Təhsil kreditləri ilə bağlı qanunun
Cəmiyyət
27.12.2020 11:44
145

Təhsil kreditləri ilə bağlı qanunun "qapısı hələ bağlı", imkansız tələbələr isə çətinlikdə…

Dünyada tələbələrə təhsil kreditinin verilməsi ənənəsi geniş yayılsa da, Azərbaycanda tələbələrin təhsil krediti alması ciddi problemə çevrilib. Ölkəmizdə "Maarifçi" Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma bu o qədər də geniş tələbə kütləsini əhatə etmir. Odur ki, bu gün ali məktəblərdə ödənişli əsaslarla təhsil alan tələbələrin bir hissəsi təhsil haqqını ödəməkdə çətinlik çəkir. Onların arasında məhz bu səbəbdən universiteti yarımçıq buraxanlar da var.


Qeyd edək ki, uzun müddətdir “Təhsil kreditləri haqqında” qanun layihəsi gündəmə gəlsə də, bu məsələ müzakirə edilmir. Milli Məclisin ötən iclaslarının birində iştirak edən Maliyyə naziri Samir Şərifov da məlum məsələyə toxunub. Onun sözlərinə görə, Prezidentin tapşırığına uyğun olaraq, təhsil kreditləri ilə bağlı məsələyə baxılır: "Artıq müəyyən sənədlər hazırdır. Formalaşan sənədin işçi qaydada müzakirə edilməsi təklifi olduqca maraqlıdır”.

  • “7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub”

“Təhsil kreditləri haqqında” qanunun qəbul olunmasının əhəmiyyəti haqqında danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, təhsil kreditləri təhsil haqqının ödənilməsinə dəstək üçün nəzərdə tutulur və bunun dünyada bir çox modeli var: “Məsələn, Türkiyədə tələbə təhsil haqqını ödəmək üçün götürdüyü krediti təhsilini tam başa vurduqdan və işlə təmin edildikdən sonra aşağı faizlə ödəməyə başlayır. Dünyanın bir çox ölkəsində təhsil krediti verən banklar mövcuddur və onlar aşağı faizlə kreditlər təklif edirlər. Azərbaycanda vəziyyət necədir? Ödənişsiz, dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar, müəyyən təbəqəyə mənsub olduqları üçün imtiyazlara sahib tələbələr (əlillik dərəcəsi olan, valideyn himayəsindən məhrum, şəhid, müharibə əlili ailəsi, qaçqın, köçkün, əlilliyi olan və sair) və heç bir imtiyazı olmayan, lakin təhsil haqqını ödəməkdə çətinlik çəkən imkansız ailələrin övladı olan tələbələr var. Apardığımız araşdırma nəticəsində məlum oldu ki, 2012-18-ci illərdə - 7 il ərzində 6 min tələbə məhz təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Təsəvvür edin, ölkəmiz və əmək bazarı nə qədər kadr itkisinə məruz qalıb. Halbuki, bu tələbələrin təhsil haqlarının ödənməsində onlara yardım olsaydı, ölkəmiz nə qədər ixtisaslı kadr qazanacaqdı. Hazırda tələbələrin təhsil haqqının ödənməsinə yardım göstərilməsində 3 struktur fəaliyyət göstərir. Biri “Maarifçi” Tələbə Kredit Fondudur. Bu Fond təxminən 200 tələbəyə yardım edə bilir. Digəri Gənclər Fondudur ki, onların da yardım imkanları məhduddur. Üçüncüsü, daha real sayıla biləcək struktur  isə istehlak krediti verən banklardır. Bu banklar isə adi istehlak krediti şərtləri ilə işləyirlər. Bu şərtlərlə aztəminatlı, yaxud imkansız ailələrin tələbə təhsil haqqının ödənməsi üçün kredit götürüb onu ödəməsi mümkün deyil. Gərək hər ay kreditin faizi müəyyən edilmiş vaxtda ödənsin. Buna ailələrin maddi gücü yetmir”.


Həmsöhbətimiz hesab edir ki, “Təhsil kreditləri haqqında” qanunun qəbulu vacibdir: “Qanun qəbul olunacaqsa, dəqiqləşməlidir ki, hansı banklar, hansı şərtlər altında, hansı faiz dərəcəsi ilə təhsil krediti verəcəklər. Dünyada qəbul olunmuş praktika budur ki, tələbə təhsil kreditini təhsil aldığı müddətdə ödəmir, təhsilini bitirdikdən sonra ödəyir. Yəni tələbəyə təhsil alması üçün verilən kredit təhsil müddətində geri alınmır. Bizdə də belə olmalıdır. Əks halda, qanunun tələbələrə heç bir köməyi dəyməyəcək”.

Loading...