Zəngəzuru da, Göyçəni Azərbaycana qaytaracağıq  - Deputat AÇIQLADI
Mediabaku TV
09.12.2020 15:30
187

Zəngəzuru da, Göyçəni Azərbaycana qaytaracağıq - Deputat AÇIQLADI

44 günlük Vətən savaşını parlaq qələbə ilə başa vuran Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bundan sonrakı hədəf və planlarının nə olduğu barədə çoxsaylı müzakirələr getməkdədir. Bu müzakirələrin əsasını isə, Xankəndi başda olmaqla, bir sıra ərazilərimizin taleyinin necə olacağı təşkil edir.

Belə fikirlər var ki, dekabrın 1-də Laçın da Azərbaycana qaytarılandan sonra Xankəndi əsas hədəfimizə çevrilib. Bu ərazimizi də tam nəzarətimizə keçirmək üçün nələrin edilməsi yönündə, eləcə də dövlət olaraq bundan sonra hansı işləri görəcəyimizlə bağlı ən müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür.

Gedən müzakirələrdə təəssüfedici bir məqam da ortaya çıxıb. Belə ki, müzəffər Azərbaycan Ordusunun, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi zəfərə kölgə salmaq cəhdlərinə rast gəlirik. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan üçtərəfli anlaşmadan sonra rus sülhməramlılarının Qarabağa gəlməsindən çıxış edərək, “Qarabağın ermənilərdən alınıb, ruslara verildiyi” barədə iddialara, sərsəm fikirlərə rast gəlirik. Doğrudur, belə fikirlərin sahibləri barmaqla sayılacaq qədərdir. Amma, necə deyərlər, “milçək bir şey deyil, könül bulandırır”...

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın, ölkə Prezidentinin hədəfləri bəllidir, plan aydındır:

“Hədəf bütün dağlı, aranlı Qarabağda vaxtilə işğal olunmuş torpaqların hər qarışında Azərbaycanın suverenliyini təmin etmək və bunların hamısını Azərbaycanın inzibati idarəçilik sisteminə daxil etməkdir. Müharibə haqqında biz kifayət qədər danışmışıq. 44 günlük savaşın hər bir üstünlüyü üzərində dayanmışıq.

Bundan sonra da ümidvaram ki, bütün açıqlamalarımızda, şərhlərimizdə bu fenomenal hadisəyə dəfələrlə toxunacağıq, bundan fərəhlə söz açacağıq. Bu, sıradan bir məsələ deyil. 200 ildən artıqdır ki, üzərimizə gələn, son 30 ildə isə təpədən-dırnağa qədər silahlanmış, dünyanın aparıcı dövlətləri tərəfindən himayə edilən vandal ölkə üzərində qələbə qazandıq, onun belini sındırdıq. Faktiki olaraq, bu gün Ermənistan idarə olunan ölkə deyil. Bundan sonra necə olacağı barədə heç kim konkret proqnoz verə bilmir. Uzun illər Azərbaycanın endirdiyi sarsıdıcı zərbə nəticəsində Ermənistan rəzil durumda yaşayacaq. Bunun Dağlıq Qarabağda yaşayan ermənilərə maddi, mənəvi, psixoloji təsiri olmayacaq.

Əgər onun imkanı olsa, özünün sərhədləri çərçivəsində normal həyat səviyyəsi qura bilər. Ermənistanın indiki şəraitdə Xankəndi və ətrafda yaşayan ermənilərə hər hansı bir dəstək vermələri mümkün deyil. Ola bilsin ki, sosial şəbəkələrdə, ayrı-ayrı diplomatik görüşlərdə bu və ya digər formada bizi qıcıqlandıran şərhlər veriləcək, bəyanatlar ortada olacaq. Biz bunlara əhəmiyyət verməli deyilik, əksinə, onlara adekvat cavab verilməlidir. Hədəflərimizə doğru addım-addım gedəcəyik. Bizi bu hədəflərə doğru aparan 44 günün deyil, 66 günün milli qəhrəmanı prezidentimizdir. Sentyabrın 27-dən dekabrın 1-nə qədər xalq olaraq prezidentimizin ətrafında necə sıx birləşdiksə, dövlətimizlə necə bərabər olduqsa, bundan sonra da bu cür birlik, həmrəylik davam etməlidir. Biz tarixi ərazilərimizi özümüzə qaytarmışıq, ancaq dünya erməniliyinə qarşı, hələ ki, mübarizəmiz gedir.

Qəti qələbənin əldə edilməsi üçün bütün mənalarda, həmçinin bu gün əski parçası ilə gündəmə gələn Arutyunyan kimilərinin cəzalarını verənə qədər təmkin nümayiş etdirməli, səbirimizi göstərməliyik. Prezident və dövlətlə bərabər olmalıyıq. Bunun başqa alternativi yoxdur. Əgər bu gün Azərbaycan əsgəri Xankəndinin içərisinə girib marketlərdən alver edirsə, Laçında olan əsgər və zabitlərimiz sülhməramlılarla bərabər Xankəndinə gəlib-gedən bütün nəqliyyat vasitələrini, insanları yoxlayırsa, bu, çox ciddi faktdır”.

Deputat uğurlarımıza kölgə salmağa cəhd edənlərə də səslənib:

“Belə bir düşüncə heç bir halda gündəmə gəlməli deyil ki, İlham Əliyev Qarabağı ermənilərdən alıb ruslara verdi. Bu daha çox siyasi prosesləri düzgün dərk etməyən, bəzi siyasət dəllallarının ortaya atdıqları fikirlərdir. Belə ədalətsiz fikirləri kimsə qəbul etməməlidir.

Cənab Prezident Qarabağı ermənilərdən, özü də rusların əliylə alıb bu gün onun üzərində suverenliyini tam şəkildə təmin etmək üçün ciddi fəaliyyət qurub və bu fəaliyyət davam edir. Mən sovet dövründə və ən sonda Yeltsin dövründə Rusiya qüvvələrinin, hərbi bazasının Azərbaycandan çıxarılması üçün gedən mübarizənin içərisində yer alan şəxslərdən biri olmuşam. Çox istərdim ki, hər kəs şəxsiyyətimə və prinsipal mövqeyimə hörmət etsin. İndi burada fəaliyyət göstərən rus qüvvələri sülhməramlıdır. Heç kəs bunu unutmasın. Onların başqa statusu yoxdur. Heç bir halda bu qüvvələr Rusiyanın Azərbaycanda hərbi faktoru kimi izah edilməli deyil. Açıq şəkillidə yazılıb ki, bu sülhməramlar harada dayanmalı, hansı funksiyaları yerinə yetirməlidirlər. Rus qüvvələri bu təlimatdan kənara çıxa bilməz. Azərbaycan heç bir halda buna razılıq və imkan verməz.

Beş il tamam olanda tərəflərdən biri həmin sülhməramlıların çıxması ilə bağlı məsələ qaldırmasa, müddət artırılır. Bəyanatda bu açıq şəkildə qeyd olunub. Proseslər başa çatandan, orada yaşayan ermənilərlə azərbaycanlılar arasında problem olmayandan sonra Rusiya sülhməramlılarının Azərbaycanda yeri olmayacaq. Yanımızda qardaş Türkiyənin olmasını da unutmayaq. Rusiya ilə bərabər bütün prosesləri izləyən, ona istiqamət verən Müşahidə, Birgə Fəaliyyət Mərkəzi var. Rusiya qüvvələri ilə bərabər Türkiyə qüvvələri də eyni funksiyanı yerinə yetirəcəklər. O da ola bilər ki, onlar ermənilərin yaşamadıqları, Azərbaycanın azad etdiyi yerlərdə hərbçilərimizlə bərabər olsunlar.

Ortada torpaqlarımızın azad edilməsi prosesində Türkiyə amili var. Bu amil kifayət qədər ciddidir və nəzərə alınmalıdır. Gerçəklik budur ki, Azərbaycan suverenliyini tam şəkildə təmin etmək üçün hədəflərinə doğru uğurla addımlayır. Problemlərimizi həll etməkdəyik. Buna hər kəs əmin ola bilər. Ümidvaram ki, biz yaxın illərdə tamamilə bu problemlərin içərisindən çıxacağıq. Biz ərazilərimiz hesabına özlərinə dövlət quran dünya erməniliyi üzərində qələbəmizin nida işarəsini dekabrın 1-də qoymuşuq. Təəssüflər olsun ki, ortada yaramaz davranışlar, şərhlər sərgilənməkdədir.

Bunlar illər uzunu ermənilərin içərisində yer alıblar, onların xətti ilə müxtəlif layihələr altında maliyyələşiblər və onların qarşısında öhdəlikləri var. Ermənistanda hazırda anarxiya mövcuddur, it yiyəsini tanımır. Bu proses hələ Ermənistanda davam edəcək. Azərbaycan anaları şəhid verir və övladlarının cənazəsini çiyinlərində aparır, həmçinin Azərbaycan qadınları həyat yoldaşlarını çiyinlərində son mənzilə yola saldılar. İki övladını itirən, həyat yoldaşını, övladını şəhid verən qadınlarımızım mətanətli, məğrur duruşuna bütün dünya şahidlik etdi. Bu, ermənilərdə varmı? Əlbəttə, yoxdur.

Ermənistanın yanında yer alan Fransanın mövqeyi ortadadır. Onların içərisində azərbaycanlı siyasi dəllallar da yer alırlarsa, bu, çox təəssüf doğurur. Bunlar xalqımız tərəfindən əbədi olaraq lənətləniblər. Onlar xalqımızın yaddaşında satqın və xain kimi əbədiləşməkdədirlər. Belə insanların çağırışlarına qarşı qətiyyətli mövqe sərgilənməlidir. Onlarla erməni Aşotun heç bir fərqi yoxdur. Fransa Senatı və Assambleyasının üzvlərinin onlardan heç bir fərqləri ola bilməz. Belələrinə qarşı hər yerdə öz mübarizəmizi, iradəmizi ortaya qoymalıyıq. Qələbənin şirin dadını əldə etmişik. Bu şirin dad əbədiləşəcək. Biz torpaqlarımıza böyük qayıdışın ərəfəsindəyik. Zaman gələcək, necə ki, Kəlbəcər, Ağdam və Laçında bir şəhid vermədən torpaqlarımıza qovuşduq, Zəngəzuru da, Göyçəni də, bütün tarixi torpaqlarımızı da böyük Azərbaycana qaytaracağıq. Buna qətiyyən şübhəm yoxdur. Bu istiqamətdə hər bir azərbaycanlımızın öz iradəsini, mübarizəsini ortaya qoymalı, dövlətimiz, cənab Prezidentimizlə və ordumuzla bərabər olmalıdır”.

Loading...