stress,depressiya halları artdı, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün aqressiv davranışları formalaşdırmağa başladı.  Karantin dövründə ailə münasibətlərində, valideyn-övlad əlaqələrində də müəyyən dəyişikliklər oldu. Ər-arvad münasibətlərində konfliktlərin sayı artmağa başladı. Bir sıra ölkələrdə hətta boşanma hadisləri də çoxalmağa başladı. Tədris müəssisələrinin bağlanması, sərt karantin rejimi ilə əlaqədar valideyn-övlad münasibətlərinə də öz təsirini göstərməyə başladı. Bir çox valideynlər uşaqları ilə davamlı vaxt keçirməkdən yorulduqlarını da sosial şəbəkələrdə qeyd etməyə başladılar. Lakin daima iş həyatında olub ailəsinə yetərincə zaman ayıra bilməyən insanlar, ümumilikdə götürsək, insanların böyük qismi isə əksinə, bu durumdan istifadə edərək, ailəsi ilə, övladları ilə daha çox şən, əyləncə dolu maraqlı anlar keçirtməyə başladılar. Məsələn, yeməklərin birlikdə yeyilməsi, hər hansı televiziya proqramı və ya filmin birlikdə izlənilməsi, ev işlərində - təmizlik işlərində bir-birinə yardım edilməsi kimi tədbirlər ailədə hər kəsin eyni psixoloji tezliyə gəlməsinə, ortaq duyğu və emosiyalar ifadə etməsinə, dolayısıyla ailə bağlarının möhkəmlənməsinə səbəb oldu. 


Hazırda aktual suallardan biri ondan ibarətdir ki, karantindən sonrakı vəziyyət necə olacaq? İnsanlar yenidən normal həyatlarına qayıda biləcəklərmi? Karantin bitəndən sonra insanların psixoloji durumunda hansı dəyişikliklər baş verəcək? 


Əlbəttə ki, gərginlik müxtəlif formada özünü göstərərək bir müddət davam edəcək. Müəyyən müddət ərzində bu təsirlər təkcə psixoloji baxımdan deyil, eyni zamanda müxtəlif istiqamətlərdə də özünü göstərəcək. Pandemiyadan sonrakı dövrdə posttravmatik stress pozuntusu da artacaq. Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir neçə simptomun ortaya çıxması ilə müşahidə olunan pozuntudur. Bu simptomlara hədsiz qorxu, çarəsizlik və ya dəhşətli anı yenidən yaşama aid edilir. İnsanlar pandemiyadan sonra hələ uzun müddət virus qorxusu ilə yaşayacaq, virusun təkrar yayıla biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər də yaşaya bilərlər. Psixoloji təsir insanlarası münasibətlərə də öz təsirini göstərəcək. Bu təsir insanların bir – birləri ilə ünsiyyət qurmalarında da öz əksini tapacaq. Hazırda gərginliyi azaltmaq üçün təyin olunmuş müdafiə mexanizmlərindən istifadə etsələr, sosial məsafənin gündəlik həyatda qorunması, dezinfeksiya tədbirləri, gigiyena qaydalarına riayət etsələr, dezinformasiyalardan maksimum dərəcədə uzaq durmağa çalışsalar təşvişdən uzaqlaşa, postpandemiya dövrünə özlərini psixoloji olaraq hazırlaya bilərlər", - deyə psixoloq bildirib.

Ayişəgül Əhmədova

Loading...