Şuşa şəhərinin əsasını kim qoyub?  - TARİXİ FAKTLAR
Cəmiyyət
18.12.2020 19:38
222

Şuşa şəhərinin əsasını kim qoyub? - TARİXİ FAKTLAR

Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1748-1763) adı ilə bağlıdır.


Şuşanın bir şəhər kimi formalaşması 3 əsas mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü (1748-1763) əhatə edən birinci mərhələdə Şuşanın ilk böyük məhəlləsi, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsi salınmışdır. Əhalisinin əksəriyyətini vaxtilə Təbriz və Ərdəbildən Bayat qalasına köçürülmüş sənətkarlar təşkil edən bu məhəllədə aşağıdakı kiçik məhəllələr – Çuxur, Qurdlar, Culfalar, Seyidli, Quyular, Merdinli, Hacı Yusifli, Qazançalı və Çöl qala məhəllələri yerləşirdi. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti dövrünü (1763-1806) əhatə edir. Bu mərhələdə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi – Yuxarı məhəllə formalaşmışdır. Şuşa şəhərinin formalaşmasının üçüncü mərhələsi Qarabağ xanlığının 1806-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilməsindən sonra başlamış və daha uzun müddət davam etmişdir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, onun aborigen əhalisi olan Azərbaycan türklərinə məxsus idi.


XVIII əsrin ikinci yarısı Şuşa şəhəri tarixinin ən şanlı səhifələrindəndir.



Şuşa uzun müddət Qarabağın inzibati mərkəzi olmaqla yanaşı, həm də çox mühüm iqtisadi mərkəz idi. Əsas ticarət və sənətkarlıq obyektləri şəhərin mərkəzi rolunu oynayan Aşağıbazar və Meydan adlandırılan ərazidə cəmləşmişdi. Burada çoxlu ticarət dükanı və sənətkar emalatxanası ilə yanaşı, bir neçə karvansara və hamam da tikilib istifadəyə verilmişdi. Sovet hakimiyyətinin qurulması ilə Şuşanın fəlakətli günləri başlandı. Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı repressiyalara başladılar. 1923-cü ildə DQMV-nin yaradılması və Xankəndinin onun mərkəzi seçilməsi ilə Şuşa Qarabağın inzibati mərkəzi olmaq funksiyasından məhrum edildi. Bununla da Şuşa şəhərinin və orada yaşayan azərbaycanlıların vəziyyəti xeyli pisləşdi. Vilayət rəhbərliyinin ögey münasibəti nəticəsində şəhər sürətlə tənəzzül etməyə başladı. Azərbaycan xalqının tarixi-memarlıq abidələrinin bir çoxu uçurdulub dağıdıldı. Əhalinin sayı təxminən, 50 il ərzində 3 dəfədən də çox azaldı. Belə ki, 1917-ci ildə Şuşada 43869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı azalıb 13664 nəfərə enmişdi. Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün oldu. 1992-ci il mayın 8-də şəhər erməni silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal prosesində və işğaldan keçən 20 il ərzində Şuşanın tarixi-memarlıq abidələri erməni vandalları tərəfindən amansızcasına dağıdıldı və bu gün də dağıdılmaqda davam edir. 2020-ci il 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi.


Zahidə Nəbizadə

Şuşa
tarixi faktlar
Qarabağ
Qarabağ xanlığı
Pənahəli xan Cavanşir
Xoca Mərcanlı
Bayat qalası
Loading...
Loading...