Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə daim milli medianın inkişafına xüsusi diqqət göstərib
Siyasət
22.07.2021 09:20
33

Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə daim milli medianın inkişafına xüsusi diqqət göstərib

Zəngin və şərəfli inkişaf yolu qət etmiş Azərbaycan mətbuatının yaranmasından 146 il ötür. 22 iyul 1875-ci ildə xalqımızın görkəmli ziyalısı Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı ötən dövr ərzində milli-mənəvi dəyərlərimizin, dövlətçilik maraqlarımızın qorunmasında, qabaqcıl ideyaların təbliğində müstəsna xidmətlər göstərib.


Zaman-zaman müxtəlif çətinliklərlə və ciddi maneələrlə üzləşən milli mətbuatımızın müstəqillik dövründə tərəqqisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə daim milli medianın inkişafına xüsusi diqqət göstərib. Onun rəhbərliyi ilə bu sahədə ardıcıl və səmərəli addımlar atılıb. KİV üzərində senzuranın aradan qaldırılması, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul edilməsi, KİV-in maddi-texniki şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Ümummilli Liderimizin milli jurnalistikanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğının məntiqi nəticəsi kimi “Jurnalistlərin dostu” seçilməsi bunun bariz nümunəsidir.


Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də milli mətbuatımızın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Qanunvericilik bazası zənginləşdirilib, Azərbaycan mətbuatının maddi-texniki bazası daha da gücləndirilib, jurnalistlərin mənzil-məişət şəraitinin və sosial rifahının yaxşılaşdırılması yönündə davamlı addımlar atılıb, media nümayəndələrinin əməyi yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” seçilib. Bu gün dövlət başçısının iradəsi əsasında media sahəsində çox mühüm islahatlar həyata keçirilir. Bu isə Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsinə çox mühüm töhfədir.


Sevindirici haldır ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ən əsası, milli mətbuatımız 44 günlük müharibə zamanı olduğu kimi, postmüharibə dövründə  də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa olunmasında, bütövlükdə milli maraqların qorunmasında əhəmiyyətli rol oynayır.


“22 iyul – Milli Mətbuat Günü” münasibətilə Azərbaycan mətbuatının nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara yeni yaradıcılıq uğurları diləyirəm.

 
Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Loading...