Şuşada yaralanmış XTQ-nin baş leytenantı: “İcra hakimiyyətində məni qəbul etmədilər” -  AÇIQLAMA
Cəmiyyət
12.01.2021 11:56
821

Şuşada yaralanmış XTQ-nin baş leytenantı: “İcra hakimiyyətində məni qəbul etmədilər” - AÇIQLAMA

Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Gözəlov Ruslan yaşadığı küçədəki problemlə bağlı Şirvan Şəhər İcra Hakimiyyətinə üz tutub, lakin burada nəinki onun problemini dinləməyiblər, hətta görüş üçün qəbul etməyiblər.


Bu barədə MediaBaku.az-a məlumat verən hərbçimiz bildirir ki, Şirvan şəhərində Xəqani küçəsində yaşayır və yaşadığı küçənin yolları bərbad vəziyyətdədir:
“İcra başçısı və müavini Məharət Mustafayev çox saymamazlıq edir. Bizim yolumuz pis gündədir, qazıb pis günə qoyublar. Mən getmişdim ki, heç olmazsa o yolu düzəltsinlər. Müavinə dedim ki, bu məsələ ilə bağlı icra başçısı ilə görüşmək istəyirəm. Dedi qəbul edəcəyik, amma etmədilər”.
R. Gözəlov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və Şuşada yaralanıb:
“Naxçıvandan gələn Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantıyam, medalla da təltif olunmuşam, özüm də Şuşada yaralanmışam. Şuşanın Sığnaq kəndi uğrunda gedən döyüşlərdə, Daşaltı əməliyyatlarında iştirak etmişəm. Hal-hazırda da Naxçıvanda xidmət edirəm, sadəcə olaraq məzuniyyətimlə əlaqədar olaraq Şirvandayam. Məzuniyyətdən sonra hərbi hospitalda müalicəmi davam etdirəcəyəm”.

Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev MediaBaku.az-a bildirdi ki, yanvar ayının 2-dən etibarən səhhəti ilə bağlı fəaliyyətini müvəqqəti dayandırıb:
“2021-ci ildə Şirvan şəhərində ümumilikdə 50 kilometrə yaxın keçənin asfaltlanması planlaşdırılır. Onlar “Bağ evləri” massivində yaşayırlar. Mən Ruslan müəllimə dedim ki, memarlıq şöbəsi ilə məsələni araşdıracağam və sizin küçənin bu il asfaltlanmalı olan küçələr siyahısında olub-olmadığını bildirəcəyəm. Sadəcə olaraq səhhətimlə əlaqədar yanvar ayının 2-dən etibarən yatıram və işə çıxmıram. Mən araşdırıb Ruslan müəllimlə əlaqə saxlayacağam”.
Vətən Müharibəsi qazisinin İcra Hakimiyyətində qəbul edilməməsi məsələsinə isə başçının müavini belə münasibət bildirib:
“Pandemiya ilə əlaqədar müvəqqəti olaraq vətəndaş qəbulu dayandırılıb. Çalışırıq ki, vətəndaşla təmasda olmayaq. Amma telefon vasitəsilə onlarla əlaqə saxlayırıq”



Şəfa Nəsibova

Loading...
Loading...