“Vəziyyət belə davam edə bilməz!”  - Həkimdən karantin rejiminə ETİRAZ
Ölkə
12.01.2021 15:43
406

“Vəziyyət belə davam edə bilməz!” - Həkimdən karantin rejiminə ETİRAZ

Artıq bir ilə yaxındır ki, Azərbaycan əhalisi karantin rejiminin ağır şərtlərilə yaşamağa məcburdur. Təhsil müəssisələri, iş yerlərinin böyük əksəriyyəti bağlıdır, toy-yas mərasimlərinin keçirilməsi qadağandır... Bir tərəfdən xəstəlik qorxusu, digər tərəfdən qadağalar insanlarda ruh düşkünlüyü, depressiya yaradıb. Bu isə postpandemiya dövründə psixoloqlara ehtiyacın artacağını labüd edir.


Tanınmış həkim-nevroloq Qalib Əsədov Modern.az-a bildirib ki, karantin qadağaları aradan qaldırılarsa, heç bir psixoloqa da ehtiyac qalmayacaq:


“Cəmiyyətdə pozitiv emosiya nə qədər çox olarsa, bir o qədər də qurub-yaratmaq, inkişaf etdirmək istəyi artar. Beyində olan neqativ emosiya ilə pozitiv emosiya arasında balans pozulanda, insanlar aqressivləşir, cinayətkarlığa meyllənir və təhlükəli hala gəlib çıxır. Bir ildir ki, Azərbaycan insanı pozitiv emosiya almaq hüququndan məhrum edilib. Təsəvvür edin ki, ucqar bir kənddə 5-6 nəfər elçiliyə gedib, onu tutub terrorçu kimi təqdim edirlər. İlboyu işləyən insanlar yay aylarında istirahət etmədi, evə qapadıldı. Bu tədbirlərin virusa qarşı mübarizədə heç bir əhəmiyyəti yoxdur, əksinə, insanların immunitetini aşağı salır.


Azərbaycanda olan sərt karantin dünya üzrə ən uzunmüddətlidir. Amma statistikaya baxın, hər milyon nəfərə görə yoluxma və ölüm sayına görə ən qabaqda gedirik. O zaman sərt karantinin nə əhəmiyyəti var... İnsanlar pulsuz test olunmalıdır. Testin cavabı yeddi günə yox, yeddi dəqiqəyə verilməldir, xaricdəki kimi. Daha “cavabı tez istəyirsənsə, əlavə pul ver” tələbi olmamalıdır. Bu biabırçılıqdır”.


Q.Əsədov qeyd edib ki, səhiyyə sisteminin səriştəsizliyi vətəndaşın üzərinə yüklənməməlidir:


“Dünyanın hansı ölkəsində insanlar SMS-lə küçəyə çıxır, hansı ölkədə bir rayondan digərinə getmək qadağandır? Virusun mutasiyaya uğrayan yeni növü yarananda Britaniyada istədilər ki, Londunu karantinə alsınlar, insanlar ayağa qalxdı və buna imkan vermədilər. On aylıq sərt karantinin əziyyətini çəkməyimizə baxmayaraq, rəsmilər yenə də bizə “məsuliyyətsiz vətəndaş” deyirlər. Sadəcə səhiyyə sistemi öz bacarıqsızlığının üstünü karantinlə ört-basdır edir. Dərman yoxdur, özəl klinikalarda testlər çox bahadır və aydın məsələdir ki, xəstəlik yayılacaq. Xəstəyə hansı dərmanı yazaq bilmirik, çünki apteklərdə dərmanlar yoxdur. Səhiyyədəkilər öz işlərini bacarmırlar, əvəzində deyirlər “vətəndaş məsuliyyətsizdir, vətəndaş özünü qorumur”. Heç bizim vətəndaşdan qanunpərvəri, qanuna hörmət edəni, həm də cərimələrin çoxluğundan qorxanı yoxdur.

Rusiya, Ermənistan, Gürcüstan, Türkiyədə məktəblər işləyir. Bizim uşaqlar 10 aydır onlayn təhsilin ümidinə qalıblar. Günəmuzd işləyən insanlar ev dustağı olublar. Səhiyyənin başında duranlar öz məsuliyyətsizliyini vətəndaşa yükləyib, onu cərimələtdirməklə vəziyyətdən çıxır. İnsanlar toy edə bilmirlər, bu, bədbəxtlikdir. 18 ildən sonra əsgərliyə aparmağa oğlan tapmayacaqlar”.


Nevroloqun sözlərinə görə, evində acından ölən, pozitiv emosiyadan məhrum olan insana hansısa psixoloji dəstəyin köməyi yoxdur:


“Adamlar evə qapadılıb, pulu yoxdur, üstəlik də cərimələr belini qırır. Artıq insanlarda kütləvi psixoz yaranıb. İnsanlar mənfi enerji ilə o qədər yükləniblər ki, sosial şəbəkələrdə bir status yazırsan, bir balaca kiminsə xoşuna gəlmədi başlayırlar təhqirə, söyüşə, qarğışa. Bununla yanaşı, intiharlar artıb. Çünki insanlara sevinmək qadağan olunub. Biz qalib ölkəyik, insanlar bu sevinci belə, ürəkdən yaşaya bilmirlər. Belə olmaz, vəziyyət bu şəkildə davam edə bilməz. Dərhal karantin rejimi ləğv edilməlidir. Səhiyyə sistemində ciddi dəyişiklik olmalıdır, əks təqdirdə biz ömrümüzün sonuna qədər karantində yaşayacağıq”.

Loading...