Söyüdlü-Zod qızıl yatağının əsl sahibi kimdir?
Gündəm
27.11.2020 14:33
67

Söyüdlü-Zod qızıl yatağının əsl sahibi kimdir?

Hərbi və diplomatik müstəvidə Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olan Ermənistan indi də hər vəchlə çalışır ki, heç olmasa kiçik də olsa, bəzi əraziləri işğalda saxlaya bilsin. İşğaldan azad edilən bütün torpaqlar, həmçinin bu torpaqlarda yerləşən yeraltı və yerüstü bütün sərvətlərin tək sahibi Azərbaycan Respublikasıdır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ötən gün Azərbaycanın 250 hərbçisinin Zod-Söyüdlü qızıl mədəninin ərazisinə gələrək, ermənilərin buradan rədd olmasını tələb etməsi haqda danışarkən deyib.

O bildirib ki, Söyüdlü-Zod qızıl yatağının tarixi istismarı ədalətsiz olub:

“Azərbaycanın işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü-Zod qızıl yatağı 1951-ci ildə “Qafqaz qızıl kəşfiyyat” idarəsi tərəfindən aşkar olunmuşdur. Yatağın böyük hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-sinin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir.

Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materialların və xəritələrin saxtalaşdırmasının ən yaxşı sübutu SSRİ respublikalarının dövlət sərhədlərini müəyyənləşdirən xəritələrdir. Ümumiyyətlə SSRİ-də 15 respublikanın dövlət sərhədləri dəqiq göstərilir. Məhz bu xəritələrdə Zod yatağının Kəlbəcər rayonu ərazisinə düşdüyü bariz şəkildə görünür.

Bu gün inkişaf etmiş peyk görüntüləri var. Tarixi xəritələrə peyk görüntülərini müqayisə etmək yatağın əsl sahibinin kim olduğunu müəyyən etməyə imkan yaradır”.

Politoloqun sözlərinə görə, dövlətlər arasında bu kimi mübahisəli sərhəd problemlərinin olması normaldır:

“Azərbaycan bir neçə dəfə bu kimi problemlərlə üzləşib. Xüsusilə də Xəzər dənizində mübahisəli neft-qaz yataqlarının birlikdə istifadəsi kimi konstruktiv yanaşmalar sərgiləyərək etibarlı qonşu olduğunu dəfələrlə göstərib. Ermənistanla isə təəssüf ki, belə bir şey etmək mümkün deyil. Ermənistan MN ötən gün xəritə göstərərək, sərhədin bu mədənin düz ortasından keçdiyini sübut etməyə çalışır. Halbuki sərhəd “düz ortadan” keçmir, qızıl yatağı demək olar ki, az istisna ilə bütövlükdə Azərbaycan ərazisindədir. Ölkəmiz də ən xırda güzəştə belə getməyəcək – çünki qarşımızdakı ermənidir”.

Loading...