Sülhməramlılar öhdəliklərini pozdular  - Azərbaycan ictimaiyyətində ciddi narazılıq
Siyasət
14.12.2020 10:53
456

Sülhməramlılar öhdəliklərini pozdular - Azərbaycan ictimaiyyətində ciddi narazılıq

Gözlənildiyi kimi, Rusiya sülhməramlılarının bölgəyə gəlişindən sonra ərazini tərk edəcəkləri deyilən erməni silahlıları artıq Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı təxribatlar törədirlər. Belə ki, erməni silahlı dəstələri ərazini tərk etmək əvəzinə, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə döyüş mövqeləri yaradaraq Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər.

2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı daha bir hərbi qulluqçu həlak olub və "Azercell" şirkətinin əməkdaşı ağır yaralanıb. Keçirilmiş anti-terror əməliyyatı nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir.

Hal-hazırda anti-terror əməliyyatı gedən yerlər üçtərəfli bəyanata əsasən, bizə təhvil verilməli olan yerlərdir. Bu kəndlərin hamısı bəyanata əsasən, tam olaraq bizim ordumuzun nəzarətində olan yerlərdir, rus sülhməramlılarının patrul-müşahidə missiyası bu ərazilərə aid deyil. Lakin Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub.

Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Xəritələrlə manipulyasiya və sülhməramlıların səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.

Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalı olduqlarını, deyəsən, unudub. Azərbaycan bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib. Keçirilmiş əməliyyat nəticəsində hazırda həmin kəndlərə Azərbaycan nəzarət edir. Əgər yeni hallar baş verəcəksə, Azərbaycan tərəfinin adekvat addımlar atacağı qaçılmazdır. Buna görə də Rusiya sülhməramlıları hazırlayıb yaydığı xəritənin qeyri-real olduğunu və qısa zamanda ona düzəliş edilməsinə ehtiyac olduğunu bilməlidir.

Onsuz da, Rusiya tərəfinin xəbəri var ki, ölkəsinin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan etimadı daha ciddi şəkildə sarsıdır və onların bölgəyə gəlişinə ilk gündən narazı olanlara haqlı əsaslar yaratmış olur.

Görünür, Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir. Qələbə paradında həmin dairələri bərk qıcıqlandıran hadisələrdən biri də, heç şübhəsiz, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı oldu.

Amma Rusiya unudur ki, istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır. Heç kəsə sirr deyil ki, Rusiyanın Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq etməsi sanitar-epidemioloji tələblərlə pərdələnərək süni şəkildə əngəl yaratmaqdan başqa bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur. Rusiyada müəyyən qüvvələr başa düşməlidirlər ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Rəsmi Moskva anlamalıdır ki, bu proses sonda Rusiyanın Azərbaycandakı imicini yerlə bir edəcək və nəticədə sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasını tələb edəcəyik.

Təhməz Əsədov
Milli.Az

Loading...