Türkiyə Rusiya ilə Qarabağda əsas nəyi razılaşdırmaq istəyir? - TƏHLİL
Siyasət
28.11.2020 12:35
141

Türkiyə Rusiya ilə Qarabağda əsas nəyi razılaşdırmaq istəyir? - TƏHLİL

"Türkiyənin qanunvericiliyi digər ölkə ərazisində silahlı qüvvələrin istifadəsi üçün mütləq parlament (TBMM) dinləmələri və parlament səviyyəsində qərarların qəbul edilməsini tələb edir. Türkiyə Sİlahlı Qüvvələrinin Qarabağa gəlməsində birinci ləngimə bununla əlaqəli oldu. İlk öncə bu qərar qəbul edilməli idi ki, Silahlı Qüvvələrin burada yerləşməsi legitim əsaslara malik olsun".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Türkiyə rusların sülhməramlı funksiya yerinə yetirdiyi ərazilərdə özünün müşahidə postlarını qurmaq istəyir:

"Bu qərar qəbul edildikdən sonra Türkiyə ilə Rusiya arasında bir müddət davam edən məsləhətləşmələr keçirildi. Məsləhətləşmələrin mövzusu nə idi? Rusiya təbii ki, Qarabağda digər bir ölkənin silahlı qüvvələrinin olmasını istəmir. Yəni, Rusiya Türkiyənin sülhməramlılara nəzarət funksiyasından kənara çıxmasını istəmir. Amma eyni zamanda Azərbaycan da Türkiyənin bu fəaliyyətlərini dəstəkləyir. Prezident İlham Əliyev də çıxışlarında bildirib ki, bizim prioritetlərimiz Türkiyənin daim bu ərazidə olmasından ötrüdür. Biz bunu əvvəl də demişik ki, Türkiyə həm sahada, həm masada olacaq.

Türkiyə Qarabağda baş verənləri öz gözü ilə görmək istəyir

Türkiyənin Qarabağda Silahlı Qüvvələrinin yerləşdirilməsi məsələsinin Rusiya ilə razılaşdırılmada uzun çəkməsinin indi əsas bir səbəbi var. Buna Türkiyənin tələbi də demək olar. Tələb bundan ibarətdir ki, Türkiyə rusların sülhməramlı funksiya yerinə yetirdiyi ərazilərdə özünün müşahidə postlarını qurmaq istəyir. Həm də həmin ərazilərdə Rusiya ilə birgə Suriyada olduğu kimi patrul xidmətinin təşkilini həyata keçirməyi planlaşdırır. Ona görə də, bu məsələlərdə bir qədər ləngimələr var. Mən Türkiyə rəsmilərinin verdikləri bəyanatlardan, hərbi ekspertlərinin fikirlərindən bu qənaətə gəlirəm. Amma ümumilikdə Rusiya ilə Türkiyənin Müdafiə nazirləri arasında bu sənədlər imzalandı. Buna baxmayaraq, razılaşmanın detalları mətbuatda dərc edilməyib. Ona görə də, buna qısa, net, birmənalı şəkildə qiymət vermək bir az çətindir.

Son sözü Azərbaycan deyəcək

Düşünürəm ki, Türkiyə hərbiçilərinin Qarabağa gəlməyə ləngiməsinə səbəb bu müşahidə postları və birgə patrul xidməti ilə əlaqədardır. Türkiyə birbaşa əraziyə daxil olmaq istəyir, baş verənləri öz gözü ilə görmək istəyir. Burada da ev sahibi Azərbaycandır və son sözü Azərbaycan deyəcək: mənim ərazimdə Türkiyə harada olsun! Rusiya bunu müəyyənləşdirmək ixtiyarına malik deyil. 

Dekabrın 1-dən sonra (10 noyabr sənədlərinə əsasən Ağdam və Kəlbəcərin ardınca Laçın Azərbaycana təhvil veriləcək) bəlli bir dəyişikliklər gözlənilir". 

Loading...