Zəngilan azaddır
Siyasət
18.10.2021 10:52
146

Zəngilan azaddır

Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərində Qafqazın Rusiya İmperiyasını qoşunları tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Çar rusiyasının yeni inzibati bölgüsünə görə Zəngəzur qəzası Gəncə quberniyasına tabe etdirilmiş, habelə Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bölgələri də bu qəzanın tərkibinə aid olunmuşdur. Bizim söhbət aşacağımız Zəngilan rayonunun ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir.


Sovet Rusiyasının 1920-ci ilin 28 aprel tarixində Azərbaycanı işğal etdikdən sonra, bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər, Zəngəzur qəzasını da işğal edilər. Məhz bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirildi.


Zəngilan rayonunun ərazisində onlarla milli və dini-tarixi abidə var idi. Rayonda çöküntü suxurlarından başqa, Yura və Təbaşir geoloji dövrünə aid olan vulkanik mənşəli süxurlar da geniş yayılmışdır. Ərazidə tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı və susuzlaşdırılmış soda üçün əhəng daşıkimi yeraltı sərvətlər mövcuddur. Rayon ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçayçayları keçir.


1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğal edilməsi nəticəsində 1 şəhər, 5 qəsəbə və 83 kənd düşmən əlinə keçmişdir. Rayonun ərazisi 730 kv.km., əhalisi isə 45 min nəfərdən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşmışdı. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatı mövcud olmuşdur. Zəngilanda 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərmişdi.


30 ilə yaxın işğal müddətində erməni vandalları çoxsaylı tarixi və dini memarlıq abidələrini dağıtmışlar. Bunlar aşağıdakılardır - Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII əsr), Malatkeşin kəndindəki Məscid (XIX əsr), Qırıq Muşlan kəndindəki Məscid (XIX əsr),   Muşlan kəndindəki (Məscid (XIX əsr), Rəzdərə kəndindəki Məscid (XIX əsr),Xanazor və Yeməzli kəndlərindəki Alban kilsəsi;. Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi; Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.


27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşlər Sərhəd Qoşunlarının Komandanlığı altında başladı və artıq Oktyabr ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi.


Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyi dövlət tərəfindən qiymətləndirilərək, 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.


Ötən ilin dekabr ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna 3 səfər etmiş Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunmuş və qısa müddətdən sonra keçmiş köçkünlər geri qayıdacaqdır.


İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə  Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək.


Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcəkdir. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçiriləcəkdir.


İşğaldan azad olunmuş Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcəkdir.


Zəngilan ərazisindən çəkiləcək Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti vardır. Çünki bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaqdır.


Eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması müddəa kimi qeyd edilmişdir. Dəhlizin açılması isə uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcəkdir. 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, daha sonra isə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.


Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri də Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Zəngilan məscididir. Bildiyiniz kimi, işğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərimizin erməniləşdirilməsinə çoxsaylı cəhdlər göstərilmişdir. Erməni barbarları buna nail olmadıqda isə onları dağıdıb və təhqir ediblər. Yüksək zövqə və erudusiyaya malik olan Mehriban xanım Əliyeva digər dağıdılmış tarixi abidələr kimi, Zəngilan məscidini də, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun himayəsi altında yenidən “həyata” qaytaracaqdır.

Loading...
Loading...